Ağacəfər HƏSƏNLİ

Həqiqəti çılpaq görmək lazımdır, qoy yalan paltarla bəzənsin!

 Pifaqor
O, min beş yüz illik şeirimizin iki Sabirindən biridir: əvvəl incə yumorla, ironiya ilə millətə xitabən:
Əcnəbi göydə balonlarda gəzir,
Biz hələ avtomobil minməyiriz!
– söyləyən Mirzə Ələkbər söz meydanında at səyirtdi. Sonra Rüstəmxanlı dünyaya təşrif gətirdi, sələfinə tərəf üz çevirdi:
Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu,
Yandıqca odlanan ocaqdı.
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi.
Sabirin “Fəxriyyə” şeiridi,
Dağları dumanda itən –
Vətən…Vətən…
– dedi.
Mirzə Ələkbər Sabir klassik divan ədəbiyyatımızın dumduru gözündən su içmişdi, mövlanə Füzuli dəli-divanəsiydi, ancaq şair xoşbəxtliyi onda oldu ki, Füzuli təsirindən, Füzuli sözünün möcüzəli maqnit cazibəsindən vaxtında yaxa qurtardı, söz dünyasını, öz məktəbini yaratdı.
Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq heç zaman mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan, ali mərtəblərdən çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm”-söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
“Hər sözüm bir pəhləvandır kim, bulub təyyidi-həqq”, – demişdi Məhəmməd Füzuli. Mövlanə özünü “qəmin hərifi” adlandırsa da, zəmanənin hərifi deyildi, fövqündə idi – çünki yaratdıqları şahanəydi. Elə istədiyi vaxt şahın qapısı da üzünə açıq idi, o, böyük fateh Şah İsmayıl Xətainin müasiriydi, bu əsrdaşlıq imkan verirdi ki, istədiyi vaxt qüdrətli sərkərdəylə görüşsün… Sabir Rüstəmxanlının nəsil şəcərəsi bəlkə də elə Şah İsmayılın, onun ulu babaslı Şeyx Səfinin nəsil şəcərəsi ilə eynidir. Mənəvi bağlar qalsın bir kənara, ortada mütləq genetik bağlılıq, qan qohumluğu var. Buna şübhə etmirəm. Axı, Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı” ifadəsi. Həmin iki söz şairin dilində təsadüfən cücərməyib, bir gerçək həqiqətə söykənir, səbəbi var…
Şah İsmayıl Xətai qələmin qüdrətiylə qılıncın qüdrətini birləşdirdi: çünki həm şahənşah idi, həm söz sərkərdəsi. Məğrurcasına könül rübabını dilləndirməyə vaxt tapırdı. Sözünün mayası isə ən dərin qatlardan yol gəlirdi:
Xətaiyəm, al atluyam,
Sözü şəkərdən dadluyam.
Mürtəza-Əli zatluyam,
Qazilər deyən Şah mənəm!
Sözüylə, ruhuyla özünü, “yurdunun bölünməz xəritəsi” adlandıran Sabir Rüstəmxanlı “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb. Şairin üz tutduğu ulu məkan nə qədər qədimdirsə, ona münasibət bir o qədər yenidir, çağdaşdır. Sabir Rüstəmxanlı sözünün oyanışı – ruhunun silkələnməsi, qan yaddaşının oyanışıdır.
Dirəkdəki yəhəriylə,
Axşamıyla, səhəriylə,
Qıyıq gözlü uşaqların
Cingiltili səsləriylə
Bu yurd mənə tanış gəlir.
* * *
Təxminən 32-33 il öncənin söhbətidir. Dzerjinski adına klubda (indiki Şəhriyar adına mədəniyyət sarayı) Azərbaycan Yazıçılar İttifaqının növbəti ənənəvi qurultayı keçirilirdi. Böyük mərasimdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev, ətrafındakı hökumət nümayəndələri, görkəmli söz ustaları iştirak edirdilər. Gənclər adından Sabir Rüstəmxanlıya söz verildi. Bir anlığa bütün baxışlar ona tuşlandı.
Biz yerimizdə donub qalmışdıq. O nədən başlayacaq, nə danışacaq. Qurultay iştirakçılarını razı sala biləcəkmi? Həssas Heydər Əliyevin, hökumət adamlarının çıxışına münasibəti necə olacaq? Gənc Sabirin gözlərində od parlayırdı, addımları qətiyyətliydi, içindəki daxili təmkin, yüksək inam sifətində ifadəsini tapmışdı. Zahirən özündənrazı təsiri bağışlamırdı, əksinə, yaşından böyük şahanə qüruru, məğrur görkəmi onun dopdolu olduğundan, ən ekstremal, kritik vəziyyətlərə hazırlığından, daha doğrusu, yetkinliyindən xəbər verirdi.
O, vəzifə, kitab çapını eyhamla istəmədi, məişət şəraitini yaxşılaşdırmaq üçün ev almağı da dilinə gətirmədi. Azərbaycan dilindən, bu qədim türk dilinin çağdaş problemlərindən üstüörtülü, sətiraltı da olsa, dövlət idarələrində ana dilindən çox rus dilinə bəslənən doğma münasibətdən yana-yana, təpəsindən tüstüsü çıxa-çıxa danışdı. Milli manqurtların biganəliyindən, nazirlərin özbaşınalığından, yabançı dilə meyl salıb öz ana dilini unutmalarından tükürpədici faktlar gətirdi. Hamı səsini içinə çəkmişdi, natiqin göstərdiyi misallar doğru-dürüst idi, ancaq indiyəcən oğul istəyirdi, ünvanına çatdırsın. Zəmanə belə bir övladlıq, oğulluq missiyasını məhz Sabir Rüstəmxanlının çiyinlərinə qoydu.
Təcrübəli Mirzə İbrahimovdan (o, ötən əsrin 50-ci illərində bir dəfə bu məsələnin qurbanına çevrilmişdi) nəsə soruşan Heydər Əliyevin sifəti işıqlanmışdı. Mirzə müəllim isə bu ilıq münasibətdən əməlli-başlı ürəklənmişdi, tez-tez əyilib respublikanın birinci adamının qulağına pıçıldayır, təbəssümlə, səbrlə Sabirə qulaq asırdı. Arada iki dəfə Heydər Əlirza oğlu məruzəçinin söylədiklərinə təmiz Azərbaycan dilində münasibət bildirdi. Bu vacib, cəsarətli problemi qaldırdığı üçün Sabir Rüstəmxanlıya təşəkkür etdi.
Beləliklə, qətiyyət, cəsarət, kişilik, mərdi-mərdanəlik, millətsevərlik, yurdsevərlik qələbə çaldı. Sovetin qılıncının sağa-sola işləndiyi bir dövrdə, Azərbaycan Sovet Yazıçılarının ali məclisində ən ali sözün müəllifi Sabir Rüstəmxanlı oldu. Onda bir yazar kimi Sabir müəllim müdrikliyə doğru gedən möhtəşəm yolun başlanğıcındaydı.
Mən bir dəfə də səksəninci illərin ortalarında Sabir Rüstəmxanlının Azərbaycan televiziyasında çıxışına qulaq asmışam və bir daha yəqin etmişəm ki, o, həqiqətən sözü ağzında bişirib dilinə gətirir, yüz sözdən birini, ən sərrastını seçir, ona görə həmişə hədəfi düz nişan alır. Onun fəlsəfəsinin və məntiqinin qabağında tab gətirmək mümkün deyil. Həmin o televerilişdə Sabir müəllim aparıcıya məhəl qoymadı. Cənubi Azərbaycandan, güneydə yaşayan həmvətənlərimizin üzləşdiyi problemlərdən danışdı. Axırda tele-müxbirin ünvanladığı “Həyatda ən çox nəyi xoşlayırsan?” sualına Sabir Rüstəmxanlı bircə kəlməylə cavab verdi: BÜTÖVLÜYÜ.
Artıq bir nəhəng sənət adamı üçün, vətəndaş üçün bu söz əqidə, məram, məqsəd, tamlıq idi. Sözün ucundan tutub ucuzluğa getmək lazım deyildi. Bu üstüörtülü məntiqi hər kəs anlayırdı, hər kəs deyə bilmirdi, çəkinirdi, qorxurdu, ehtiyatlanırdı. Sabir Rüstəmxanlı isə Sovet DTK-sının təzyiqinə məhəl qoymurdu, özünü millət yolunda fəda etməyə hazır idi.
Yeri gəlmişkən, Sabir müəllimi cəsarət simvolu kimi, müdrik, bütöv şəxs kimi xarakterizə edərkən bir konkret yaxşılığını da yada salmaq istəyirəm. “Yazıçı” nəşriyyatının baş redaktoru olarkən bəzi istedadsız bədxahlar şeirlərdən ibarət qovluğumu bilərəkdən itirmiş, gizlətmiş və sonra guya mənfi rəy yazdırmaqla məni çəkindirmək, poeziyadan uzaqlaşdırmaq məqsədi güdmüşdülər. Baş redaktorun ciddi müdaxiləsi və təzyiqi sayəsində qovluq tapılıb ortaya gətirildi, həmin nəşriyyat şairlərinin iştirakıyla müzakirə başlandı. Heç kəs cınqırını çıxartmadı, bir irad tutmadı. Ən nəhayət, Sabir Rüstəmxanlının özünəxas gur səsi eşidildi: “İnsafınız olsun, bu nə rəydi, yazdırmısız, bu şəxsin şairliyinə zərrəcə şübhə yoxdur”. O zaman maneələrə tuş gəlsə də, “O ağacın kölgəsi” adlı şeirlər kitabım “Yazıçı”da nəşr olundu, pis qarşılanmadı da.
* * *
Sabir Rüstəmxanlı “Ömür kitabı”nı – “Anamın kitabı”nı 25il öncə yazıb. Bu nəinki bədii publisistikamızın, tarix elmimizin, eyni zamanda ədəbiyyatımızın şah əsəridir. Bu adicə kitab deyil, bir ana laylasıdır, ata çağırışıdır, müdrik baba vəsiyyətidir.
Sözün həm mütləq, həm həqiqi mənasında bu kitab bir “SABİRNAMƏ”dir. Mirzə Ələkbər Sabir ötən əsrin başlanğıcında “Hop-hopnamə” yaratmışdır, elə həmin yüzilliyin sonunda Sabir Rüstəmxanlı özünün “Anamın kitabı”nı yazmaqla “Sabirnamə”ni ortaya qoydu.
Çoxlu sayda kitablar nəşr olunub, yazılıb, yazılacaq da! Bu kitabın misli-bərabəri yoxdur, kitablar kitabıdır. Azərbaycan xalqı üçün bu kitab Lev Qumilyovun “Qədim Rus və Böyük Çöl” kitabıdır, Oljas Süleymenovun “Aziya”sıdır, Çingiz Aytmatovun əski qazax türkünün tarixindən bəhs edən romanlarıdır.
Məzmun, forma bir yana, bu kitab M.F.Axundovun “Kəmalüdövlə məktubları” əsərinin əks-sədasıdır. Allah Mirzə Fətəliyə də rəhmət eləsin!
Mənim yaxşı yadımdadır, “Ömür kitabı”nın Azərbaycanda doğurduğu böyük əks-səda. 1989-cu ildə kitab “Gənclik” nəşriyyatında çapdan çıxdı və ilk nüsxələri əl-əl gəzdi, satışa çıxmağı ilə qurtarmağı bir oldu. Hətta o zaman gəlin köçən qızların cehizliyinə Sabir Rüstəmxanlının məlum kitabını da hədiyyə qoyurdular…
Bax, doğru sözün, ürəkdən tikan çıxaran müdrik sözün qiyməti və hikməti bundadır. Əhsən onu ərsəyə gətirib ortaya çıxaran istedada!
Sabir Rüstəmxanlı millət vəkilidir, ancaq yetkinlik çağlarından millətinin vəkilidir. O, fəxri addan, orden-medaldan, şöhrətdən ucada durur. Lazım gələndə onlardan imtina da etməyi bacaran nadir tarixi şəxsiyyətlərdən biridir.
* * *
“Ömür kitabı”ndan sətirlər:
“Tarix həm də duyğu həqiqəti ilə yazılmalıdır!”
“Həqiqət – elmi kitabların təsvir etdiyindən daha canlı və daha zəngindir”.
“Bu yazı – mənim məhəbbət məktubumdur!”
Gözün aydın olsun, Sabir müəllim, “məktub yetişdi”, xalqına gözəl kitablar yadigar qoydun! Ardı gəlsin, axı sən özün deyirsən:
Arzu da beləcə sərhədsiz olur,
Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün,
Payımız gəlibdir göydən beləcə!
Ağacəfər HƏSƏNLİ

Comments are closed.