“İran Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyir”

 

Bir qədər əvvəl İran parlamentindəki kürd deputat Osman Əhmədi Kürdüstan vilayəti yaradılması təklifi ilə çıxış edib. Keçmiş kürd deputat Cəlal Cəlalzadə isə bir qədər də irəli gedərək İranın Qərbi Azərbaycan vilayətinin adının dəyişdirilərək Şimali Kürdüstan qoyulmasını təklif edib. Urmiyadan İran parlamentindəki kürd millət vəkili Abid Fəttahi də separatçı deputatların mövqeyini dəstəkləyib. 
Qeyd edək ki, tarixi Azərbaycan torpaqları olan Urmiya və Qərbi Azərbaycan vilayətində kürd separatizminin fəallaşması İslam inqilabının ilk illərində baş verib. Ancaq həmin vaxt Azərbaycan ərazilərində baş qaldıran kürd militanları İslam Respublikası silahlı qüvvələri tərəfindən əzilib. Sonrakı illərdə də kürd separatçı fəaliyyətləri İran hakimiyyəti tərəfindən əzilsə də, xeyli dərəcədə fəal olan kürd qrupları İranda, xüsusən də Cənubi Azərbaycan ərazilərində toparlana biliblər. Hazırda Qərbi Azərbaycan vilayətindən seçilmiş bir neçə kürd əsilli deputat İran parlamentində təmsil olunur. 
Millət vəkili Sabir Rüstəmxanlı baş verənləri son 100 ildə bölgədə gedən türk düşmənçiliyi siyasətinin davamı adlandırır. Deputatın fikrincə, uzun illərdir aparılan məqsədyönlü türk düşmənçiliyi siyasəti indi də kürdlər üzərində qurulub: “Əvvəlcə Avropa ölkələrinin yardımı ilə balkanlarda, Şimali Afrikada Osmanlıya qarşı bölücülük fəaliyyətləri başladıldı. Nəhayət, onu Anadolu ərazisində bir Türkiyə dövləti sərhədlərinə sığışdırdılar. Sonra isə hətta onu da bölüb parçalamaq və orada müxtəlif adlarda dövlətlər qurmaq kimi ifrat bölücü siyasət davam etdirilib. O zaman Atatürkün qəhrəmanlığı, dahiyanə siyasəti nəticəsində Anadoluda milli dövlət yaradıldı. Buna bənzər proseslər daha qədim zamanlarda, bu bölgədə iki böyük türk dövləti – Səfəvi və Osmanlı arasında da türk düşmənləri tərəfindən aparılıb. İndi də bu bölücülük davam edir. Azərbaycanı zəiflətmək, bu bölgədə diz çökdürmək üçün bir fars dövləti qurublar”.  
Sabir Rüstəmxanlı deyir ki, min illər bu bölgədə yaşamış, bu bölgənin sahibi olmuş türk xalqlarını sıxışdırmaq, Qafqazı xristianların əlinə vermək, güneyi farslaşdırmaq və beləliklə, vaxtilə Avropanın böyük türk dediyi bir milləti bu bölgədən silmək siyasəti aparılır: “Burda erməni kartı, yunan kartı, bolqar, ərəb kartları oynanılıb. ”Böyük Ermənistan” planı uğursuzluğa düçar olduqdan sonra indi burda kürd oyunu oynanılır. Kürdlərin böyük əksəriyyəti bunun mənasızlığını, türklərlə yanaşı kürdlərə də qarşı olduğunu başa düşürlər. Ona görə də bu bölgədə yaşayan kürdlərin böyük əksəriyyəti Türkiyədən ayrılmaq, müstəqil kürd dövləti qurmaq haqqında düşünmürlər. Ancaq indi İraqın şimalında belə bir dövlət yaradılır. Bu qurumun nefti də var və onlar əl altdan bütün bölgə kürdlərini silahlandırır. Suriyada, Türkiyənin şərqində, İranın şimal-qərbində yaşayan kürdləri birləşdirib böyük Kürdüstan yaratmaq istəyirlər”.  
Qərbdə kürdlərlə bağlı ciddi proyektlərin hazırlandığını qeyd edən deputatın sözlərinə görə, həm xaricdə, həm də bölgədə bir sıra qüvvələrin kürdlərlə türklər arasında münaqişə yaranmasında maraqları var: “Mən sonuncu dəfə Amerikada olanda Dona Rorabaherlə Güney Azərbaycan məsələsi haqda danışdım. Mən ona Azərbaycanın tərəfində olduğunu dedim, o isə mənə dedi ki, əlbəttə, azərbaycanlılar da kürdlər kimi parçalanmış, əzilmiş bir xalqdır. Biz Azərbaycanı da düşünürük. Mən ona dedim ki, əgər Azərbaycanı düşünürsünüzsə, o zaman bu Orta Doğu Projesi nədir? Bu planda Azərbaycanın əraziləri, hətta Naxçıvanın bir hissəsi Kürdüstan torpaqları kimi göstərilir. Bu cür layihələri müdafiə eləməkdənsə gedib indiki İran rejimini müdafiə etmək daha məqbuldur. Çünki indiki İran rejimində bizim torpaqlarımız heç olmasa öz əlimizdədir. Onları Avropada dəstəkləyən, media orqanları yaradan, separatizmə qol-qanad verən təşkilatlar var. İranın indiki və əvvəlki hakimiyyəti Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların qabağına kürd kartını itələyirlər. Azərbaycanlı millət vəkili bunun cavabını məclisdə yetərincə layiqli şəkildə verdi. Dedi ki, o yerin sahibləri ölməyiblər ki, kimlərsə gəlib asanca orada şimali Kürdüstan vilayəti yaratsın. Bu, əslində bölgənin iki böyük xalqı olan türklər və kürdlər arasında iğtişaş yaratmaqdır. Bu yolla mərkəzi hakimiyyət özünün apardığı irticaçı siyasəti gözdən yayındırmaq məqsədi güdür”.

“Yeni Müsavat” qəzeti

Comments are closed.