Mayın 20-də Filarmoniyada xalq şairi Sabir Rüstəmxanlının yaradıcılıq gecəsi qeyd edildi. Azərbaycan-Türkiyə Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən gecədə çıxış edən millət vəkili Rəfail Hüseynov şairin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Sabir Rüstəmxanlı şairliyi ilə yanaşı Azərbaycanın azadlıq aşiqlərindəndir: “

Sabir təkcə şairliyi ilə deyil, Azərbaycanın müstəqilliyi uğrunda çalışanlardandır. O yaşadığı dövrdə şəxsi maraqları deyil, Azərbaycanın milli maraqları uğrunda həqiqi döyüşən şəxs olub. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında xüsusi iz qoyan və müasir Azərbaycan ədəbiyyatı yaradan şairdir. O xalq şairi, millət vəkili olmaqla xalqın şairi, millətin vəkilidir.

Sabir Rüstəmxanlı hələ sovetlər dönəmində Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan və heç bir hədədən qorxmadan mübarizə aparan bir insandır. Sabir Azərbaycan ədəbiyyatında özünəməxsus məktəb yaradan bir insandır. Biz inanırıq ki bu yolda o yenə də davam edəcək və sonadək yolunda mübariz olacaq. Bu yolu getmək həddindən artıq çətindir. Bunun üçün ən azından Sabir doğulmaq lazımdır”.

Tədbirdə çıxış edən Türkiyənin Qazi Universitetinin professoru Çetin Elmas isə Sabir Rüstəmxanlının Azərbaycanın xalq şairi deyil, Türk Dünyasının milli şairi adlandırdı. Bildirdi ki, artıq Sabir Rüstəmxanlı yaradıcılığı Türk Dünyasında geniş yayılıb və bütün Türk Dünyası onu milli şair kimi qəbul edir. Sabir Rüstəmxanlının Bütöv Azərbaycan amalı uğrunda mücadilə apardığını deyən Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Abuzər Bağırov bildirdi ki, şairin amalı yalnız o taylı, bu taylı Azərbaycanı bir görməkdir.

Çıxışlardan sonra yaradıcılıq gecəsi tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam etdirildi.

Comments are closed.