“Deputat statusu təkcə maaşdan ibarət deyil, həm də mənəvi məsələdir. Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik”.

 “Axar.az”ın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı parlamentin plenar iclasında çıxışı zamanı deyib. Deputat statusu haqda danışan S. Rüstəmxanlı deyib ki, deputatlar da bu cəmiyyətin bir hissəsidir:

“Son illər müşahidə etdiyim bir sıra məqamlara münasibət bildirmək istəyirəm.  Deputatların hörməti onların gördüyü işlərlə bağlı deyil, həm də vətəndaşların ona müraciəti, bunun nə ilə nəticələnməsindədir. Deputatın icra imkanı yoxdur, o, ancaq bu haqda icra orqanlarına müraciət edə bilir.  Fikrimcə, icra orqanları bu məsələləri diqqətə almalıdır ki, deputatın rolu artsın. Mən bilmirəm ki, bu mexanizm necə olmalıdır. Biz burada onlarla təkliflər veririk. Bəs bu təkliflər hara gedir. Hələ bir dövlət qurumu görməmişəm ki, bizə məktub yazaraq bildirsin ki, Milli Məclisdə qaldırdığınız məsələni həll etdik”.

Deputat həmçinin qeyd edib ki, son illər Bakıda mühüm beynəlxalq tədbirlər keçirilir. Onlardan biri də humanitar forumdur: “Mən bütün ömrümü bu sahəyə həsr etmişəm. Özümü Azərbaycanın humanitar sahəsinə təsir edən insanlardan hesab edirəm. Amma belə adamlardan birini də tədbirdə görmürəm. Milli Məclisin deputatlarının müəyyən hissəsi ora dəvət edilir, amma humanitar sahə ilə işləyənlər yox. Məncə, burada ölçü-biçi olmalıdır. Mən bunu mədəniyyət tədbirləri ilə bağlı deyə bilərəm. Yubileylər və tədbirlər təşkil edilir, amma bu sahəni bilən deputatlar orada olmur. Mən deputatam amma bura gələn şəxsi qəbul etmək, içəri buraxmaq üçün komitə sədrindən icazə almalıyam. Mən yanıma gələn adamı özüm qəbul etməliyəm. Bütün xarici ölkələrdə deputatın qəbul otağı var. Deputatın hüququ olmalıdır ki, yanına gələn şəxsi özü qəbul etsin”.

O daha sonra deyib ki, fikirlərinin süngü ilə qarşılanmayacağını düşünür.

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, əhali üçün ən əlçatan Milli Məclis və deputatlardır: “Diqqətlə fikir verəndə bunu görmək olur. Həm də deputat hörmətini özünü qazanır. Amma bəzən biz özümüz-özümüzə diqqət vermədən lazımsız ifadələr işlədir və hörmətdən salırıq. Fikrimcə, özümüz bir-birimizin hörmətini qaldırmalıyıq. Çox danışmaq istəmirəm, yəqin ki, məni çoxları başa düşdü. Vaxtilə 4 deputat bir hökumət telefonu ilə işləyirdi. İndi vəziyyət tam fərqlidir. Biz özümüzü yazıq səviyyəsinə çatdırırıq. Olmaz belə”.

Comments are closed.