21 noyabr 2013-cü il tarixində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçirildi. Kitabın elmi redaktoru, doktor Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır.

VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, F. Ağasıoğlu uzun illərdir Azərbaycan tarixinin indiyədək məlum olmayan və az öyrənilmiş sahələrinin öyrənilməsi ilə məşğuldur: “Onun hələ çap etdirmədiyi çoxlu kitabı var. Bununla belə, F. Ağasıoğlu işıq üzü görən kitabları ilə Azərbaycan tarixşünaslığında yeni bir yol açıb. “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə çox əhəmiyyətlidir. Avrasiyada saysız-hesabsız daş abidələr var. Azərbaycanda da az sayda belə daşbablar var və kənardan onlara sahiblənməyə çalışanlar çıxır, müxtəlif muzeylərə daşıyırlar. Hətta Ağdam rayonunun Boyəhmədli kəndində əlində cam tutmuş bir Daşbaba vardı, sonra taleyi necə oldu, bilinmir. Ancaq F. Ağasıoğlu ilk dəfə bunun böyük türk mədəniyyətinin parçası olduğunu və türklər yaşayan coğrafiyada yayıldığını göstərir. Bundan əlavə, Azərbaycanın bütün qəbiristanlıqlarında daşqoçlar, daşatlar vardı. Ancaq İranla sərhədlər açılandan sonra guya daşbabaların içərisində qızıl gizlədildiyi ilə bağlı necə təbliğat apardılarsa, kütləvi surətdə onların başlarını qırdılar, əksəriyyətini məhv etdilər. Yalnız muzeylərə aparılanlar kütləvi qırğından xilas oldu. Ona görə də belə bir mövzunun araşdırılması onların izinin itməsinə imkan vermir”.

S. Rüstəmxanlı dedi ki, daş abidələrin üzərindəki yazıların oxunması hələ də problem olaraq qalır: “Bu da tarixşünaslığımızın hələ də çox böyük problemlərlə qarşı-qarşıya qaldığını göstərir. Çünki yüz illər boyu türkün izini silmək üçün işlər görülüb. Ərəb. fars və müxtəlif işğallardan sonra türkün qədim abidələri məhv edilib, yalnız bir dənə “Kitabi Dədə Qorqud” abidəsi qalıb. Mahmud Kaşğari də “Kitabi lüğətit türk” əsərini ərsəyə gətirib. Abidələrimiz Drezden, Vatikan və dünyanın digər kitabxanalarında saxlanılır. Bizə qalan yalnız bu daşlardır, çünki onları apara bilməyiblər. Əgər imkanları olsaydı, həmin daşları da aparardılar. İndi F. Ağasıoğlu belə bir çətin vəziyyətdə bu sahənin araşdırılması kimi çətin vəzifəni öz üzrinə götürüb və ilk dəfə olaraq həmin daş abidələrin elmi şəkildə incələnməsi, təhlili, bütün mədəniyyətimizin kontekstində öyrənilməsi üçün addım atıb. Tarixşünaslığımızda yazılı mənbələri əsas götürürlər, həmin mənbələr də ərəb, fars, yunan, gürcü və erməni dilindədir və bizim  xeyrimizə deyil. Alternativ yolları isə tarixə aid etməyərək romantika adlandırırlar. Öz tariximizi araşdırmağa başlayan kimi yüzlərlə maneələr ortaya çıxır. Çünki bu gün də dünyanın hər yerində həm yazılı, həm də torpağın üzərində qalan mənbələrimizin məhvi prosesi davam etdirilir. İndi az sayda onların təbirincə romantik düşüncəli, ancaq millətin kökünü araşdıran alimlər var və onlardan biri də F. Ağasıoğludur”.

F.Ağasıoğlu vurğuladı ki, kitab “Facebook” sosial şəbəkəsindəki dostları sayəsində dərc olunub: “Bildiyiniz kimi, qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdən göründüyü kimi, türkün daş yaddaşı da min illər boyu ayrı-ayrı bölgələrdə daşdan düzəltdiyi daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş heykəllərdə, fiqurlarda yaşamaqdadır. Bu kitabda həmin yaşantını əks etdirən sənədlərin izahı verilib. Ön Asiyada 5-6 min il öncə protürk boylarının etnoqrafiyasında yaranan daşbaba ənənəsi buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılıb. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə olan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli sənədlər kimi sistemli şəkildə yeni türkoloji Urmi nəzəriyyəsi işığında araşdırılıb, nəticələr elmi-populyar üslubda verilib”.

Onun sözlərinə görə, Türkiyədə daşbabanı balbal adlandırırlar: “Ancaq 30 ildir onlar bunların ikisinin də fərqli bir şey olduğunu başa sala bilmirəm. Balbal düşmənə deyirlər. Yəni balbal heykəli olan adamların sağlığında öldürdüyü və o dünya həmin şəxsə xidmət edəcək düşmənlərə qoyulmuş simvolik daşdır. Əslində daşbabaya balbal demək onu təhqir etmək deməkdir”.

Professor bildirdi ki, hər bir xalqın yaddaşı olur: “Bu yaddaş onun mətbəx, geyim, təsərrüfat, mifoloji, kulturunda, mədəniyyətində, dilində, yas adətlərində, toy gələnəklərində olur. Ancaq bizdə sistemli şəkildə təbliğat aparılmadığı üçün xalqımızın tarixi bozbaş kimi bir-birinə qarışıb. Ümumiliyyətlə türkologiya elmi 50 ildir tıxaca girib və çıxa bilmir. Çünki nəzəriyyəni səhv qoyublar. Türkologiya elminin tarixi, dili, ədəbiyyatı, coğrafiyası türklərlə monqolların bir xalq olduğu anlayışı üzərində qurulub. Guya tüklərin iki min əvvəl monqollardan ayrılaraq köç etməyə başladığı bildirilir. Bu da Monqolustandan, Altaydan başqa harada türk varsa, onların gəlmə olduğunu göstərir. Yəni türklər atlarla digər ərazilərə getdilər, türklər yağmaçılardır, köçərilərdir və onların qədim mədəniyyəti ola bilməz. Bütün türk xalqlarının tarixində də onların həmin əraziyə gəlmə olduğu yazılıb. Bu nəzəriyyə Altay nəzəriyyəsidir və tariximiz, dilimiz də 200 ildir bu konsepsiya ilə işlənilir. Ancaq Altay nəzəriyyəsi daşbaba məsələsinə cavab verə bilmir. Çünki Daşbabanın burada tarixi 6 mindir, ancaq Altayda 1500 ildir. Yəni məntiqlə cavab verə bilmədiyi üçün Altay nəzəriyyəsi tamamilə səhvdir. Əgər türklərin yaşadığı ərazilərin Cənub-Şərqi Anadolu və Azərbaycan olduğu əsas götürülərsə, bütün suallara cavab tapılır. Söhbət yeni türkoloji Urmi nəzəriyyəsindən gedir. Bu kitab da həmin konsepsiyanın əsasında yazılıb”.

F. Ağasıoğlu dedi ki, alimlər yüzillərdir daşbaba məsələsini araşdırırlar: “Bu məsələ ilə əsasən rus alimləri məşğul olurlar. Onlar da yalnız lokal şəkildə öyrəniblər və həmin daşbabaları biri-birilərinə bağlamayıblar. Məsələn, daşat gələnəyi 1000-1500 il əvvəl formalaşıbsa, ancaq daşqoç Şumer çağındandır, yəni 5000 il yaşı var. Daşbabaların üç cür duruşu var. Onlardən bəziləri əlləri yuxarıda dua edərcəsinə tutub. Bu cür daşbabalar Təbriz, Krım və Ukraynada tapılıb, sonuncunu üzərində yazı olduğundan artıq bütün dünya daşbabaların türk etnosuna məxsus gələnək olduğunu qəbul edib. Bəzilərində sağ əlində su qabı olan duruş forması var. Qabın içərisindəki həyat suyudur. Nəhayət üçüncüsü, ən klassik və geniş yayılmış duruş forması sağ əlində qədəh, sol əli xəncərinin üzərində olanıdır. Son dövrədək də bi ikeonoqrafik duruş forması dəyişməyib, sağa və sola, yəni Altay, Monqolustan, Ukrayna, Rusiya və Şimali Qafqaza da gedib. Hətta skiflər, saklar Avropanın ortalarınadək də aparıblar. Ancaq nadir duruş forması da var ki, əlində quş tutub. Bildiyiniz kimi, keçmişdə türklər ölənə uçdu deyirdilər. Yəni həmin quş onun ruhunun uçmasının simvoludur. Elə türk dilində cənnət uçmaq deməkdir. Ancaq bu duruş forması çox az yayılıb və cəmi 6-7 ədəd belə daşbaba şəkli tapmışam. Daşbabalardan ən qədimi Qobustanda, 3 nömrəli kurqanda tapılıb. Bundan başqa, Abşeronda (Dübəndi), Astarada (5 min il yaşı var, ancaq tarixçilərimizin xəbəri yoxdur, onu alman mütəxəssislər tədqiq etdiklərindən onların qaynaqlarından əldə etmişəm), Xiyovda, Təbrizdə, Hakkaridə və İrəvan yaxınlığında ən qədim daşbabalar tapılıb. Bu da həmin ərazilərin türk yurdu olduğunu göstərir. Ona görə də daş bəlgələrin çox böyük qiyməti var. Bu gələnək 1960-ci ilədək belə yaşayıb və Tuncelidə tapılıb. Qırğızıstanda, Toxmaq kəndində isə bu gələnək hələ də yaşayır və hörmətli adamların daşbabalarını qoyurlar. Yəni bu gələnək 5-6 min ildir davam edir. Bunu öyrənmədən türk etnosunun miqrasiyasını öyrənə bilməzsən”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Nurəddin Məmmədli vurğuladı ki, kitab bütün türk arealında bu səpkidə olan məsələlərin işıqlandırılması nəticəsində meydana gələn bir əsərdir: “Bu çox böyük əzab-əziyyət tələb edən bir işdir. Xalqın mədəniyyəti, onun kimliyi, soyu, yaşadığı areal və s. bilavasitə bu cür mədəniyyət nümunələri ilə müəyyən edilir. Bu gün dünyada türkün mənşəyi və yayılma arealı ilə bağlı çox ciddi mübahisəli mövzularından biri olduğunu nəzərə alsaq, bu mənada böyük iş görülüb”.

Onun sözlərinə görə, Azərbaycanda, eləcə də Türk Dünyasında qoç heykəlləri Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində daha geniş yayılıb: “Mənim uşaqlığım demək olar qədim qəbiristanlıqdakı qoç heykəllərinin üzərində keçib. Həmin qəbiristanlıqda 40-dan çox qoç heykəli olub. 1950-ci illərin sonu 1960-cı illərin əvəllərində ermənilər həmin daşqoçların apara bildiklərini daşıdılar, qalanlarını da məhv etdilər.  Simens qardaşları “Qalakənd” adında fundamental bir kitab yazıblar. Həmin kitab Azərbaycan dilində çap edilib və orada 71 yerdə Kiçik Qaramurad kəndinin adı keçib, həmçinin daşqoçların hamısının şəkilləri var. Daşqoçların 50-yə yaxını Gəncədə tarixşünaslıq və diyarşünaslıq muzeyinə götürülüb və son 15-20-dək nümayiş edilirdi”.

DAK İdarə Heyətinin üzvü, professor Vaqif Arzumanlı kitabı Türk Dünyasının, türkçülüyün türkologiyanın, Azərbaycan türklərinin tarixinin yenidən öyrənilməsinə bir dəvət kimi qəbul etdiyini bildirdi: “Təəssüflər olsun ki, bəzi istisnalar olmaqla bu işə diqqət yetirən yoxdur. Bəlkə də bunu bilərəkdən edirlər. Çünki biz həmişə fikirləşmişik ki, bizim tariximizi yazanlar yəhudilər, ruslar, ermənilər, yəni qeyri-türklər olub. Onlar da nəinki yuxarıdan gələn göstərişi nəzərə alıblar, hətta tariximizi öz istəklərinə uyğun yazıblar. Nəticə etibarilə bizim üçün saxta tarix yaaradıblar. Hətta son vaxtlaradək Osmanlı türklərinin Anadoluya gəlmə olduğunu iddia edənlər var. Ancaq 1960-cı illərin sonu 1970-ci illərin Oljas Süleymenov kimi kişilər bu mifi sındırdılar, hətta rus alimləri belə ona üstün gələ bilmədi. Artıq Altay nəzəriyyəsi çoxdan öz qüvvəsini itirib. Ona görə də türk dünyasının tarixini öyrənmək lazımdırsa, onda bu daş abidələrdən başlamaq lazımdır. Çünki daş abidələr türkün ən qədim tarixi, maddi-mədəniyyət abidəsidir”.

Tədbirdə həmçinin Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, tanınmış publisist, tarixçi-alim Bəxtiyar Tuncay, fəlsəfə elmləri doktoru Yadigar Türkel, hüquqşünas Adil Minbaşı və başqaları daşbaba araşdırmaları ilə bağlı fikirlərini bildiriblər.

 

VHP Mətbuat Xidməti

Comments are closed.