Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xanımlarına təbriki .

 

Əziz xanımlar, analar və bacılar!

Sizlərin hər birini 8 mart Beynəlxalq Qadınlar Günü münasibət ilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik arzulayıram.

Tarixən türk qadını öz layəqati, əzmi və sədaqəti ilə ailənin, ərin yanında olub. Lazım gəldikdə mənəvi, lazım gəldikdə isə at belində, qılınc qurşanaraq yurdun, obanın və namusun müdafiəsinə qalxıb.

Türk heç zaman xanımının haqqını əlindən almayıb, əksinə, qızın ər seçimində öz istəyinin nəzərə alınmasından tutmuş dövlətin idarə edilməsində səs hüququna qədər, hər sahədə xanım evin, ailənin və bütövlükdə cəmiyyətin əsas söz sahiblərindən biri olaraq qiymətləndirilib. Təsadüfü deyil ki, Ağqayunlu imperatoru Uzun Həsənin anası Sara Xatun Şərqin ilk diplomat qadını kimi tarixə düşüb.

Yalnız türk təfəkküründə “Ana haqqı Tanrı haqqı” sayılmışdır.

İllərlə işğal altında yaşayanda milli varlığımızı yaşadan Azərbaycan xanımları, Azərbaycan anaları olmuşlar: onlar min illərlə formalaşmış ənənələri özlərindən sonrakı nəslin yaddaşına köçürmüşlər, dilimizi, əski dinimizi, inanc və imanımızı qorumuşlar.

İlk fürsətdəcə başlayan milli azadlıq hərəkatında isə xanımlarımız yenə ön sırada, qardaşlarının, yoldaşlarının yanında olmşlar. Bu gün milli azadlığımızın varlığında, milli kimliyimizin qorunmasında Azərbaycan xanımlarının rolu müstəsnadır. Hazırda ölkəmizdə vətəndaş cəmiyyəti qurulmasında xanımlarımızın tutduğu mövqe, icitimai-siyasi həyatımızdakı aktivlikləri də xanımlarımızın cəmiyyətdəki rolu və nüfuzunun göstəricisidir.

Əziz xanımlar!

Bir daha sizləri səmimi qəlbdən təbrik edir, sizlərə xoşbəxtlik, ailə səadəti arzulayıram.

Comments are closed.