Hafiz Mirzə

Roman bir çox tarixi həqiqətlərin üzərinə parlaq işıq salır

  Erməni və müsəlman xalqları arasında ötən əsrin əvvəllərində başlamış qanlı toqquşmadan bəhs edən çox əsərlər yazılmışdır. “Difai fədailəri” romanı bu barədə həqiqətləri bütün çılpaqlığına qədər incələməsinə görə onu tarixi monoqrafiya kimi də dəyərləndirmək olar. Bədii məziyyətlərinə görə zatən tezliklə unudulası əsər deyil. Tarixi sənədlərin əsasında yazılmış və maraqlı bədii obrazlarla zəngin olan bu əsərdə müəllif erməni vəhşiliklərini elə dolğun tablolarla əks etdirib ki, məncə ürək xəstələrinin onu oxuması məsləhət deyil. Sanki oxucunun gözləri önündə qələmlə çızılmiş bir dəhşət filmin nümayişi başlanır. Amma bu “film” həm də sadə, əliyalın bir xalqın qəhrəmanlıq eposunu xatırladır. Burada Azərbaycan barədə çox sözlər deyilir. Hamısı da gözəllikdən, ucalıqdan, humanizmdən və mərdlikdən xəbər verir. Təbiətin qız gözəlliyinin qoynu ilə irəliləyən və atların nal və zınqırov səsləri ilə həmahəng musiqi ritmləri ifa edən dilican Azərbaycanın dilbər guşəsi Qrabağın qənirsiz gözəli Şuşaya tələsir. Belə dilicanlar geriyə dönərkən bir vaxtlar apardığı yeniyetmə oğlan uşaqlarını yetgin mütəxəssis, nurlu sima, elmli ziyalı kimi geri qaytarır. Romanın ilk obrazı kimi təsvir edilən yollar və dilican bu yerlərə elm-təhsil ziyası gətirir. Dilicanda təsvir edilən şəxslərin hər biri əsərin gələcək hadisələrinə ipucu verir. Əhməd bəy Ağaoğlu Şuşa və Tiflis gimnaziyasından sonra Parisdə, Sarbonna universitetində hüquq təhsili almış, bir neçə Avropa dilini öyrənmiş, müxtəlif elmlərə vaqif olmuşdur.
Valideynlərinin ölümündən xəbərsiz olaraq doğma yerlərə dönən Əhməd bəy bir müddət burada qalmağa, ailə təsərrüfatını qaydasına qoymağa məcbur olacaq. Sonra isə onu xalqının ziyalanması və tamamilə erməni qətliamından qorunması yollarında məşəqqətli, qəhrəmanlıq və müdriklik dolu çətin bir həyat gözləyir. Vaxtı ilə gimnaziyada onun kimi müsəlman balalarının təhsil-savad almasına imkan verməyən erməni keşiş Nikol isə Şuşaya növbəti nifaq toxumlarını səpməyə gedir. Dilicanın digər sərnişini olan Kərim bəy Mehmandarov həkimdir və xalqının sağlamlıq keşiyində durmaq onun həyat amalıdır. Sonralar o bir fəal Difai üzvü olacaq. Bilal isə sürgündən qayıdır. Onun dədə-baba torpağında ermənilər kilsə tikdirmək istərkən torpağının müdafiəsinə qalxmış və tutulub Sibirə sürgün edilmişdi. Qayıtdıqda artıq hər şeyini: torpaqlarını, sevimli bacısını və sevgilisini itirmişdir. Onun içində rus çarizminin ayrı-seçkilik siyasətinə qarşı nifrət və mübarizə eşqi alovlanır. Sonra o Şüşada erməni-müsəlman davası zamanı xalq qəhrəmanı kimi çıxış edəcək. Fransız qonaq tacirdir. Onu bu yerlərə erməni Levon Qarabağ xalıları ilə şirnikləndirərək dəvət etmişdir. Yəqin ki, ona Azərbaycan xalılarını erməni sənət nümunələri kimi sırıyacaq. Şuşa komendantı Qolaşarovun xanımı Anna da müsafirlərin arasındadır.
Ərinin yanına gələn bu rus zadəganı sonralar Qolaşarovun erməni qadınları ilə ifrat isti münasibətlərindən, türklərə qarşı haqsız nifrətindən zinhara gəlib Bakıya köçəcək və burada Azərbaycan həqiqətlərini müdafiə edəcək. Bu dilican əsərdə ixtişaşlara doğru irəliləyən Azərbaycanın obrazlı təsviridir. Ölkəni milli münaqişəyə sürükləyən isə rus çarizmidir. Xristian təəssübkeşliyini əsas tutaraq erməniləri açıq-aşkar müdafiə edib, Azərbaycan türklərini dalana dirəyən hökumət milli ədavət salmaqla guya ki, ölkəni siyasi ixtişaşlardan yayındırmaq istəyir, amma erməni-müsəlman davasının sonunda siyasi mübarizəyə çevriləcəyi artıq tarixi labüdlükdür. Əhməd bəy inqilab beşiyi Avropada təkcə elm və təhsil deyil, həm də siyasi dərslər almışdır. Bu dərslər onu millətini inkişafa doğru aparmağa səsləyir. O, Parisdə Qərblə Şərqin fundamental fərqlərini batili fərqlərə qədər dərk edə bilir. Amma heç vaxt Şərqi, öz dinini və milli dəyərlərini qərblilərin ayağına vermir. Əksinə, öz şəxsində və çıxışlarında avropalılara əsil İslamı tanıdır. Məşhur fransız filosoflarından dərs almaqla yanaşı, onlara da bir əfqan dərvişinin düşüncə və bilik səviyyəsi ilə dərs verir. Lakin ölkəsində onu gözləyən həqiqətlər bəşəriyyətin elit səviyyəsindən çox aşağıdır. Burada həmvətənlərinin ən sadə insani haqları da tapdalanır, hökumət gəlmə xalqı yerli xalqın təpəsinə çıxardır. Amma xalq sarsılmır. Əhməd bəy dədə-baba qaydası ilə ailə qurmaqdan ötrü Sitarənin valideynlərinin xeyir-dua verməsini daha əsas tutur və gələcək qaynanasını yola gətirməkdən üçün hətta sevgilisinin dayısını yola gətirməyi qərar verir və uzaq Peterburqa yollanır. Lakin onun xalqı da azadlığa aşıq olmuşdur.
Onun vüsala qovuşması üçün isə heç uzağa getmək lazım deyil, xalqı özünə qaytarmaq, oyatmaq, marifləndirmək milli birliyə nail olmaq lazımdır. Buna görə də Əhməd bəy millətin maariflənməsi istiqamətində konkret və radikal addımlar atmağa başlayır. Onun əqidə yoldaşları Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov da bu sahədə mücadilə verir. Bakıda o əvvəlcə “Kaspi” qəzetində çalışır. Sonra Bakı şəhər dumasına üzv seçilərək fəaliyyətini daha da genişləndirir. Artıq Bakını erməni vəhşilikləri bürümüşdür. Müsəlmanlar onların cavabını daha sərt qaydada verməkdən çəkinmirlər. Erməni və türk məhəllələri arasında silahlı qarşıdurmalar daha da şiddətlənir və bütünlüklə ölkəni bürüyür, insanlar öldürülür, evlər, dükanlar, hətta neft mədənləri yandırılır. Erməni qoçularının, Amazaspın, Lalayanın və digərlərinin başçılığı ilə erməni quldur dəstələrinin törətdiyi vəhşiliklər əsərdə elə dolğun təsvir edilir ki, oxucu bütün bunları sakit oxuya bilməyəcək.Amma hökumət yenə də birtərəfli və qərəzli mövqe tutur. Ermənilər bütün bunlara görə yalnız müsəlman türkləri qınayır və mərkəzə bu cür yanlış məlumatlar göndərirlər. Peterburqda fəaliyyət göstərən ermənilər də bu sahədə qızğın fəaliyyət göstərir, hökumətə yanlış məlumatlar verirlər. Məqsəd türklərin Bakıdan deportasiya olunmasıdır. Belə bir vaxtda Əhməd bəy və dostları Hacı Zeynalabidin Tağıyevin də iştirakı ilə əks tədbirlər tökür və Peterburqa nümayəndə heyəti göndərirlər. Xarici İşlər Nazirliyində xarici ölkə səfirlərinin də iştirakı ilə keçirilən görüşdə Əhməd bəy və dostları əsil həqiqiətləri, müsəlman türklərin mədəni və elmi səviyyəsini göstərir və talanları əslində kimin törətməsini onlara sənədlərin dili ilə sübut edərək Bakını xilas edir. O eyni zamanda Qafqaz canişini ilə görüşüb türk dilində yeni bir qəzetin buraxılmasına razılıq alır.
Millətin Əhməd bəy Ağaoğlu kimi övladları olmazdısa bütün Qarabağda, Zəngəzurda, Yelizavetpolda (Gəncədə), İrəvanda baş alıb gedən erməni talanları, qırğınlar onu tamam məhv edib tükəndirə bilərdi. Azərbaycanın müxtəlif yerlərində baş verən erməni vəhşilikləri, haqsızlıq, namərdlik, əclaflıq, zülm və talançılıq Azərbaycan türkləri arasından təbii qaydada Difai fədailərini yetişdirir. Malıbəyli, Sırxavənd, Umudlu və digər kəndlərdə ermənilərin törətdiyi vəhşilikləri Sabir bəy elə dolğun təsvir etmişdir ki, bunları sakitçə və bir dəfəyə oxumaq mümkün olmur. Sırxavəndli Şirəli kişinin bir oğlu Şuşaya köməyə getmişdir. Digər iki oğlunu ermənilər oğurlamışlar. Atasının yalvar-yaxarından sonra uşaqları qaytarırlar. Amma başları kəsilmiş və payaya keçirilmiş vəziyyətdə. Ananın ürəyi partlayır, ata isə sonra özünü asır. Mirəli bunun hayıfını almaqda haqlı deyilmi? Ermənilərin yaşadığı Heyvalı kəndi ayağa qalxmış digər türk kəndlərinin intiqamından qorxub qaçır, gəlib Umudlu kəndinə sığınır. Burada onlara rəhm edir, hər kəs öz evində gizlədir. Hətta intiqam üçün gələn türklərlə mübahisə də edirlər. Amma 10 gün sonra eyni vəziyyətə Ümudlu sakinləri düşür. Onlar Tərtərə Heyvalıdan keçərək getmək istəyirlər. Amma 10 gün əvvəl ölümdən qoruduqları Heyvalı erməniləri, onlara xəyanət edir, ələ verirlər. Nəticədə bir kəndin sakinləri büsbütün öldürülür, qocaların başı kəsilir, hamilə qadının qarnı yırtılır, körpəsi çıxarılıb təpiklənir, meyitlər yandırılır,.. Bunları görən Cəmil nişanlısı Ayçiçəyi qorumaq üçün buradan qaçır, amma çayda tiri tutaraq ermənilərdən gizlənərkən, Ayçiçək suda batır. Cəmilin qışqırığı, ağlaması, hayqırtısı bir qurd ulaması kimi ətraf kəndlərdə eşidilir. Cəmil bir Difai döyüşçüsü olaraq intiqamını almaya bilərmi?
  Artıq Difai döyüşçüsü olan Cəmilin bir gün Ağdam məsçidinin qarşısında Həmidə xanım Cavanşirin dəstəsilə gəlmiş bir döyüşçü ilə – Ayçıçəklə qarşılaşması cəhnəsi də çox təsirli yazılmışdır və sakit oxumaq mümkün deyil. Umudlu itlərinin erməni oğrularını kəndə buraxmaması da yazıçının ustad qələminin məhsuludur.
  Bakı və Qarabağla yanaşı Quba, Naxçıvan və Lənkəran da qan içindədir.
  Türk dilində “Əkinçi”dən sonra 2-ci qəzet olan “İrşad”da Əhməd bəy hər gün müxtəlif qəzalardan aldığı dəhşət dolu xəbərləri, hökumətdən narazılıqları və özünün şərhlərini dərc etdirir. Amma bununla hər şeyin düzəlməyəcəyinə əmin olaraq, o bir intiqam təşkilatı yaratmağa doğru hər gün bir addım atır. Bu təşkilat “Difai”dir. Məmməd Əmin Rəsulzadə və Doktor Nərimanla da görüşləri onu solçuluğa -“Hümmət”çiliyə deyil, millətçiliyə və intiqama səsləyir. On minlərlə insanın qırılmasından, kəndlərin, şəhərlərin məhv olmasından sonra çar canişinliyinin Tiflisdə sülh yaratmaq cəhtləri əbəsdir. Çünki iki xalqı bir-birinə onlar düşmən etmişlər. Əhməd bəy və dostları burada erməni nümayəndələrini və çar hökumətini bir daha ifşa edir. Bu görüş bir həqiqəti təsdiq edir: düşmənin qarşısına eyni cür silahlı güc qoymaq! Bu məqsədlə də o, Yelizavetpolda (Gəncədə) müdafiə xarakterli, amma silahlı və hücum partiyası – Difaini yaradır. Milləti qorumaq üçün rusun, erməninin topuna, tüfənginə eyni cür güclə cavab vermək! Əks təqdirdə onları məhv edəcək, özləri üçün respublika yaradacaqlar. Gəncədən sonra Şuşada və Qarabağın digər yerlərində, eləcə də Bakıda Difainin təşkilatları yarandı. Varlılar xəlvətcə maliyyə köməkliyi göstərdilər. Müsəlman türklərə həqarət və xəyanət etmiş hər kəs, hətta eyni soy kökdən olanlar da cəzalanmağa başladı. Belə xainlərin sinəsindən asılan vərəqədə Difainin qərarı göstərilirdi.
Beləcə bu təşkilat bütün xainlərin, əsasən də erməni və hökumət nümayəndələrinin gözünü qorxutmağa, müsəlmanlardan çəkindirməyə, o cümlədən haqsızlığa və qətliama son qoymağa başladı. Umudlunun intiqamını əvvəlcə Cəmil aldı. Şuşa komendantı Koşalapovu da eyni hökmlə öldürdülər. Difai ölkənin hər yerində, hər kəndində yaradılır, milli birlik güclənir, bütün günahkarlar sərt və qəti cəzalarını alırdılar. Qafqaz canişinliyi Əhməd bəyi liberal düşüncəli bir yazar kimi tanıdığı, Difainin məramnaməsində qısasçılığa, hərbi birləşmə yaradılmasına və qətllərə çağrış barədə bir şey tapa bilmədiyi üçün onu ləğv edə bilmir. Amma Difai öz işini görməkdədir. Tədricən o özünün rəsmi məramına uyğun olaraq maarifçılık, hüquqi yardım və siyasi savadlanma işlərilə məşğul olur. Hətta hökumət idarələrinin görməli olduğu bir sıra işləri də o görür, insanlara yardım göstərir. Amma müsəlmanların təşkilatlanması da təhlükəli sayıldı və yerlərdə onlarca insan həbs olunub Həştərxana sürgün olundu. Bakıda axtarışlar, bəhanəli həbslər aparıldı. Belə bir zamanda təşkilatı durdurmaq və mühacirətə getmək lazım idi. Artıq onun çalışdığı “İrşad” qəzetində axtarış aparılırdı. Nəhayət qəzetin sahibi Hacı Zeynalabidin Tağıqev də bir müddət İstanbula yaşamağı məsləhət bilir. Mübarizəni orada da davam etdirmək olardı. Və oldu da. 1918-ci ilin 15 sentyabr tarixində Bakıya daxil olan Türk qoşunlarının başında Nuru Paşa ilə yanaşı Əhməd bəy Ağaoğlu və dostları da vardı. Əsərin qələbə sonluğu ilə bitməsi roman boyu hökm sürən ağırlığı müsbət və xoş məcraya yönəldir.
  Məhz Difai hərəkatı davam etmədiyinə görə də ermənilər bolşeviklərin əli ilə əvvəlcə Zəngəzuru, 80 il sonra isə bütün Qarabağı işğal etdilər.
  Erməni xislətinin iç üzünü, vəhşiliklərini, torpaq iddialarını, Rusiyanın ədalətsiz və qızışdırıcı mövqeyini, Azərbaycanın haqq mübarizəsini, münaqişənin tarixi köklərini bilmək, dünyaya çatdırmaq baxımından bu sənədli tarixi romanın ingilis, rus və digər dillərə tərcüməsi və Avropada yayılması ümummilli istəklərə, informasiya müharibəsində qələbəyə ən yaxşı töhvə olardı. Bunu rəsmi qurumlar edə bilməyəcəksə, kitabı nəfis şəkildə ərsəyə gətirən “Qanun” nəşriyyatı bacaracaq.
  Oxucu əmindir ki, Sabir Rüstəmxanlı ötən əsrin əvvəllərində dünyaya gəlmiş olardısa, Difai təşkilatını məhz o özü yaradar və ya Əhməd bəy Ağaoğlunun ən yaxın silahdaşlarından biri olardı. Buna görə də bu məqalənin adını “Sabir Rüstəmxanlının “Difai fədailəri” romanı” deyil, sadəcə, “Sabir Rüstəmxanlının “Difai fədailər” qoymağı daha münasib sandım. Səhv etmədiyimi onu tanıyanlar və romanı oxuyanlar təsdiq edəcək.

Comments are closed.