Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni – iqtisadi sahədə əlaqalər davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar

Bununla yanaşı, SSRİ məkanında olmuş dövlətlərin əksəriyyəti bu gün də müştərək təhsil sistemini və istehsal münasibətlərini qoruyub saxlamaqdadırlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial –iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də, köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Fedarasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac vermişdir. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri- dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qism də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışıyla məşğuldurlar. Məlumdur ki, bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır.

Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi etməsi, onu silahlandırması da da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar ölkəyə xoş gündən gəlməyiblər. Belə humanitar faciələrə dünyanın hər yerində anlayışla yanaşılır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Amma qonşu ölkədə nəinki bu nəzərə alınır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır. Moskvada və bütövlüklə Rusiyada azərbaycanlılara qarşı zaman-zaman davam etmiş və bu günlərdə yenidən start götürmüş kütləvi təzyiq əslində baş vermiş bir cinayət hadisəsinin adekvat cavabı deyildir. Çünki min illərdən gələn bir kəlam var: cinayətkarın vətəni olmur. Şəxsi zəmində belə cinayətlər, hər gün, dünyanın hər yerində baş verir. Bunu bütövlükdə ayrı-ayrı millətlərə qarşı çevirmək, bundan istifadə edərək hər hansı bir xalqın vəhşi obrazını yaratmaq, milli dözümsüzlük nümayiş etdirmək, günahsız insanları təhqir etmək, aşağılamaq yolverilməz haldır. İnsan haqları, beynəlxaq hüquq və Azərbaycanla Rusiya arasındakı ənənəvi dostluq münasibətləri baxımından yanaşanda da, Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı bu görünməmiş aqressivliyi qətiyyətlə pislənilməlidir. Heç bir cinayətə, hətta terrora və ya terrorçu təşkilata görə də bütöv xalq günahlandırılmır, cinayətkarın cəzasını günahsızlar çəkmirlər.

Hesab edirəm ki, Rusiyada baş verən son hadisələr bir təxribatdır və bu hadisənin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır. Bu və bunabənzər olaylar Azərbaycan və rus xalqları arasındakı çoxəsrlik xoş münasibətlərə təsir göstərməməlidir. Biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı öz milli, insanı ləyaqətlərini, millətimizim adını qorumaqla yanaşı, yaşadıqları ölkələrin hüquq sistemlərini öyrənməyə, bu sistemlər çərçivəsində hərəkət eləməyə, təxribatlara uymamağa çağırırıq.

 

Sabir Rüstəmxanlı

DAK həmsədri

Comments are closed.