VHP Siyasi Şurası partiya sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlını ad günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: “Əziz Sabir bəy!

Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayırıq. Siz gənclik illərinizdən, bədii yaradıcılıqla məşğul olduğunuz ilk andan əsl vətəndaş mövqeyi sərgiləmisiniz, millətin ruhunun oyanmasında, özünü tanımasında Sizin rolunuz danılmazdır. Şair kimi üzünüzü qürbətdə saxlanılan qapıya tutub, “Salam, Gəncə qapısı” deyərək, “Qan yaddaşşı”mızı təzələmisiz, “Bu sənin xalqındır” deyib, “Xətai yurdunda” “Ömür kitabı”mızın vərəqləmisiniz. 1988-ci ilin Meydan, Milli Azadlıq hərəkatında Sizin tutduğunuz mövqe və liderlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası ilə bağlı Konstitusiya Aktının müəlliflərindən və imzalayanlardan biri olmaq Sizin illərlə apardığınız mübarizənizin məntiqi sonluğu və ölkəmizin şərəf tarizinə atdığınız imzadır.

Əziz Sabir bəy!

Müstəqilliyin ilk ilində Azərbaycana gətirdiyiniz vətəndaş həmrəyliyi, milli birlik ideologiyası uzun illərdən sonra bir daha Sizin ideoloji baxımdan nə qədər uğurlu, ölkəmiz, vətənimiz üçün ən kritik tarixi məqamlarda necə doğru bir yol tutduğunuzu təsdiqlədi. Təkcə qələmi ilə deyil, əqidəsi, düşüncəsi ilə türk dünyasını öz ruhunda bütövləşdirən, vətənin, millətin azadlığı yolunda canını fəda edən və sələflərinin arzularının göyərməsi naminə ömrü uzunu çalışan Millət Fədaisi kimi Sizin ömür yolunuz gənclərimizə bir örnəkdir.

Əziz Sabir bəy!

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, sizə uzun ömür və fəaliyyətinizdə, milli hədəflərə çatmağınızda uğurlar arzulayırıq.

VHP Siyasi Şurası”

Comments are closed.