Bu sözləri “Axar.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri və millət vəkili  Sabir Rüstəmxanlı AXCP və Müsavat  partiyasından olan siyasətçilərin arasında gedən davadan danışarkən dedi. O bildirdi ki, kiminsə haqlı və ya haqsız olduğunu demək fikri yoxdur və hər iki tərəfin digərinə hörmət etməsi vacibdir:
“Hazırda üzbəüz gələn insanların hamısı Meydan Hərəkatında bir addımlayan insanlardır. Siyasi maraqlara görə birinin digərinə təhqir söyləməsi yolverilməzdir. Partiyalararası münasibətlərin formasından asılı olmayaraq, şəxslər bir-birini təhqir etməməlidir”.

Partiyalar arasındakı davadan danışan millət vəkili bildirdi ki, bu cür davalar artıq Azərbaycan siyasətində adət halını alıb və bu da çox pis haldır:
”Onsuz da Azərbaycanın siyasi həyatındakı proseslər göz qabağındadır.  Kim seçkiyə necə hazırlaşır, kimin əli kimin cibindədir və s. bu kimi  ittihamları 20 ildir ki, izləyirik. Partiyalar və onların mətbu orqanlarında qarşılıqlı ittihamların yazılması da ilk dəfə baş vermir. Bu cür çıxışlar və yazılar Azərbaycan siyasətində vərdiş edilmiş hala çevrilib. Çirkin və təhqiramiz fikirlərin mətbuatda yer almasına imkan verilməməlidir”.

Comments are closed.