“Tanınmışların kitabxanası” layihəsinin bu həftəki qonağı xalq şairi, millət vəkili, Sabir Rüstəmxanlıdır. Millət vəkilinin kitabxanasını çəkmək üçün şəhərdə görüşüb, yaşadığı evə gəldik. Sabir bəyin kitabxanası evin ikinci mərtəbəsində olduğundan yuxarı qalxdıq.

 

Qonaq otağının ortasında stolun üstündə açıq qalmış kitabı görəndə düşündük  ki, evdə başqa kimsə var. Sonra aydın oldu ki, Sabir bəyin dünəndən oxuduğu kitab yarımçıq qalıb. Stolun üstündə türk dilində Samuel Huntigtonun “Mədəniyyətlər çatışması” kitabı da var idi, müəllifini tanımadığım Azərbaycanlı şairin şeir kitabı da. Bir sözlə, masadakı 10-dan çox kitabın heç birinin digəri ilə əlaqəsi yox idi. Söhbət əsnasında Sabir bəy özü də dedi ki, “kitablar bir-birinə qarışıb. Bir az səliqəsizəm. Ayrı-ayrı zamanlarda oxuduğum kitablar elə stolun üstündə qalıb. Elə kitabxanamda olan kitablar da qarışıq vəziyyətdədir. Boş zamanım olan kimi, kitabları gərək səliqəyə salım”.

Aristoteldən Ekoya qədər

Xalq yazıçısı ilə bir az söhbət edib, kitabxana olan otağa gəldik. Sanki otağın divarları da, döşəməsi də kitabdan idi. Otağın divarını boydan-boya qucaqlayan kitab rəfi dolub-daşırdı. Yer azlığından kitabların bir qismi döşəmənin üstünə düzülüb. Evin künclərində, küncə yaxın yerlərdə üst-üsə yığılan kitabların sayı 200-dən çox olardı. Kitab rəfində bir bölmə Azərbaycan və dünya ədəbiyyatı idi. Bu bölmədə olan kitablarının arasında  XII əsrdən, XXI əsrə qədər hər müxtəlif ölkələrdən olan şair və yazıçıların kitabları var. Nizami Gəncəvi, İmaddədin Nəsimi, Göte, Şekspir, Daniel Defo, Şah İsmail Xətai, Şoloxov, Fyodr Dostoyevski, Lev Tolstoy, Puşkin, Anton Çexov,  Rəşad Nuri Güntəkin, Qabriel Qarsiya Markes, İsmayıl Şıxlı, İsa Hüseynov və başqa onlarla şair və yazıçının kitabları düzülüb. Rəfdə səliqə ilə düzülən təkcə ədəbiyyat kitabları idi. Qalan rəflərin heç birində kitablar belə səliqəli yığılmayıb. Elə mövzu baxımından kitabların yerində də səliqəsizlik gözə dəyirdi. Hansı mövzüdan istəsən kitablar “bel-belə dayanıblar.”

Kitabların əksəriyyətini gözdən keçirməyə çalışdım. Fəlsəfə kitablarının hərəsi bir “dərədə” idi. Ancaq fəlsəfə kitablarının çoxluğu onları tez-tez qarşıma çıxarırdı. Aristotelin “Poetika” əsərindən tutmuş, Umberto Ekonun “Postmodernizm”inə qədər hər dövrdən olan filosofun kitablarına rast gəldik. Aristotel, Platon, Con Lokk, Hegel, Kant, Feyerbax, Nitşe, Marks, Albert Kamyu, Şopenhauer, Volter, Russo, Sartr,  Con Dui, Şpilberg və digər filosofların əsərləri ayrı-ayrı kitab rəflərində qalıb.

Evdə böyüklüyü ilə diqqət çəkən ensklopediyalar da var. Bu ensklopediyaların arasında müxtəlif mövzularla bağlı olanı da var, ümumi bilgiləri əhatə edəni də. Ensklopediyaların bir qismi sovet dövründən qalıb. Qalan ensklopediyalar isə, müasir dövrə aiddir. Azərbaycan dövlət ensiklopediyası, tarix ensklopediyası və s.

Türkiyə türkcəsində olan kitablar digər dillərdə olan kitablardan çox idi. Kitabxanada bu dildə olan kitabların arasında ədəbiyyatdan siyasətə, siyasətən psixologiyaya, bir sözlə hər  kitab tapmaq olar. Kitablara bir müddət baxdıqdan və gözdən keçirdikdən sonra, yenidən qonaq otağına qayıtdıq.

“SSRİ ölməyib, hələ də dərsliklərimizdə yaşayır”

Qonaq otağında xalq yazıçısı ilə söhbət edəndə dedi ki, kitab insanın həyatında olduqca əhəmiyyətlidir: “Kitab vətəndaşlığın əlifbasıdır.  Vətəndaşlığın əlifbası gələcəyin təməlidir. Bu hər zaman belə olub. Kitaba, ədəbiyyata hər zaman ehtiyac duyulub. Ancaq, bir şey var ki, hər dövrün ədəbiyyatı fərqli olur. İndi deyəcəyim faktda bir az paradoks var. Azərbaycan SSRİ-dən qopub müstəqil dövlət olub.  Ancaq SSRİ hələ də dərsliklərimizdə yaşayır. Dərsliklər bizim gənclərin şüurunu korlayır. Milli düşüncədən uzaq insanların şeir və bayağı əsərləri ilə şagirdləri niyə zəhərliyirlər? Azərbaycan ədəbiyyatında islahatlara orta məktəb kitablarından başlasaq əla olar. Düşünürəm ki, milli fikirli şair və yazıçılarımızın əsərləri orta məktəb dərsliklərinə salınmalıdır. Ramiz Rövşənin, Rüstəm Behrudinin, Afaq Məsudun, Seyran Səxavətin şeirlərini, Mənim “Ömür” kitabımdan seçmə hissələrin də dərslikdə olmasını və şagirdlərin oxumasını istəyərəm. Elə “Göy Tanrı” əsərim də milli düşüncəyə xidmət edir. Onu da şagirdlərə oxutmaq lazımdır. Şagirdlərimiz oxumalı və milli kimliyinə türklüyünə sahib çıxmalıdır. Bu hisslərin aşılanmasında ən böyük yük ədəbiyyatın üstünə düşür. Ümumiyyətlə, cəmiyyətdəki problemlərin yükünü şairlər, yazıçılar çəkməlidir.  Qələmləri  xalqa xidmət göstərməlidir. Keçmiş əsrlərdə şairləri sevdiklərinə görə saraylara yığmırdılar ki. Şairin qələmindən qorxduqları üçün saraya çağırıb göz qabağında saxlayırdılar. SSRİ-də saraya yığmadılar, amma sarayın yanında “Azərbaycan Yazıçılar Birliyi” qurdular və şairləri, yazıçıları ora yığdılar.  Sovetlərin nəzarətində olan, sovet ideologiyasını təbliğ edən yazıçılar milli düşüncədən kənardı. Sovetlərin təbliğatçısı olmuş, saray ədəbiyyatının təmsilçilərinin milli dövlətin ədəbiyyat kitablarında yeri yoxdur”.  

Xalq yazıçısı bədii ədəbiyyat da oxumağı sevdiyini deyir: “Son vaxtlar Orxan Pamukdan Murakamiyə qədər bir neçə müəllifin kitablarını oxumuşam.  Oxuduqlarımın arasında müasir ədəbiyyat  kitabları daha çoxdur. Ədəbiyyat insan ruhunu gözəlləşdirir. Gözəl ədəbiyyat hər şeyə dəyər. Ədəbiyyat insanların hisslərini  duyanda gözəl olur.  İnsanların hisslərini duyaraq yazılmış ədəbiyyat  ölmür. Çünki, insan hissi ölməzdir.  Məsələ orasındadır ki, insanların hisslərini hansı ədəbiyyat oyadır. Zövqlər korlananda bayağı ədəbiyyat da insanların hisslərini oyadır.  Söyüş söyməklə insanların diqqətini çəkmək istəyənlərin yazarlıqla əlaqəsi yoxdur. Söyüşlə yazılmış incəsənət nümunəsi olmaz. Söyüşün ədəbiyyata nə dəxli?”.

Millət vəkilindən saytımızın oxuyucularına hansı kitabları məsləhət gördüyünü soruşduq. Dedi ki, “Kitab məsləhət vermək bir az çətindir. Mənim bəyəndiyim kitabları çoxları bəyənməyə bilər. Kitab da incəsənətin bir növü olduğu  üçün insan zövqü, insan faktoru məsələsi burda da var. Ancaq istərdim ki, bizim cəmiyyət də kitab oxuyan cəmiyyətlərdən olsun. Cəmiyyyətlərin bir-birindən üstünlüyü intellektin üstündə qurulub, düşüncənin üstündə qurulub.  Düşüncədə üstün olmaq istəyən cəmiyyətlər kitab oxumaqda, maariflənməkdə üstün olmalıdırlar. Bayağı şeylərlə seçilən heç bir cəmiyyətə üstün cəmiyyət demək olmaz”.

Hazırladı: Tural Qurbanlı
ANN.Az

Foto qalereya

Comments are closed.