Media Mərkəzində Azərbaycanın “Şərq tərəfdaşlığı” ölkələri viza rejiminin müqayisəli təhlilinin təqdimatı keçirilib. Sənədi  miqrasiya sahəsində ekspert, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev hazırlayıb.

Sənəd Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) Azərbaycan Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) dəstəyilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

Layihənin işçi qrupunun rəhbəri Yaşar Cəfərli qeyd edib ki, proqramda məqsəd Azərbaycanın Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi işinə yardım göstərməkdir.

Ə.Əliyevin sözlərinə görə, Aİ ilə viza rejiminin sadələşdirilməsi üçün Azərbaycanın sərhədlərinin təhlükəsizliyini möhkəmləndirmək, bu sahədə idarəçiliyi təkmilləşdirmək, miqrasiya proseslərini tənzimləmək və readmissiya haqqında sazişi imzalamaq lazımdr.   Readmissiya haqqında saziş sadələşdirilmiş viza rejiminin tətbiqində əsas elementdir.  

Bu məsələdə Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının digər iştirakçılarından – Ukrayna, Gürcüstan və Moldovadan geri qalır.

Readmissiya başqa ölkələrdə qeyri-leqal miqrant kimi olan vətəndaşların qaytarılması ilə bağlı dövlətlərin üzərinə öhdəlik qoyur. Bundan əlavə, dövlət Azərbaycan vasitəsilə Avropaya gedən əcnəbiləri də qaytarmalıdır.

Eyni zamanda ölkə vətəndaşları sadələşdirilmiş viza rejimindən üstünlüklər əldə edəcəklər. Belə ki, Şengey zonası ölkələrinə vizanın qiyməti 60 avrodan 35 avroya  kimi azaldılacaq. Qalma müddəti isə yarım il ərzində 90 günədək təşkil edəcək.

Sadələşdirilmiş rejim müraciətə 10 gün ərzində baxılmasını və sənədlərin siyahısının azaldılmasını (bank hesabı, daşınmaz əmlak haqqında və s. məlumatlar olmadan) nəzərdə tutur.

Sadələşdirilmiş rejim Azərbaycana turist axınının artmasına səbəb olacaq.  Belə ki,  2010-cu ildə Azərbaycana 1 mln. 400 min əcnəbi gəlib. Onların yarısı İran və Gürcüstan vətəndaşlarıdır. Readmissiya haqqında sazişə malik olan Gürcüstana təkcə Avropadan 1 mln. nəfər gəlib.

Əliyev readmisiya haqqında dövlət strategiyasının hazırlanması üzərində işin sürətləndirilməsini və Aİ ölkələri ilə sadələşdirilmiş viza rejiminin tətbiqini zəruri hesab edir.

Comments are closed.