Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Rusiya Federasiyasında səfərdədir. Aprelin 27-də Sabir Rüstəmxanlı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində DAK İdarə Heyətinin üzvləri Abuzər Bağırov, Tahir Hacıyev, Oqtay Hüseynov və Mirəşrəf Fətiyev, eyni zamanda təşkilatın bu şəhərdəki fəalları ilə görüşüb. 
Görüşdə DAK-ın Rusiya Federasiyasında təşkilatlanması, sonuncu qurultaydan keçən müddət ərzində görülən işlər, qarşıda duran vəzifələr və s. məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra Sabir Rüstəmxanlı DAK-ın Rusiya nümayəndəliyinin yeni rəhbəri Tahir Hacıyevin qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 
Eyni zamanda həmin gün DAK həmsədri Moskva şəhərindəki digər Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə də görüşüb. Görüşdə DAK ilə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlığı, xüsusilə ümummilli məsələlərdə birgə hərəkət etməsi əsas müzakirə obyekti olub. 
Aprelin 28-də Sabir Rüstəmxanlı Sankt-Peterburq şəhərinə gedib. DAK həmsədri bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ziyalılar və Rusiya Federasiyasındakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Sankt-Peterburqdakı təmsilçiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və s. məsələlər geniş şəkildə müzakirə olunacaq. 
Aprelin 29-da DAK həmsədri vətənə dönəcək.

Comments are closed.