Noyabrın 4-də Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) 10-cu qurultayında Dövlət Baxçalı 725 səslə yenidən sədr seçilib. Baxçalının ən güclü rəqibi olan keçmiş nazir, Trabzon millət vəkili Koray Aydına 441 səs verilib. Səsvermə nəticələri açıqlandıqdan sonra qurultayın keçirildiyi Ankara Arena İdman Sarayında “Baxçalı başqandır” şüarları səsləndirilib. Qurultayda partiyanın 1240 üzvündən 1220 nəfəri səs verib. 6 səs etibarsız sayılıb.

Türkiyə mətbuatının yazdığına görə, Koray Aydın səslərin 5-də 1-ni qazandığı üçün  fövqəladə qurultay çağıra bilər. Lakin onun bu hüquqdan yararlanıb-yararlanmayacağı məlum deyil. Amma partiyada düşünürlər ki, yaxın zamanda bu barədə K. Aydın öz mövqeyini ortaya qoyacaq. 

Bundan əvvəlki qurultaylarda D. Baxçalının alternativi olmasa da, budəfəki qurultayda Baxçalının güclü rəqibi Koray Aydının 2003-cü ildə 137 səs topladığı halda bu il 441 səs toplaması olub. Türkiyəli ekspertlər hesab edir ki, bu səslər partiya daxilində müxalifətin güclənməsi ilə izah olunur. 

Türkiyə mediasında yazılanlara görə, D. Baxçalı çıxışı zamanı əsas rəqibini xain elan edib: “Bu gün başını qaldıran fitnə məqsədinə çata bilməyib. Partiyamızı içdən oymaq cəhdləri nəticəsiz qalıb. MHP-yə qarşı qurulan tələlər boşa çıxarılıb”.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan MHP-nin qurultayı günü çıxışı zamanı bəyan edib ki, təəssüf ki, Türkiyənin zəif müxalifəti var: “Qarşımızda millətdən qaçan müxalifət var. Türkiyədə həqiqətən, müxalifət problemi vardır”.

MHP-nin 10-cu qurultayına Azərbaycandan da qatılanlar olub. 

Partiyanın qurultayına dəvət alan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında bildirib ki, qurultay MHP-nin özünə yaraşan biçimdə, demokratik əhval-ruhiyyədə keçirilib və Türkiyənin bugünkü durumu və həqiqətlərini ortaya qoyub. Onun sözlərinə görə, qurultaya türk dünyasının müxtəlif bölgələrindən qonaqlar qatılmışdı: “Fikrimcə, təkcə Türkiyənin deyil, türk dünyasının problemlərini dilə gətirən çox möhtəşəm qurultay oldu. Sədr seçkilərində alternativ də var idi, iki nəfər – Koray Aydın və Müsavat Dərvişoğlu da namizəd idi. MHP-nin qurultayı normal keçdi, Dövlət Baxçalı yenidən sədr seçildi. 

S. Rüstəmxanlı D. Baxçalının rəqibi K. Aydının fövqəladə qurultay keçirib-keçirməyəcəyi məsələsinə də münasibət bildirib: “MHP-nin nizamnaməsinə görə, səhv etmirəmsə, namizədlərdən biri 400-dən yuxarı səs toplayıbsa həmin şəxs fövqəladə konqres çağırmaq təşəbbüsü qaldıra bilər. Amma düşünmürəm ki, K. Aydın belə bir təşəbbüs göstərəcək. Qurultay göstərdi ki, bütün fərqli düşüncə və alternativlərə baxmayaraq, MHP-nin bölünmək qorxusu yoxdur”. 

O, partiya daxilində müxalifətin güclənməsi barədə səslənən fikirlərə də aydınlıq gətirib: “O proses təbii ki, gedir, narazılar da var, partiya rəhbərliyində dəyişiklik olmasını istəyirdilər. Amma eyni zamanda bu, onu göstərir ki, MHP-də yetərincə yetkin adamlar var ki, onlar partiyanı idarə edə bilər. Bu, partiyanın gücünü göstərən olaydır. Partiyanın güclü olması onun parçalanması demək deyil”. 

Baxçalının 6-cı dəfə sədr postunu tutmasını qiymətləndirən S. Rüstəmxanlı deyib ki, bu, siyasi partiyanın iradəsindən asılı olan məsələdir: “Partiya üzvlərinin iradəsinə uyğun olaraq bu məsələlər nizamlanır, biz bu məsələyə müdaxilə edə bilmərik”.

VHP sədri onu da vurğulayıb ki, qurultay zamanı D. Baxçalının kiminsə ünvanına xoşagəlməz ifadə işlətdiyini eşitməyib. O, Türkiyə mətbuatında yer alan D. Baxçalının K. Aydının ünvanına xain sözü işlətmədiyini söyləyib: “Onların çıxışlarında bir-birinə qarşı ittiham eşitmədim, əksinə qurultay öncəsi D. Baxçalı rəqibinin dəyərlərini qaldırdı”.

 

“Gündəlik Teleqraf” qəzeti

Comments are closed.