”İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan xəritəsi ilə bağlı açıqlama verib. O bildirib ki, hər kəs bir xəritə çap edə bilər, lakin bunlar boş şeylərdir: “Nəzərə alın ki, Ermənistanda neçə illərdir “Böyük Ermənistan” xəritəsi çap edilir. Siz bir xəritə hazırlaya və keçmiş SSRİ-ni Azərbaycan adlandıra bilərsiniz. Mən öz təcrübəmə, dünyagörüşümə, intellektimə əsasən deyirəm ki, bu məsələni ABŞ nə bacarar, nə də buna gedər”.

Qeyd edək ki, Əfşar Süleymani hələ səfir olduğu dövrdə Bütöv Azərbaycan ideyasına qarşı özünün qısqanc, sərt mövqeyi ilə seçilib. O, 2006-cı ilin martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında Dünya Azərbaycanlıları Konqresinin o vaxtkı sədri Cavad Derəxtinin çıxışından əsəbiləşərək “Siz Bütöv Azərbaycanı, birləşməyi yuxunuzda görərsiniz” demişdi. Martın 17-də isə İran səfirliyi qurultayda səslənən çıxışlarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərmişdi. Sözsüz ki, indi heç bir rəsmi status daşımadığı halda onun bu cür danışması təbii qəbul oluna bilər. 

Lakin Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı “Gündəlik Teleqraf”a bildirib ki, keçmiş səfiri cavabsız qoymaq doğru yanaşma deyil. Onun sözlərinə görə, Ə.Süleymani Bütöv Azərbaycan ideyasının boş bir şey olduğunu öz adından deyə bilər. Amma mənsub olduğu 50 milyonluq azərbaycanlının adından danışa bilməz: “Heç şübhəsiz ki, bu 50 milyonun içində Əfşar Süleymani kimi düşünən digər insanlar da var. Yaxud bütövlükdə İranın min il ərzində türk dövləti olduğunu və buna görə gələcəkdə də bütöv İranın türk dövlətinə çevriləcəyini, türklərin hakimiyyəti altında olacağını xam xəyal hesab edənlər var. Amma Azərbaycan xalqının azadlığı, müstəqilliyi, gələcəyi əfşar süleymanilərin iradəsindən asılı deyil. Bu, xalqın iradəsinə, tarixin hökmünə, Allahın yazdığı taleyə bağlıdır. Ona görə Əfşar Süleymani də bu iddia ilə özünü gülünc vəziyyətə salır. Əgər o müsəlmandırsa inanmalıdır ki, millətlərin də taleyi Allahdan, onun yazısından asılıdır. Bir gün bu birlik baş tutacaq. Ona doğru gedən yol ola bilsin ki, bir qədər mürəkkəb olsun, hələ güneydə müəyyən proseslər getməlidir. Amma biz bu birliyə 1945-46-cı illərdə çox yaxın olmuşuq. Güney və Quzey Azərbaycanın xəritələri o vaxt cızılıb. Onu əfşar süleymanilər cızmayıb, millət özü tarixi boyu, min illər ərzində cızıb. Hələ bizim eradan əvvəl, VII əsrdə güneydə sakların yaratdığı türk dövləti olub. Sərhədləri bəlli Manna, Atropatena dövlətləri məlumdur. Sasanilər, Əhəmənilər dövründə də türklərin yaşadıqları bölgələrin sərhədləri məlum idi. İndi coğrafi bölgünü qəlizləşdiriblər, əhalini müxtəlif bölgələrə dağıdıblar, amma bu gün də tarixi sərhədlərimiz bəllidir. Vaxtilə tək bir Azərbaycan ostanı vardı, indi o ostanlıq 6 yerə bölünüb. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan ostanlarıdır. Bu ostanlıqlar tarixən azərbaycanlıların yaşadıqları yerlərdir. Hətta biz tarixə bir qədər də baş vursaq, bu sərhədləri Kəngər körfəzinədək uzada bilərik. Buna şübhə etmək sadəlövhlük və ağılsızlıqdır”.

S.Rüstəmxanlı qeyd edib ki, Ə.Süleymani İranın səfiri olsa da, onu Azərbaycan vətənpərvəri, Azərbaycanı sevən bir insan kimi tanıyıb: “Hətta o bir vaxtlar mənə demişdi ki, əgər mən səfir olmayanda Azərbaycan Qarabağ uğrunda Ermənistanla müharibəyə başlasa, mən də bir azərbaycanlı oğlu kimi, Azərbaycan əsgəri kimi çiynimə silah götürüb müharibəyə gedərəm. Mən onun bu sözlərini dəqiq xatırlayıram. Bu sözlər məndə ona qarşı hörmət yaratmışdı. Amma o, bu gün İran dövlətinin və bugünkü İran hökumətinin maraqlarını nəzərə alıb belə fikirlər işlədirsə, bunun da heç bir əsası yoxdur. Tarix bizi addım-addım o xoşbəxt günə yaxınlaşdırır. İran bir imperiyadır və imperiyaların sonunu görürük. Milli dövlətlərin yaranması prosesi yüz ildən artıqdır davam edir və bu proses qarşısıalınmazdır. Biz heç kimin torpağına iddia etmirik, sadəcə bu yerlər etnik azərbaycanlıların yaşadığı tarixi ərazilərdir. Bizim öz tarixi Vətənimizə iddiamızı və istəyimizi ortaya qoymağımız da heç bir dövlət tərəfindən qadağan oluna bilməz. Bu istək gec-tez həyata keçəcək”.

Comments are closed.