Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı milli bayram – müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizləri Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Düz 95 il bundan əvvəl, Zaqafqaziya Demokratik Federativ Respublikasından erməni separatizminə və qonşularına qarşı ərazi iddialarına görə çıxmağa məcbur olan Gürcüstandan iki gün sonra, 1918-ci il mayın 28-də çox çətin siyasi şəraitdə Tiflisdə toplanan Azərbaycan Milli Şurası dövlətimizin müstəqilliyini elan etdi. Həmin dövrdə Bakı daşnak-bolşeviklərin işğalı altındaydı, Zəngəzur və Qarabağla erməni silahlı qüvvələri dinc əhaliyə qarşı soyqırım həyata keçirir, tarixi dədə-baba torpaqlarımızı mənimsəmək üçün Rusiyanın yardımından istifadə ilə qətliamlar törədirdilər.

Paytaxt kimi  Gəncəni seçən Azərbaycan Milli Şurası torpaqların işğaldan azad olunması və dövlət quruculuğu prosesinə başladı. Bakı işğaldan azad edildi, qısa müddətdə formalaşan Azərbaycan Milli Ordusu Zəngəzurda və Qarabağda silahlı separatçılara qarşı uğurlu əməliyyatlar apardı. 1918-ci ilin sentyabrında artıq paytaxtı Bakı olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv kilometrlik ərazisi vardı və Cümhuriyyət yaşadığı müddət ərzində məhz bu ərazi ilə dünyanın ən böyük 20 dövləti tərəfindən rəsmən tanınmışdı.

Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay Azərbaycanın taleyini həll etdi: Bakının beynəlmiləl şəhər-dövlətə çevrilməsi, Qarabağın, Naxçıvanın Azərbaycandan qoparılması siyasəti iflasa uğradı. Əlbəttə, Zəngəzur da daxil olmaqla Meğri, Vedibasar, Göyçə kimi dədə-baba torpaqlarımız ikinci dəfə SSRİ qismində təşəkkül tapan Rusiya imperiyasının müdaxiləsi ilə Ermənistana verildi. Amma Azərbaycanı daha dəhşətli aqibət gözləyirdi və bu acınacaqlı taledən bizi məhz Xalq Cümhuriyyətinin mövcudluğu xilas etdi.

Növbəti dəfə başlayan və 70 il davam edən Rusiya işğalının sona varmasının və ötən əsrin 80-ci illərinin sonundan başlayan Milli Azadlıq Hərəkatının ideoloji bazasında da Xalq Cümhuriyyətinin idealları dayanırdı. İyirminci əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan, daha doğrusu, 1918-ci ildə qaldırdığı bayrağı bir daha başı üzərində dalğalandıran Azərbaycan AXC-nin hüquqi varisi kimi öz iradəsini təsdiqlədi.

Bu baxımdan 28 may – millətimizin şərəf və qürur tarixidir; bu tarixi yaradan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşi və s. daxil olmaqla 44 nəfərlik Milli Şura üzvləri xalqımızın ən böyük sevgisinə və sayğısına layiqdirlər. 

Əziz həmvətənlərim!

Sizləri Müstəqillik Günü münasibəti ilə bir daha qutlayır, dövlətimizə əmin-amanlıq, rifah, özgürlüyümüzün əbədi olmasını diləyirəm.

 

Sayğılarla,

Sabir Rüstəmxanlı

VHP sədri, millət vəkili

 

Comments are closed.