Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Moskvada soydaşımız Orxan Zeynalovun törətdiyi hadisəyə və bunun ətrafında cərəyan edən məsələlərə münasibətini bildirib.

Deputat S.Rüstəmxanlı Publika.Az-a açıqlamasında deyib ki, Rusiyada çalışan bütün azərbaycanlılara qarşı belə təbliğata başlamaq, hamısına polis hücumları və sairə təşkil etmək doğru deyil. Onun sözlərinə görə, həmin insanlar illər boyu əziyyət çəkib Rusiyanı, Moskvanı saxlayıblar: “O cür bazarlarda heç bir rus özünə əziyyət verib çalışmaz, ancaq azərbaycanlılar çalışırlar və bütün rusları dolandırırlar.

Digər tərəfdən isə bizim soydaşlarımız 200 ildir ki, Rusiyada qalıb yaşayırlar və bunun da səbəbi SSRİ ilə bağlı olub. İndi Rusiya da Azərbaycana qarşı SSRİ siyasətinin davamını aparmaq istəyir. Əgər bu gün Azərbaycan öz vətəndaşlarını tam dolandıra bilmirsə, SSRİ dövründən qalmış əksər zavod və müəssisələr dağılıb gedibsə və insanlar işsiz qalıbsa, bunun da günahkarı SSRİ-nin varisləri olan Vladimir Putin və Rusiya hakimiyyətidir. Onlar bunun məsuliyyətini bilməlidir. Sakit, sadə və dinc soydaşlarımızı təqib etmək, döymək əslində rus imperiyasının köhnə siyasətinin davam etdiyini və Rusiyanın xarakterini göstərir. Bu qədər nankorluq olmaz. Bu adamlarla bu qədər kobud rəftar etmək və bunu anti-azərbaycanlı kampaniyasına çevirmək onu göstərir ki, bunun arxasında müəyyən qüvvələr dayanır. Həmin qüvvələr Azərbaycanın müstəqilliyinə təhlükə yarada bilən yeni oyun qurmaq istəyirlər. Əlbəttə ki, burada bir qədər ehtiyatlı olmaq lazımdır. İndi Rusiya Azərbaycanla dost olmaq və Vahid Avrasiya İttifaqında olmağa can atır. Əlbəttə ki, bütün bunların hamısı rus hegemonluğunu qorumaq məqsədi daşıyır. Biz öz ölkəmizdən başqa heç kəsə güvənə bilmərik. Azərbaycanın özünün güclü iqtisadiyyatı qurulmalıdır, yeni iş yerləri açılmalıdır və soydaşlarımız iş üçün yad qapılara düşməli deyil”.

S.Rüstəmxanlı “Milyarderlər İttifaqı” adlanan qurumun üzvlərinə də çağırış edib: “Mən buradan “Milyarderlər İttifaqı” adlanan qurumdakı imkanlı şəxslərə də müraciət etmək istəyirəm. Onlar bir müddət öncə soydaşlarımızın hüquqlarının qorunması üçün birlik yaradırdılar. Bəs hanı onlar? Vahid Ələkbərov Putinin dostudur. Bəs nə üçün gedib baş verənləri Putinə demir? Bu adamların Rusiyada bazarları və milyonları var. İmkan yaratsınlar, azərbaycanlılar gedib onların bazarlarında çalışsın, rusların əlinin altında deyil. Bu milyonerlər özlərindən başqa heç kəsi fikirləşmir. Onlarda zərrə qədər milli düşüncə və heysiyyət deyin bir şey yoxdur. Onlar anlamırlar ki, bu əzilən adamların onların millətidir. Bütün bunlardan sonra isə onların siyasi iddialarının da heç bir mənası qalmır”.

 

Vasif Həsənli

Comments are closed.