Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı tanınmış rejissor və VHP sədrinin mədəniyyət msələləri üzrə müşaviri Rövşən Almuradlını 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:  “Əziz Rövşən bəy!

Sizi 60 illik yubileyin münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, cansağlığı arzulayıram. Siz Azərbaycanın həm teatr, həm də kino rejissorluğunu özündə birləşdirməyi bacaran azsaylı istedadlı sənət adamlarımızdansınız. İstər teatrda, istərsə də film sahəsində əldə etdiyiniz uğurlar həm də Azərbaycanın məşhur ziyalısı, teatr və kino xadimi Adil İsgəndərov ənənələrinin yaşaması və inkişafı deməkdir.

Hələ gənclik illərindən siz vətənini, millətini sevən bir ziyalı olaraq onun azadlığı, milli şüurun inkişafı üçün əlinizdən gələni etmisiniz, hətta bəzən öz həyatınızı da riskə qoymusunuz. Sizin rejissorluğunuz altında tamaşa qoyulmuş Mövlud Süleymanlının “Dəyirman” əsəri dövrünün siyasi mənzərəsini özündə əks etdirməklə ciddi ədəbi müzakirələrə səbəb olmuşdu. Məhz bu əsər sizin cəsarətli rejissor olduğunuzu bir daha təsdiqlədi. 

“Hücum” qısametrajlı filmi əgər erməni işğalının tarixi qatına işıq tuturdusa, “Yük” filmi milli burjuaziya, Azərbaycanın klassik xarakterinin ifadəsidir.

Sizin həm böyük bir vətənpərvər, həm də rejissor kimi ən böyük uğurunuz isə əlbəttə ki, “Cavad xan” filmidir. Hələ gənclik illərindən düşüncəmə və ruhuma hakim kəsilən, bir neçə şeirimdə adı keçən, poema və roman həsr etdiyim Gəncəli Cavad xanın ekranlaşdırmasında göstərdiyiniz fədakarlıq, gecə-gündüz demədən çalışmalarınız artıq yaradıcılıq zirvəsidir. Hələ inkişafda olan, texniki və maddi bazası formalaşmamış Azərbaycanfilm sənayesinin daxili imkanları hesabına belə bir film ortaya qoymaq müştərək zəhmətimiz, daha çox isə sizin yorulmaz əməyiniz və milli duyğulara könüllə, canla bağlılığınızın nəticəsidir.

“Cavad xan”dan sonrakı teatr fəaliyyətiniz, İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” pyesini səhnələşdirməyiniz də incəsənətimiz üçün bir hadisə idi.

Əziz Rövşən bəy!

Həmişə işin ağırından, çətinindən yapışmaq, çiynini ən ağır yükün altına vermək təkcə istəyinizin, arzunuzun deyil, həm də taleyinizin, istedadınızın diqtəsidir. Hazırda sizin kimi istedadlı rejissorun bu qədər yaradıcılıq enerjisi olmasına baxmayaraq, istədiyini səhnələşdirmək, ekranlaşdırmaq imkanından məhrum olması, dövlət sifarişli tamaşa və filmlərindən ayrı salınması bütün ziyalılar kimi, məni də narahat edir. Ancaq 60 yaşın böyük hissəsini bu cür enmə və qalxmalar, təlatümlər içərisində keçirən şəxs kimi inanıram ki, bütün baş verənlər sizin yaradıcılıq əzminizi qırmayacaq, öz istedadınıza arxa çevirməyəcəksiniz. Bu inadınızla nail olduğunuz yaradıcılıq uğurlarını yenə də davam etdirə biləcəksiniz.

Əziz Rövşən bəy!

Sizi bir daha ad gününüz münasibiətilə təbrik edir, uzun ömür və yaradıcılıq uğurları arzulayıram”.

Comments are closed.