“Polis işçiləri siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür”. 

Bu sözləri, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı partiyasının Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbsi ilə bağlı mətbuata açıqlamasında deyib. 

Polislərin davranışlarından şikayətlənən S.Rüstəmxanlı “heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar” deyib: “Hadisənin bu qədər böyüməsi polis işçilərinin mədəni səviyyəsinin aşağı olmasından irəli gəlir. Həmin hadisə ilə bağlı məhkəmə prosesinə getdim. Həmin vaxt da məhkəmə binasının qarşısında bir neçə polis işçisi dayanmışdı. Siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür. Heç olmasa, döşümdəki deputat nişanına görə də özlərini yığışdırmadılar. Onların adi vətəndaşla necə davrandıqlarını təsəvvür etmək o qədər də çətin deyil”. 
S.Rüstəmxanlıya müraciət edib polislərin qeyri-etik davranışları ilə bağlı Daxili Işlər Nazirliyinə müraciət edib-etməyəcəyini soruşduq. VHP sədri bildirdi ki, mətbuata verdiyi bu açıqlama elə açıq məktub anlamına gəlir və aidiyyəti qurumlar bundan nəticə çıxarmalıdır: “Mətbuat əslində elə hamıya açıq məktubdur. Əgər mətbuatda bir yazı çıxırsa, bundan hamının xəbəri olur. Nazirlər də bu xalqın bir parçasıdır. Mən mətbuatda sözümü demişəmsə, demək elə ora ünvanlayıram. Bundan ötrü ayrıca məktub yazmağa heç ehtiyac da qalmır. Nazirlik bu məsələni izləyir, bu açıqlamadan da nəticə çıxarmalıdır”. 

Xatırladaq ki, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov ötən həftə polis tərəfindən saxlanılıb. Iyunun 3-də axşam saatlarında polis əməkdaşları N.Qubadovun evinə gəlib və axtarış keçirəcəklərini deyiblər. N.Qubadov polisdən məhkəmə orderinin olub-olmadığını soruşduqda mübahisə yaranıb. Daha sonra o, rayon polis şöbəsinə aparılıb və haqqında məhkəmə tərəfindən 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Qubadov Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanmış cinayət işi əsasında saxlanılıb.

Azadliq.İnfo

Comments are closed.