Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının “Əbədi sevda” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə xalq şairinin qələm dostları, həmkarları, qonaqlar Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında, ictimai-siyasi fikir tarixindəki mövqeyindən, təqdim olunan yeni kitabının məziyyətlərindən söz açıblar.

Xalq yazıçısı, AYB sədri Anar: “Sabir Rüstəmxanlını 40 ildi tanıyıram, onun həm poeziyasını, həm publisistikasını, həm də ictimai fəaliyyətini ən yüksək dəyərlərlə qiymətləndirdiyim üçün bəzi məqamları vurğulamağa ehtiyac duyuram. Sabir Rüstəmxanlı ədəbiyyatımızda ümumxalq hadisədir, həm şair kimi, həm tarixi romanları, həm publisistikası, həm ictimai fəaliyyəti ilə ümumxalq hadisəsidir. Onun tarixi romanları bizim ədəbiyyatımızda böyük bir boşluğu doldurur. Bizim köklərimiz, əcdadlarımız haqqında illər boyu deyilməyən həqiqətlər bu romanlarda deyilir. Çox sevinirəm ki, Sabir siyasi, parlament fəaliyyəti ilə bərabər belə bir kitabı da ərsəyə gətirib. Şair kimi də o bir gün də qələmi yerə qoymayıb. Arzu edirəm ki, Sabir bundan sonra da Azərbaycan ədəbiyyatında, siyasi həyatında tam coşğunluqla fəaliyyətini davam etdirsin”.

“525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcid: “İndi toplaşdığımız “Natəvan” klubunda çox şövqlə apardığım, həvəslə idarə elədiyim tədbirlər olub. Belə azsaylı tədbirlərdən biri də məhz bugünkü təqdimat mərasimidir. Sabir Rüstəmxanlını uzun illərdir tanıyırıq, şeirlərini sevmişik. Onun ictimai-siyasi, eləcə də çoxşaxəli ədəb ifəaliyyəti ilə tanışıq. Bu gün təqdim olunan “Əbədi sevda” kitabında isə son illərin mənzərəsi öz əksini tapıb. Bu kitabı oxumuşam, bəzi misralar da yadımdadır. Biz Sabir bəyin yazdığı vətənpərvərlik şeirləri ilə böyümüşük. O şeirlərin bir neçəsini bu kitabda görmədim. Sabir bəydən soruşdum ki, niyə bu kitabda “Ana dilim” şeiri yoxdur. Bu kimi şeirlər bizim nəslin ruhuna bir sərinlik gətirib. “Əbədi sevda”da Sabir bəyin keçdiyi həyat yolu, xüsusən ictimai-siyasi fəaliyyəti barədə də qeydlər var. Sabir bəy həm də “Ömür” kitabı ilə bizim ictimai-siyasi şüurumuzda özünə yer eləyib, həmçinin millət vəkili kimi göstərdiyi fəaliyyəti ilə hamımızın yaxından tanıdığımız bir insandır. Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktını ilk imzalayanlardan biridir. Bizim əksəriyyətimiz məhz Sabir Rüstəmxanlının publisistikası, şeirləri, romanları ilə böyümüşük, dünyagörüşümüz formalaşıb. Onun vətənpərvərlik şeirləri ilə yanaşı, sevgi şeirləri də bizə doğmadır:

İlahi, sevgimə toxunma mənim,
Tək səni göstərir bu sirli güzgü.
Səni görüşünə Axirət günü
Nə payım olacaq sevgidən özgə?” 

Millət vəkili, publisist Elmira Axundova: “Sabir bəylə ötən əsrin səksəninci illərindən tanışıq. Sabir müəllim o insanlardan idi ki, mənə mənəvi ruh verdi, köməklik göstərdi, kitablarımı çap etdi. Mən Sabir müəllimə minnətdaram. Mənim jurnalistikaya yolumu açan Sabir Rüstəmxanlı və Anar olub. Çünki o vaxt onlar mənə inanıb qələmimə yol verdilər. “Azərbaycan” qəzeti vasitəsilə Sabir müəllim həyatımda böyük rol oynadı. Ondan sonra mənə daha böyük üfüqlərə, beynəlxalq jurnalistikaya yolum açıldı. Sabir müəllimin yaradıcılığına bələdəm. Əslində şeiri anlamıram, o qədər də şeirlə aram yoxdur, amma Sabir müəllimin kitabını vərəqləyəndə oxuduqca oxumaq istəyirsən. Sabir müəllimin cavanlığını xatırladıqca onun Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu ilə birgə dostluqlarını yadıma salıram. Həmişə bir yerdə idilər. Biz onlara üç muşketyor deyirdik. Yadımdadır ki, onlar həmişə necə izdihamlı auditoriya yığırdılar. Doğrudur, Sabir Rüstəmxanlı ictimai-siyasi fəaliyyəti ilə də həmişə diqqət mərkəzindədir, amma Sabir Rüstəmxanlı məhz öz kitabları ilə tarixdə qalacaq. Sabir Rüstəmxanlı yazmadan yaşaya bilməz. Bu onun həyat tərzidir. Arzu edirəm ki, həyatının bütün anlarında bu həyat tərzi belə davam etsin”.

AYB sədrinin müavini Nazim İbrahimov: “Sabir Rüstəmxanlı həm şair, həm yazıçı, həm publisist, həm ictimai xadim, həm də naşir kimi öz yolunu, öz cığırını açmış adamdır. O nə qədər başqa fəaliyyətlərə vaxt ayırsa da, heç vaxt qələmini yerə qoymayıb. Nə yaxşı ki, qoymayıb, çünki əvvəl-axır ona qalan qələm olacaq”.

Şair Çingiz Əlioğlu: “Sabir Rüstəmxanlının istər vətəndaş kimi, istərsə də yaradıcılıq baxımından amplitudasını müəyyən eləmək üçün ilk növbədə onun doğulub-böyüdüyü Hamarkəndi görmək lazımdır. O kənddən baxanda bütün Azərbaycan görünür. Mənə elə gəlir ki, hətta oradan Gəncəni də, Dərbəndi də, Borçalını da görmək mümkündür. Çünki orada elə bir qəribə genişlik var. Burada təkcə gözün işlədiyi məsafədən söhbət getmir. O torpağın, o məkanın, o arealın verdiyi mənəvi gücdən söhbət gedir. O mənəvi gücün imkanı ilə bütün Azərbaycanı görmək olur. Məhz buna görə də Sabir bəyin bütün həyatının qayəsi, bütün yaradıcılığı Azərbaycan adına, bu adın ucalığına, mənəviyyatının, mədəniyyətinin inkişafına həsr edilmiş bir ömürdür. Sabir Rüstəmxanlı həmişə öz obyektivliyi, fərdi yanaşması və təmkini ilə seçilib. Bu da onun böyüdüyü torpağın mənəvi gücü ilə bağlayıram. Sabir bəyin mərhum atasının dəfnində iştirak edirdim. Sabir bəygil doqquz qardaşdırlar. Bu qardaşların atalarının məzarı başında halay vurub yallı getmələri yadımdadır. Mən həyatımda ilk dəfə belə bir mənzərə görürdüm. İnanın, bu mənzərə mənə o qədər güclü, qəribə təsir bağışladı ki, mən mənəvi və fiziki olaraq məzarı başında oğlanları yallı gedən o atanın gücünü, böyüklüyünü hiss elədim. Sabir Rüstəmxanlı məhz belə bir atanın gen daşıyıcısıdır. Mən fəxr edirəm ki, ədəbi yaradıcılığa başladığım ilk dövrlərdən urcahıma çıxan və bu günə qədər də  dostluq elədiyim insanlardan biri və birincisi Sabir Rüstəmxanlıdır”.

Şair Musa Yaqub: “Sabir Rüstəmxanlının milli azadlıq mücadiləsində ən böyük xidməti intellektual azadlıq hərəkatı aparması olub. Bəlkə də Sabir olmasaydı, o hərəkat başqa məcraya yönələrdi”

Millət vəkili Fazil Mustafa: “Sabir Rüstəmxanlı imzası son qırx ilin Azərbaycan ədəbiyyatı tarixində, şübhəsiz, ən çox istinad edilən adlardan biri olacaq. Bu ad həm də Azərbaycanın ikinci müstəqillik dönəminin bütün parlaq səhifələrində əvəzsiz bir dəyərə sahibdir”.

Şair Rüstəm Behrudi: “ Sabir Rüstəmxanlı söz, fikir, düşüncə adamı olduğu qədər də elə savaş adamıdır. Elə bir savaş adamıdır ki, ömür bitəcək, o savaş bitməyəcək. Bu savaşdan nə vaxtsa hamı çəkilə bilər. Sabir Rüstəmxanlı bu savaşın son mogikanıdır”.

Professor Cəmil Həsənli: “Əbədi sevda” kitabı Sabir Rüstəmxanlı yaradıcılığının müəyyən bir dövrünün ədəbi yekunudur. Çünki burada Sabirin keçdiyi ömür yolunun bütövlükdə mənzərəsi əks olunub. Burada onun tənhalığı da, bayrağın kölgəsinə sığındığı məqamlar da, onun dostları ilə ucaldığı anlar da, Avstraliyadan tutmuş Amerikaya qədər böyük bir coğrafi məkanda hərəkət trayektoriyası da var. Mənim üçün Sabir Rüstəmxanlının yaradıcılığının bir özəlliyi də tarixlə bağlılığıdır. Sabir təkcə şeir, yazmayıb, eyni zamanda bizim tarixmizi də yazıb. Məsələn, “Gəncə qapısı” bunun çox gözəl bir nümunəsidir”.

Millət vəkili Asim Mollazadə: “Onun bütün yaradıcılıq yolu sevgi ilə, sevda ilə bağlıdır. Bu sevgi Azərbaycana, millətə, bəlkə də onun ilham pərisinədir. Bütün hallarda Sabir sevgisiz yaşaya bilməz. “Əbədi sevda” da məhz bu sevginin nəticəsi kimi ərsəyə gəlib”.

Millət vəkili Qənirə Paşayeva: “Sabir Rüstəmxanlı həyatda da poeziyasında göründüyü kimidir. Onun ən böyük xidmətlərindən biri də milli azadlıq mücadiləsində öndə getməsidir”.

Tənqidçi Vaqif Yusifli: “Sabir Rüstəmxanlının bütün yaradıcılığnda vətən şeirləri üstünlük təşkil edir. Bunu onun yaradıcılığını sevənlər də təsdiqləyə bilərlər və onun “Vətən”, “Təbriz xiyabanı”, “Qan yaddaşı”, “Şairlik nəyimə gərəkdir mənim”, “Azərbaycan ürəyi” şeirlərinin adını çəkərlər”

Tənqidçi Əsəd Cahangir: “Sabir Rüstəmxanlının yaradıcılığı haqqında tənqidiçi kimi danışmaq mümkün deyil. Çünki onun yaradıcılığı tənqidin fövqündə dayanır. Mən həmişə fəxr eləmişəm ki, mənim millətimin Sabir Rüstəmxanlı kimi şairi var”.

Professor Vaqif Arzumanlı: “Mən bu gecə İraqdan qayıtmışam. Bir həftə idi ki, İraqın paytaxtı Bağdad şəhərində tədbirdə iştirak edirdim. Mən elə həmin tədbirdə də türkman şairlərinin Sabir bəyə məhəbbətinin əyani şahidi oldum. Sabir bəyin təkcə elə Cavad xan haqqında yazdığı əsər indiyə qədər Cavad xan haqqında yazılanlardan, hətta tarixçilərin yazdıqlarından da çox-çox üstündür. Onun “Difai fədailəri” romanı isə müstəsna əsərdir”.

Gənc yazar Pərvin Nurəliyeva: “Gənc Ədiblər Məktəbində Sabir müəllimlə görüş keçirilən zaman onun istedadlı gənclərə qayğıkeş münasibətinin şahidi oldum. O görüşü hələ də xatırlayıram. Çünki bizi hələ indiyə kimi heç kəs onun qədər bədii yaradıcılığa həvəsləndirməmişdi. O yazıçılıq haqqında o qədər sadə izahat vermişdi ki, o görüşdən çıxanda hər birimiz özümüzü yazıçılığa iddialı hiss eləmişdik”.

Sonda Sabir Rüstəmxanlı təqdimat mərasimində iştirak edən hər kəsə minnətdlarlığını bildirib və yeni şeirlərini oxuyub.

Comments are closed.