Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Doğu Türküstanda səfərdədir. Səfərdə məqsəd Azərbaycan və uyğur türkləri arasında bir çox sahələrdə, o cümlədən ədəbi sahədə əməkdaşlığın inkişaf etdirilməsidir.

Səfər çərçivəsində ilk görüş Urumçi şəhərində azərbaycanlı və uyğur iş adamlarının iştirakı ilə keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı perspektivlər müzakirə edilib.

Daha sonra Tanrı dağı, qədim Kaşğar şəhərində Yusif Balasaqunlu və Mahmud Kaşğarinin məzarlarını ziyarət edilib, məşhur yazıçı, naşirlərlə görüş keçirilib. Bu görüşdə Azərbaycan-uyğur ədəbi əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb, bədii nümunələrin oxuculara tanıtdırılması məqsədilə tərcümə ədəbiyyatının inkişaf etdirilməsinin vacibliyinə toxunulub. Görüşdə Sabir Rüstəmxanlıya bildiriblər ki, artıq onun “Göy tanrı” əsərinin uyğur dilinə tərcümə edilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, ötən ayın sonunda uyğur türklərinin yaşadığı Doğu Türküstanda daha bir qətliam baş verib. Çin hakimiyyəti ölkənin şimal-qərbində Uyğur-Sincan Muxtar Əyalətinin mərkəzi Urumçi şəhərindən 280 km aralıda yerləşən Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinib. Baş vermiş qarşıdurma nəticəsində azı 27 uyğur türkü qətlə yetirilib. Millət vəkilinin səfəri həmin hadisənin dünya mətbuatında doğurduğu əks-sədanın hələ də aradan qalxmadığı bir dövrə təsadüf edir.

Comments are closed.