Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 65 yaşı tamam olmuşdur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ona təbrik məktubu ilə müraciət etmişdir. Məktubda deyilir: “Hörmətli Vaqif Arzumanlı, Sizin bir alim kimi Azərbaycan ədəbiyyatı və tarixi sahəsində, ictimai xadim kimi millətimizin dünyada tanınması istiaqamətində gördüyünüz  işlər xüsusi bir tarixi mərhələ təşkil edir desək, səhv etmərik. Siz ilk gəncliyinizdən elmə obyektivlik və milli vətənpərvərlik ruhu gətirmisiniz. Ədəbi əlaqələrimizin genişlənməsi, dünya ədəbiyyatının seçmələrinin ölkəmizdə və Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrinin ayrı-ayrı ölkələrdə tanıdılması sahəsində böyük əməyiniz olmuşdur. 1991-2002-ci illərdə rəhbərlik etdiyiniz Milli Münasibətlər İnstitutu, əslində, sizin bu sahədəki əvvəlki geniş təcrübəniz sayəsində qısa müddətdə dünyanın əksər ölkələri ilə sıx elımi, mədəni və ədəbi əlaqələr yarada bildi. Bu gün dünyanın əksər ölkələrində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının formalaşmasında həmin əlaqələr mühüm rol oynamışdır. Siz həmin işi bu gün həm Dünya Azərbaycanlıları Konqresində, həm də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində rəhbər kimi uğurla davam etdirirsiniz.

Hörmətli Vaqif Arzumanlı, Siz ədəbiyyatşünaslıq elmi sahəsində samballı əsərlərin müəllifisiniz.      

Siz 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifisiniz. 60-dan artıq elmi əsərin redaktorluğu və ön sözünün müəllifliyi də Sizə məxsudur. Bu gün də Siz ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edirsiniz, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmusunuz. Əlbəttə, bu sıranı daha da genişləndirmək olar. Buraya Sizin  “Elturan”(“Milli məsələlər”) və “Diasporun səsi”  jurnallarında və “Ədəbi Əlaqələr” toplusunda baş redaktorluğunuzu, “Qartal” nəşriyyatında direktoruluğunu da əlavə etmək olar.

Siz ilk gənclik illərində necə böyük enerji və istəklə çalışmısınızsa, bu gün də həmin enerji və istəklə fəaliyyət göstərirsiniz. Yaşın və illərin Sizin qurub- yaratmaq eşqinizə heç bir dəxli yoxdur. Əksinə, buraya Sizin ağsaqqallığığını və böyük təcrübəniz də əlavə olunub.

Əziz dostum, Sizi 65 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı və yaradıcılığınızda, ictimai fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram”.  

Comments are closed.