Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili  Sabir Rüstəmxanlı Barak Obamanı ikinci dəfə prezident postuna seçilməsi  münasibətilə təbrik edib. O, Obamanın yenidən prezident seçilməsini “müsbət hadisə” və tarixi fakt adlandırıb.

Sabir Rüstəmxanlı Obamanın daha 4 il davam edəcək prezidentliyi müddətində həm Amerika xalqının sosial rifahında ciddi dəyişikliklər olacağına, həm də dünyada  demokratik proseslərin dərinləşəcəyinə inandığını bildirib.

Millət vəkili deyib: “Obamanın qələbəsi daha çox Amerikanın dövlət büdcəsini sosial istiqamətə yönəltməsi ilə bağlı olub. O, bütün amerikalıların pulsuz tibbi xidmətdən istifadəsinə şərait yaratmağa çalışan ilk prezidentdir. Obama nəhəng iqtisadi böhrandan Amerika xalqını maddi və mənəvi ziyan görmədən çıxardı”.

Sabir Rüstəmxanlı daha sonra bildirib: “Obama həm də dünyada gedən demokratikləşmə prosesinin ilhamvericisidir. Baxmayaraq ki, onun zamanında Şərq ölkəlrində inqilablar vüsət götürüb, Obama daha çox sülh tərəfdarı kimi tanınır. Onun zamanında koalisiya qoşunları İraqdan, Əfqanıstandan çıxarılmağa başlayıb”.

VHP sədri Amerikanın liderliy ilə gedən demokratikləşmə prosesinin parçalanmış xalqların da bütövləşməsində müstəsna rol oynayacağını vurğulayb: “Mən inanıram ki, fars rejimi də bu proseslərin təzyiqinə duruş gətirə bilməyəcək. Nəticədə o tayda yaşayan 35 milyonluq soydaşımız insan haqlarına qovuşacaq və bütövləşəcək”. 

VHP Mətbuat və İnformasiya Xidməti

Comments are closed.