Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibəti Gürcüstan Respublikasının prezidenti cənab Mixail Saakaşviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab prezident!

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə Sizi və Sizin timsalınızda bütün gürcü xalqını səmimi qəlbdən təbrik edirəm.

1918-ci ilin 14 fevralında Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatların Tiflisdə toplanaraq, Zaqafqaziya Seymi yaratması xalqlarımızın taleyində xüsusi əhəmiyyət kəsb edirdi. Bundan bir müddət sonra, aprelin 22-də Seymin mərkəzi Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikası yaratması həmin dövrdə Çar Rusiyasının əsarətindən tamamilə xilas olmaq və imperiya siyasətinə qarşı Zaqafqaziya xalqlarının birgə mübarizəsini təşkil etmək baxımından dövrün ictima-siyasi reallıqları nəzərə alınmaqla düşünülmüş uğurlu model idi.

Təəssüf ki, erməni deputatların və millətçi ekstremistlərin Azərbaycana və Gürcüstana qarşı torpaq iddiaları Zaqafqaziya Demokratik Federativ Respublikasının güclənməsinə və şimaldan gözlənilən istilanı birgə dəf etməyə əngəl oldu. Məhz bu səbəb gürcü deputatların haqlı etirazını şərtləndirdi və 26 may 1918-ci ildə Gürcüstanın müstəqilliyi elan edildi.

Bunun ardınca, mayın 28-də müsəlman deputatlar Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdilər.

Azərbaycan və gürcü xalqlarının taleyi bir-irinə çox bağlıdır: hər iki xalq ötən əsrin sonlarına doğru müstəqillik yolunda qurbanlar verdi – 9 aprel 1989-cu ildə Tiflisdə etiraz aksiyasına hərbi müdaxilə ilə baş verən qırğınlar  20 yanvar 1990-cı ildə daha geniş miqyasda Bakıda təkrarlandı; hər iki ölkə ötən əsrdə ikinci dəfə qazandıqları müstəqilliyinin ilk illərindən etnik separatizmlə üzləşdi və təəssüf ki, bu separatizmin əziyyətini hələ də çəkməkdəyik – Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda isə Dağlıq Qarabağın Rusiyanın birbaşa müdaxiləsi ilə işğal faktı davam edir.

Buna baxmayaraq, Azərbaycan və gürcü xalqlarının dostluğu, strateji əməkdaşlıq və qardaşlıq, qarşılıqlı yardım dövlətlərimizin üzləşdiyi daha ciddi milli təhlükələrdən qurtulmaqda yardımçı olmuşdur. 1991-ci ildən başlayaraq iki dost dövlət arasında genişlənən iqtisadi-siyasi və strateji əməkdaşlıq hazırda çox yüksək səviyyədədir. Təsadüfü deyil ki, Azərbaycan öz enerji resurslarının daşınmasında əsas tərəfdaş kimi Gürcüstan üzərindən əməkdaşlıq etmək strategiyasını seçdi. Xatırladaq ki, Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Qars dəmir yol xətlərinin məhz Tiflisdən keçməsini bütövlükdə Azərbaycan xalqı, Azərbaycanın istisnasız olaraq bütün siyasi partiyaları dəstəklədilər.

Hörmətli cənab prezident!

Bir daha Sizi və Sizin timsalınızda gürcü xalqını Müstəqillik Günü münasibət ilə təbrik edir, Sizə can sağlığı, uğurlar, gürcü xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr daim artan xətlə inkişaf edəcək, hər iki dövlətin geridönməz müstəqilliyinin qarantı, siyasi-iqtisadi inkişafının özəyi kimi əbədi olacaqdır”.

Comments are closed.