VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Suraxanı rayon təşkilatının sədri Asif Şəkərlini doğum günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:

Əziz Asif bəy!

Səni doğum günün münasibəti ilə səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can sağlığı, ailə səadəti arzulayıram.

Sənin ölkəmizin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması, azad və ədalətli seçkilərin keçirilməsi yönündə aparılan mübarizədən kənarda qalmamağına və ləyaqətli vətəndaş, millətini və torpağını sevən gənc olduğuna görə seviniriksə, bu mübarizəni Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında davam etdirməyindən ikiqat məmnunuq. Sən Azərbaycan insanı üçün o qədər də asan olmaya bir siyasi şəraitdə  – 2003-cü ildə vətəndaş həmrəyliyi idealını qəbul etmisən. Bu faktın özü sənin təmənnasızlığının, səmimi mübarizənin təsdiqiydi və aradan keçən illər ərzində öz fəallığın və səbatlılığınla bu mənəvi keyfiyyətini bütün VHP-çilərə və ölkənin siyasi həyatında olan kəsiminə göstərə bildin.

Açıq etiraf edək ki, bu gün Azərbaycan siyasətində səmimiyyət və təmannasızlıq çatışmazlığı var. Bəlkə də ölkəmizin ümumi problemlərindən tutmuş insan haqları sahəsindəki narahatlığa qədər olan gərginliklərin bir səbəbi də siyasi mübarizədəki səmimiyyət və təmənnasızlığın gərəkən səviyyədə olmamasıdır. Məhz belə məqamda heç bir şəxsi məqsəd güdməyən, yalnız ideyalar ətrafında birləşən, ölkədəki qarşıdurmalardan imtina edən, Vətənin gələcəyini düşünən və bu yolda heç nəyini əsirgəməyən yeni nəsilə – Gəncliyə böyük ehtiyac var.

Sən öz timsalında belə gəncliyin heç də tükənmədiyini, əksinə, işıqlı və geniş dünyagörüşlü, qaragüruhdan uzaq, millətin sərvətlərinə halal gözlə baxan yeni nəslin daha böyük ruhla yetişdiyi inamını aşılayanlardansan. Təsadüfü deyil ki, Sən nəinki üzvü olduğun rayon təşkilatının qısa müddətdən sonra sədri seçildin, həm də artıq VHP Ali Məclisinin katibisən.

Əziz Asif bəy!

Bir daha səni ad günün münasibəti ilə təbrik edir, sənə ailə səadəti və görmək istədiyimiz, uğrunda çalışdığımız demokratik Azərbaycanda könül xoşluğu ilə yaşamağını arzulayıram.

Comments are closed.