Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı  Modern.az saytında  “Pəncərə” layihəsinin qonağı olub.

“Ömrümüzü baltalaya-baltalaya gedirik”

– Sabir müəllim, son vaxtlar cəmiyyətdə dəyişkən proseslər gedir.
Bunlar sizin ümumi əhvalınıza necə təsir edir? İçinizdə yorğunluq hissi varmı?

– Yaradıcılıqdan və işdən yorulmuram. Ara-sıra mənasız söz-söhbətlərdən və həyatımızdakı bir çox gərəksiz münaqişələrdən yoruluram. Cəmiyyət bir neçə təbəqəyə bölünür. Görünür, tarixən belə olub. Onun bir növü cəmiyyətin mühərriki, onu hərəkətə gətirən, onu irəli aparan, millətin beyninə qida verən, taleyi üçün məsuliyyət daşıyan, ikinci növü isə məsuliyyətsizcəsinə ancaq danışanda bir dəstədə qeybətlə cəmiyyətdə ikitirəlik, üçtirəlik salan, illər uzunu yaradılan mənəvi dəyərləri gözdən salmaqla gələcəyə ümidsizlik aşılamaqla məşğul olan təbəqə. İstər-istəməz buna bənzər hadisələrlə adam rastlaşanda onun psixoloji təsiri altında olur. Təbii ki, biz indi buna öyrəşmişik. Görünür, bu şəraitdə yaşadığımızdan davamlı olaraq bir tərəf od qalayandı, bir tərəf də odu söndürəndi. Bir növ bədənimizdə, psixoloji durumuzmuzda zəhərə, zəhərləyənlərə qarşı imunitet yaranıb. Bizim mühitə bioloji alışqanlığımız var. Bir çox məsələlərə sakit, normal gözlə baxanda, onlar dözülməzdir. İnsan gərginliklərin içindən keçib uzun müddət yaşaya bilməz. O insanın ömrünü çürütməkdi. Sonra görürsən ki, biz buna vərdiş etmişik. Doğulandan ölənə kimi ömrümüzü baltalaya-baltalaya gedirik. Baltalanan, kəsilib doğulan ömrümüzü davam etdiririk. Amma təbiətin də öz qanunauyğunluqları var. Ağac nə qədər çox baltalanırsa, bir o qədər sıx pöhrə verir. Ona görə də elə bir yorğunluq hiss etmirəm. Bütün günü gərgin iş şəraitində oluram. Çox vaxt gecələr yaradıcılıqla məşğul oluram. Təbii ki, yazmaq məni heç vaxt yormur.

“Haqqımda elə böhtanlar yazırlar ki…”

– Konket olaraq, bu gün Sabir Rüstəmxanlını nə narahat edir?

– Bir də görürsünüz ki, qəzetin bir köşəsində, bir küncündə nəsə yazırlar. Heç özüm haqqında demirəm. Özüm haqqında ciddi nə yazacaqlar?! Mənim haqqımda nəsə yazanda cavablarını da alırlar. Mənim haqqımda elə böhtanlar yazırlar ki, oxuyan oxucu görür ki, hamısı böhtandı. Bir də görürsən ki, kiminsə haqqında inandırıcı görünən nəsə yazanda, ya iki ziyalımızı mətbuat səhifəsində bir-birini söyən görəndə, ya gənclərlə yaşlı nəsil arasında mənasız atışamalar görəndə və yaxud da ölkənin ümumi taleyi ilə bağlı ağlasığmaz uydurmalar eşidəndə, narahat oluram. Bu gün qəzet səhifələrində təhlillər yer alır. Onların çoxu ciddi elmi əsaslara, beynəlxalq aləmdə baş verən ciddi reallıqlara  söykənmir. Belə yazıları oxuyanda adam üzülür. Düşünürəm, niyə bu səviyyədəyik?! Bu həm mətbuat, həm televiziyalarımıza aiddir. Axşam evinə yorğun gedirsən. Oturursan,  rahat çay içə-içə Azərbaycan televiziyalarına baxmaq istəyirsən. Televiziya açan kimi bir serial çıxır qarşına. Serialda personajlar yarırus, yarıazərbaycan dilində danışır. Axı sənin nə ixtiyarın var millətin evinə girəsən, milləti bu cür təhqir edəsən? Sən küçədə, bazarda, öz xarabanda danışırsan, danış. Amma sənin o boyda televiziyada, camaatın gözü qabağında bu cür danışmağa nə ixtiyarın var? Təkcə bu problem seriallarda deyil. Aparıcılarımız da bu cür danışırlar. 22 ildir Azərbaycan müstəqildir. Müstəqilliyin nə demək olduğunu başa düşürlər?! Nə diriyə hörmət edirlər, nə ölüyə. Baxırsan, ekranlara çıxanların sifətinə, geyiminə: qadınlı-kişili nə vəziyyətdədirlər, İlahi?! Mənim hörmət etidiyim ANS TV-ni və başqa TV-ləri açırsan, iki gündən bir meyxana gedir. Bütün Azərbaycana meyxana oxutduracaqlar sanki!  Bunun şeiri şer, musiqisi musiqi deyil; orada oturanların danışığı normal danışıq deyil… Amma içində istedadlı adamlar da var, təbii ki, buna heç kim heç deyə bilməz. Digər bir məsələ. Səhər tezdən TV-ləri açanda 4 kanalda birdən muğam oxuyurlar. Sağ olsun Mehrian xanım,  Azərbaycanın unudulmaqda olan, ögey münasiət bəslənilən musiqisinə həyat verdi. Muğam Mərkəzi yaratdı. Mehriban xanımın diqqəti bu sahəyə yönəlib deyə, səsi olan da, olmayan da muğam oxuyur. TV-lər yeri oldu, olmadı, muğama yer verir. Televiziyalarda koordinasiya olmalıdır, heç olmasa, bir-birinin kanalına baxsınlar və təkrar eyni şeyləri verməsinlər. Bu günlərdə xaricdən gələn qonağın biri mənə dedi ki, sizin televiziyalarda sanki xəbər çatışmır. Deyəsən sizdə  ancaq konsertə üstünlük verirlər. Fikir verin: millətimiz müharibə şəritində olan problemli millətdir. Son vaxtlar Dərbənd haqqında maraqlı verilişə baxmamışıq. Ciddi xəbər proqramlarının olması son dərəcə vacibdir. Bəzən insanlar ciddi obyektiv səbəb olmadan yorulur. Baxırsan çörəyi də, suyu da var. Amma mühitə baxıb belə şeyləri görəndə yorulur. Bir tikə çörək də onun üçün zəhərə dönür. Millətin dəyərlərinin dəyişdiriliyini, adətin-ənələrinin unudulduğunu, televiziyada, mətbutda milli strategiyadan uzaqlaşdırıldığını görəndə, insanlarda milli dəyər duyğusu yox olur. Məktəblərimizin, təhsilimizin milli strategiyası olmalıdır. O olmayanda, əlbəttə ki, çətin olacaq. Bu gün gənc nəsil işğal altında olan rayonlarımızın işğal tarixini bilmirsə, onda düşmənə qarşı nə cür mübarizə aparacağıq? Bəlkə, burada bizə qarşı qəsd var?Bir nəsil olaraq, içimizdə narahatçılıq yaradan bu şeylərdir. Yoxsa, şəxsi məsələlərə qalsa, Allaha şükür, bir qələmimiz var, hələ ki, öz qaydasında işləyir.

“Hansı məqamda qabağa düşüb sözümüzü deməmişik?”

– Yeri gəlmişkən, Azərbaycanda ziyalı sözünün kəsəri itib. Bu haqda nə düşünürsünüz? Doğurdanmı, ziyalı sözünə olan münasibət ögeyləşib?

– Tamamilə düz deyirsiniz. Ziyalı məsələsi çox ciddi problemdir. Son vaxtlar baxıram ki, Türkiyə    televiziyalarında Atatürkə qarşı açıq-aşkar bəzi verilişlər var. Hətta biri deyirdi ki, Atatürk olmayacaqdı, bir başqası ortaya çıxıb vəziyyəti dəyişəcəkdi. Tamamilə yanlış yanaşmadır. Şəxsiyyətin rolu tarixi proseslərdə danılmazdır. Böyük sərkərdələrin yetişməsi nadir prosesdir… Ziyalı da hər günyetişmir. Bu gün biz müstəqilliyimizi əldə etmişik. 1918-ci ildə bu müstəqilliyi quran Avropada təhsil almış bir dəstə var idi. Onların sayı 100-ə çatmırdı. Onlar olmasaydılar – Dumada, Qafqaz Seymində -Azərbaycanın müstəqiliyi olmazdı. O zaman Azərbaycan adlı bir dövlət qurmaq istəmirdilər. Bu torpaqları parçalayıb xristian xalqlarına vermək  istəyirdilər. Həmin ziyalıların iradəsi bu dövləti qurdu. Təəssüf ki, bugün də həmin ziyalıların qiymətini bilməmişik. Sonrakı proseslərdə  də, Azərbaycanın son tarixi dövrlərində də, ziyalıların böyük rolu olub. Bütün tarix boyu ağıllı dövlət başçıları ziyalıları həmişə qoruyublar, sarayın ətrafına yığıblar. Bəziləri deyirdilər ki, ziyalıları sarayın ətrafına yığırdılar ki, mədhiyyə desinlər. Qətiyyən elə deyil. Ağıllı padşahlar ziyalıları ətrafına yığırdılar ki, onlara himayədar olsunlar. Dövlətin möhkəmlənməsi ilə bağlı məsələlərdə hakimlərə yardım etsinlər. O dövrün tarixi ədəbiyyatını yazınlar. Sovet dövründə də ziyalılara xüsusi münasibət olub. Amma müstəqillik dövründə nə baş verdisə, qınanan ziyalı təbəqə oldu.Yazıçı kitab yazır, millətin müəyyən hissəsinin fikrinin aydınlaşmasına, beyninin işıqlanmasına yardım edir. Müəyyən həqiqətləri göstərir. Sonra yazıçı ən çətin məqamda xalqın qarşısına çıxıb, xalqın yanında olur. Bu gün cəmiyyət ziyalıdan çox şey umur. Mənə elə gəlir ki, əsl ziyalıların əksəriyyəti buna hazırdır. Həm yazmağa, həm də silah götürməyə. Bunun müqabilində təhdidlə üzləşəndə, bütün baş vermiş günahlar onların çiyninə yüklənəndə, artıq dözülməz olur. Son 25 ildə millətin taleyi ilə bağlı hansı məsələlər ortaya çıxıb ki, biz onlardan qaçmışıq? Hansı məqamda qabağa düşməmişik? Sözümüzü deməmişik? Mən özümü fikirləşirəm ki, hər halda düşmənlərimizə cavab verən ilk kitabı mən yazmışdım. Onu qızlarımıza cehiz kimi verirdilər. Xalqı meydana çağıran, hərəkatın yaranması üçün xalqa müraciət edən, meydanda günlərlə çıxış edən və ardınca ilk müstəqil “Azərbaycan” qəzetini yaradan, ondan sonra azad mətbuatın yaradılması, bütün bunlar harada nə lazım olubsa, etmişəm. İlk müstəqil Azərbaycan deputat bloku yaratmışdıq. Onun sədrlərindən biri idim. Elə onun da təsiri ilə Müstəqillik Aktını qəbul etdik. Belə düşünürəm ki, təvazökarlıqdan uzaq olsa da, bir adam öz həyatında vətəninin taleyi ilə bağlı boynuna nə düşürsə, onu ancaq bu cür edə bilər. Bizim mühitdə, bizim şəraitimizdə nəyə bacarmışamsa, onu da etmişəm. Bunun müqabilində bir də görürsən ki, dünən yumurtadan çıxanlar bu millətin taleyindən, o hərəkatdan xəbərsiz, heç bir məsuliyyət duyğusu olmayan, ancaq gəlib o bəhərdən barınan, gen-bol hər şeyi olan, bizim sıxıntılarımızın mində birini yaşamayan adamlar ziyalılara dil uzadırlar, o cümlədən də mənə.

“Mənə qarşı olan kampaniyanın səbəbi odur ki…”

– Bu yaxınlarda sizə qarşı “qara piar” kampaniyası təşkil olunmuşdu. Hazırda kampaniyaya son qoyulubmu?

– Düşünmürəm ki, son qoyulub… Bəzən mənim uzaq qohumunun dilindən bir kəlmə söz çıxanda, onu mənə qarşı hədəf kimi istifadə etmək üstəyirlər.Mənim sözüm isə bir kənarda qalır.Mənə qarşı olan kampaniyanın səbəbi odur ki, milli ideyalara, milli dəyərlərə xidmət edən adamlardan biriyəm.Mənim kimi adamaların olması, görünür, cəmiyyətdə bəzi dairələrə sərf etmir.Onlar mənim dediyim məhz o nöqtələri hədəf seçiblər ki, bu, millətin gələcəyi ilə bağlı ən çox məsuliyyət daşıyan yerlərdir.Mən özümü o yerlərdən birində təsəvvür edirəm.

Sona qədər mübarizə aparmaq fikriniz varmı?

– Xüsusi mübarizə aparmaq fikrim yoxdur. Şərə qarşı nə mübarizə aparacaqsan ki? Mən öz yolumu gedirəm.Vicdanı olan zaman keçdikcə görür ki, yalnış deyib, yalnış yazıb.Daxilində etiraf edir ki, düz yolda deyil.Digər tərəfdən də bu işə qəsdli şəkildə qoşulanlar sonra səhvini başa düşüb yanlış yoldan ayrılır. O adamlar ki, xüsusi olaraq bu işlə məşğul olmağa yönəldilib, sabah əyninə qızıldan don geyin, peyğəmbər övladı ol, o yoldan dönməyəcək. Onun niyyəti bəllidir. Təbii ki, onlara qarşı mübariz aparmaq əsəbləri korlamaq deməkdir. Mənə qarşı kimsə, nəsə desə, ayda, ildə bir kərə sözümü deməklə cavab verirəm. Hər gün mənə bir daş atacaqlar deyə, bununla məşğul ola bilmərəmki! Elə yalanlar var ki, heç ona cavab vermək lazım deyil. Mənim həyatımın 40 ili bu millətin gözü önündədir. Əgər millət məni görməyəcəksə, o yazılan şər-böhtana inanacaqsa, qoy inansın. Onda biz elə buna layiqik.

“Bəzən iqtidar partiyasının təmsilçisi dialoqda elə şeylər deyir ki…”

– İqtidar-müxalifət dioloqu baş tutmur. Sizcə bunun səbəbi nədir?

– Bizim cəmiyyətdə son vaxtlar ittiham mövzularından biri də budur ki, niyə sən tam iqtidarın və ya radikal müxalifətin yanında deyilsən? Mən 21 ildir vətəndaş həmrəyliyi yolunu seçmişəm. Bu yol sizin dediyiniz dialoq yoludur. Cəmiyyətin müxtəlif qütblərinin yaxınlaşması yoludur. Bu yaxınlarda prezident jurnalistlərlə görüş keçirib. Görürəm ki, mətbuatda normal yazılar gedir.Müəyyən ümidlər yaranıb ki, mətbuatın problemləri həll oluna bilər. Hər şeyi dialoqla həll etmək olar. Bizim cəmiyyətin düşməni olduğu halda, öz içimizdə düşmən axtarmaq olduqca gülüncdür. Ona görə də mənim mövqeyim dialoqdur, milli birlikdir.

– Bəs hansı tərəf addım atmalıdır?

– Təmsil olunan tərəflərin dediyi söz real söz olmalıdır. Mən gedib ölkədən kənarda Azərbaycan hakimiyyəti haqqında nəsə söz deyib, həll edə bilmərəm.Millət vəkili kimi öz boynuma düşən və imkan daxilimdə olan məsələlərdən danışa bilərəm. Bəzən iqtidar partiyası dialoqda oturub qərar verir, amma bilmir ki, partiya onu o şəkildə qəbul edəcək, ya yox. Yəni görüş naminə görüş yox, hazırlanmış, əsaslanmış dialoqlar olmalıdır.

– ATƏT bir neçə dəfə iqtidar-müxalifət nümayəndələrini bir araya gətirib. Olmazmı ki, bunu içimizdən bir ziyalı təşkil etsin?

– Onun məsuliyyəti ağırdır. O dialoq bizim cəmiyyətdə daimi gedir. Heç kim içində nəyisə gizləmir. İqtidar mətbuatında, müxalifət mətbuatında bir-birlərinə olmayan dərəcədə qarşılıqlı ittihamlar var. Bu əslində nəticəsiz dialoqdur. Mən nəticəsi olan bir dialoq istəyirəm. Bir sıra milli məsələlərdə müxalifətlə iqtidar arasında elə də ciddi fikir ayrılığı yoxdur. Ən çətin məqamlar hakimiyyət bölgüsü zamanı olur.Buna da normal baxmaq olar.

“Namizədliyimi verməyəcəyəm”

– 2015-ci ildə növbəti parlament seçkiləri olacaq. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı?

– Mən bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm.

– Bəs niyə namizədliyinizi verməyəcəksiniz? Bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə siyasi proseslərdən yorulmusunuz?

– Mən siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm.Yaşımın elə bir vaxtıdır ki, özümü o proseslərdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsildən tutmuş o ölkələrdəki siyasi problemlərinə qədər, yardım etmək istəyirəm.

– Artıq seçkilər bitib. Bilmək olarmı ki, kimə səs verdiniz?

– Elə şeylər var ki, onu paylaşmağa ehtiyac yoxdu.

– Bayaq televiziyalarda olan dil məsələsinə toxundunuz. Siz bir dəfə qeyd etmişdiniz ki, bəzi məmur övladlarının bir çoxu Azərbaycan dilində danışa bilmirlər.Yenə sözünüzün üstündə durursunuz?

– Dil məsələsi millətin ölüm-dirim məsələsidir. Dil varsa, millət var. Azərbaycanda başqa dillərin öyrədilməsi yaxşı prosesdir. Mən istəyirəm ki, insanlar bir çox dili bilisinlər. Amma bütün bunlar öz dilimizin unudulnası ilə ola bilməz. Uşaq balacalıqdan öz dilində oxumalıdır. Ana dilində oxumaq onun beyninin düzgün inkişafına gətirib çıxarır. Yaponlar bunu araşdırıb ki, ana dili insanların beyninin bir yarımkürəsində, digər dillər o biri yarımkürədədir. Nədənsə dil məsələsi ortaya atılanda çox vaxt insan haqları yada düşür. Öz dilində pəltək danışan nazir olmamalıdır. Bu millətə həqarətdir. Onda heç onlara ehtiyac olmaz, başqa ölkələrdən gətirib nazir qoyaq. Niyə səfirlər gəlib 1-2 dildə bu dili öyrənirlər, bizim insanlar öyrənə bilmirlər. İllər uzunu bir çoxları millətdən danışır. Ancaq Azərbaycan dilində elə danışırlar ki, elə bil erməni dilində danışırlar. Çox uşaqlar  rus dilində oxuyur, onların qəhrəmanı Babək, Şah İsmayıl deyil. Ölkənin içində müxtəlif psixoloji xəttlər yaranır. O zümrədə olan insanlarda bizə yuxarıdan aşağı baxmaq meyli yaranır. Əlimdə imkan olsa, uşaqların öz dilini öyrənmələrinə çalışaram.

“Övladlarımdan razıyam”

– Övladlarınızı düşündüyünüz kimi tərbiyə edə bilmisiniz?

– Bunu iddia etmək çətindir. Son 25 ildə o qədər çətin dövr yaşadıq ki, özümüzə vaxt sərf edə bilmədik. Özümüzü unutduq. Hətta qələmdən ayrı düşdük. 1991-1995-ci illərdə nazir oldum. 4 il kitab yada düşmədi. Ancaq son illərdə sevinirəm ki, kitablarım çap olunur.

– 4 il nazir də olmusunuz. Siyasi proseslərin içində ola-ola övladlarınıza yetərincə qayğı göstərə bilmisiniz?

– Övladlarım böyüyüb. İndi hərəsinin öz ailəsi var. Onlardan razıyam. Başqa şərait olsaydı, daha çox diqqət ayırardım.Son 5 ildir ki, Aydan yanımdadır. O biri övladlarıma göstərə bilmədiyim qayğını da çalışıram ki, ona göstərim. Deyə bilmərəm ki, buna vaxt qalır.

“Mən o havanı dünyanın heç bir yerində görməmişəm”

– Hobbiniz nədir?

– Hobbim üzməkdir. Ən azından bunu 2 gündən bir edirəm. İmkanım olsa, boş vaxtımı təbiətdə keçirərəm, yaz vaxtı ağac əkərdim.

– Geriyə baxanda hansı illəri qaytarmaq istərdiniz?

– Mən hər şeyə realist baxıram. Mümkün olmayan şeyi arzulamaram.Ancaq təbii ki, yaşadığımız uşaqlıq illəri və böyüdüyümüz torpaq nə qədər kasıb, sadə görünsə də, insana şirindir. Mənim Yardımlıda dağın döşündə balaca bir evim var. Dünyanın harasına gedirəmsə, elə o yamacdaki tək evi görürəm. Oraların xüsusi havası var. Mən o havanı dünyanın heç bir yerində görməmişəm. Birdən-birə Dədə Qorqud dövrünə qayıdıram. Bu yaxında prezidentin Yardımlıya səfərindən sonra xahiş etdim ki, o yollar düzəldilsin. 7-8 kəndi birləşdirən yol asvaltlanır. İnsanlar əziyyət çəkirdi. İnsan yaşa dolduqca içindəki xiffət artır, insan həyatın mənası, bəlkə də mənasızlığı haqqında daha çox düşünür. Düşünürəm ki, nə yaxşı ki, həyatımı sözə bağlamışam. Nə yaxşı ki, yazaram. Hər halda düşündüyümü ifadə edirəm. Kifayət qədər sevgi qazanmış in sanam. Ömrümüzün xəcalət gətirən bir nöqtəsi yoxdur.Ona görə rahatlıq tapırsanki, o uşaqlığı yaza bilmisən. Bütün bunlar insana təskinlik verir. Düşünürsən ki, papağı boşuna yandırmamısan.

– Sabir müəllim, bəs içinizdə peşmançılıq hissi varmı?

– Ömür o qədər qısadır ki, səhvləri düzəltməyə vaxt çatmır. Hər kəsin ömrründə müəyyən səhvlər olub,  olur və bundan sonra da olacaq. Amma ona ilişib qalmağa imkan olmur. Təzə fikirlər gəlir beynimə. Rəhmətlik Elçibəy deyirdi ki, “sən o qədər ideyalar verirsən ki, amma o ideyaların ardınca getmirsən”. Mən də deyirdim ki, “mən ideya mühərrikiyəm. Onların hamısnın arxasınca gedə bilmıərəm və ona vaxtım da çatmaz”.
Elə şeylər var ki, içimdə doğulan arzular olub ki, onu gerçəkləşdirmişəm. Bu bir rahatçılıq gətirir. Peşmançılıq heç nəyi geri qaytarmır. Onun əvəzini məsuliyyətlə doldurmaq lazımdır. Bu psixolji tərbiyə üsuludur. Ekstrimal vəziyyət mənim baharımdır. Görünür mən o gərginlikdə yaşamağa öyrəşmişəm.İçimdə yettişməmiş nəyisə demirəm. Zamanın axarında daxili tempim var.

“Deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur”

– Bir çox insanlar yaşları artdıqca, qorxurlar. Siz yaşlanmaqdan qorxmursunuz?

– Ancaq deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur. Ona söz yoxdur. İsanın bütün yaş mərhələlərini yaşaması gözəldir. Doğrusu, mən qocalıq ffikrini özümə yaxın buraxmıram. Qocalmış odur ki, bütün işlərini kənara atıb sahildə nərd oynayır. Mən hələ Milli Məclisin siyasi meydanındayam, beynəlxalq aləmdəyəm. Hər 2 aydan bir xarici ölkələrə gedirəm. Gecə-gündüz də qələmim işləyir. Amma reallıq var. Cavan vaxtlarımda 35 səhifə yazırdım, indi isə bir az azalıb. Hər axşam 7-8 səhifə yazanda çox sevinirəm. Bu yaşın gətirdiyi nöqsan, zəiflikdir. 35 və 60 yaş arasında elə ciddi bir fərq yoxdur. Bunu ona görə deyirəm ki, qoy yaşlılar narahat olmasınlar. Mənim yaşıma gəlib çatanda, heç nə itirməyəcəklər. Əvvəlki bir çox əyləncələrdən silkələnməlisən. Bir limit var əlində onu daha qənətlə işlədirsən.

– Daxilinizdə qorxu hissi yer alıbmı?

– Mənim içimdə heç vaxt qorxu olmayıb. İndi qorxuya bənzər başqa bir şey var. Bəzən uşaqlarım narahatçılıq çəkəndə mənim nüfuzum yardımçı olur. Amma cəmiyyətimiz getdikcə dəyərləri itirməkdədir. İndi təzə bir nəsil gəlir. Rüstəmxanlı soyadını eşidəndə daha quduzluqla yanaşırlar. 20 il bundan əvvəl bizə bir çınqıl atanı daş-qalaq edərdilər. İndi bir-birimizi müdafiə edə bilmirik. Fikirləşirəm ki, uşaqlarımız necə cəmiyyətdə yaşayacaqlar? Bunun qorxusu var  içimdə.

Namidə BİNGÖL

Modern.az

Comments are closed.