Anar MAHMUDOĞLU

Rafiq Tağını Bakı şəhər Baş Polis Idarəsinin yaxınlığında hansı “cəsarət sahibi” bıçaqlamışdı? Onu reanimasiyadan niyə tez çıxartdılar? Vəziyyəti ağır kimi dəyərləndirilən xəstə ilə bağlı bütün ictimaiyyət ayaqda olduğu bir məqamda həkimlər Rafiq Tağını niyə nəzarətsiz qoyurdular? Ölümü ilə bağlı bir-birini təkzib edən bu avaragor “ekspertiza rəylərinin” məntiqsizliyini necə izahlamaq olar?

Elmar Hüseynovun qətlində dərhal Təhlükəsizlik Şurasının toplantısını keçirən Ilham Əliyev indi niyə reaksiya vermir? Hüquq-mühafizə orqanları qatilin tapılması üçün niyə operativ istintaq qrupu yaratmayıblar? Niyə “isti izlərlə” qatilin həbsi istiqamətində addımlar atılmır? Hadisədən 6 gün keçib, niyə “şübhəli şəxs qismində” saxlanan yoxdur? Bakı şəhər Baş Polis Idarəsinin böyür-başında min ədəd kamera var. Dayanacaqdan evinə gedən Rafiq Tağının arxasınca qaçanı izləmək çoxmu çətindir? Ümumiyyətlə, bu izləmələr aparılıbmı?
YAP-çı millət vəkili Səyavuş Novruzov utanc gətirəcək bir açıqlama verir, Rafiq Tağının yazılarından xəbəri olmadığını deyir və terrorun Iran dövləti tərəfindən sifariş edilməsi ehtimalını mümkün sayır. Adamın öz savadsızlığını bu qədər görüntüləməkdən utanmadığını ilk dəfədir görürəm. Rafiq Tağı bu xaraba qoyulan məmləkətin ünlü publisistlərindən, çağdaş ədəbiyyatımızın tanınmış isimlərindəndir. Rafiq Tağının yazılarını oxumamaq bir yana, bunu etiraf etməyin özü böyük bir ayıb. Adam, sən ayıbına niyə kor olmursan?
Ehtimallar uydururlar, Iranı gündəmə çıxarırlar. Çünki Rafiq Tağının ölümü ilə bağlı Iranın iki ayətullahı ölüm fətvası veribmiş? Bəs, Milli Təhlükəsizlik Nazirliyi hara baxır? Eldar Mahmudov niyə vaxtında tədbir görməyib? Niyə Rafiq Tağının ətrafında təhlükəsizlik tədbiri həyata keçirilməyib? MTN-in işinin adı nədir? Obyektlərdən haqq yığmaq, jurnalistləri izləmək, redaksiyalara “juçok” yerləşdirmək? Rafiq Tağının Iran mollalarının fətvası səbəbindən aylar sonra öldürülməsini ehtimal olaraq irəli sürmək Eldar Mahmudovu təhqir etməkdir, fars rejiminin Azərbaycanda at oynatması müqabilində əks-kəşfiyatımızın aciz qalması, girinc-giriftar olması deməkdir. Bu təhqiri qəbul edirsinizmi?
Ayətullahlar fətva veribmiş! Bəs, Ramil Usubov niyə Rafiq Tağının təhlükəsizliyini təmin etmək üçün qoruma ayırmayıb? Belə bir təhlükə var idisə, niyə aşağı-yuxarı yüz minlik polisə sahib DIN bircə polisi Rafiq Tağının müdafiəsinə göndərməyib? Polis ancaq bizi şərləmək, həbs etmək, döymək, söymək üçündürmü? 
Ya durub etiraf edin ki, başımız rüşvət yığmağa, korrupsiyaya və azad yazarların axırına çıxmağa qarışdığından, ölkədə meydan sulayan fars, rus, ingilis casuslarından məlumatımız yoxdur və heç kimik, vəzifəmizin öhdəsindən gələ bilmirik, ancaq bir qrup mafiozuq və bu xalqın sərvətlərini talamaqla məşğuluq, ya da açıq şəkildə deyin ki, Rafiq Tağını biz öldürmüşük, məqsədimiz Azərbaycanda fars rejiminin təhlükə törətməyə qadir olduğunu nümayiş etdirməklə demokratiyanı boğmaq istəyimizə haqq qazandırmaqdır; Deyin ki, azad sözü, müstəqil mətbuatı boğmağın yeni formasını tapmışıq: Qərbə göstərəcəyik ki, demokratiya olsa, fars rejimi burada idarəetməyə nüfuz edə bilər, seçkili orqanlarda adamlarını yerləşdirər. Islamçıların həbsi, hicab qadağası, dini ekstremizmlə bağlı “qanuni qadağalar” hamısı Avropanın Islam qorxusuna hesablanmayıbmı?
Rafiq Tağını Azərbaycan hakimiyyəti öldürtdürdü – ölkə daxilində azad yazarların gözünü qırmaq, ölkə xaricində demokratiya təzyiqlərindən yayınmaq üçün! Bu da mənim ehtimalımdır. Hörmətli Ilham Əliyev, sübut edin ki, səhv fikirləşirəm, yanlış düşünürəm! Sübut edə bilərsinizmi?
Bu vaxta qədər öldürülən, bıçaqlanan, şikəst edilən, döyülən hansı jurnalistin qatili, cinayətkarı tapılıb? Bir nümunə varmı ki, ondan yapışıb “sübut” kimi qarşımıza dığırladasınız, susub, səssiz qalaq?
Rafiq Tağının dəfn olunduğu gün Təhlükəsizlik Şurasının iclasını keçirmək və terrora hüquqi-siyasi qiymət vermək, dəfndə rəsmilərin iştirakını təmin etmək əvəzinə “Nizami” kinoteatrında film seyr edən prezident nəyi sübut edə bilər? Ümumiyyətlə, nəsə sübut etməyə, vətəndaşını, seçicilərini vecinə aldığını göstərməyə çalışırmı hörmətli Ilham Əliyev? Seçilibmi ki, seçicilərini də vecinə alsın?
Allahın quruca başsağlığını da rəsmi səviyyədə vermədi Azərbaycan dövləti, iqtidaryönlü qəzetlərdə Rafiq Tağının ölüm xəbəri belə getmədi. Teraktla qətlə yetirilən bir publisistə, yazara qarşı bu qədər eybəcər biganəlik göstərən hakimiyyətmi olar? Terrora dünyanın harasında bu cür “rəsmi” münasibət var?..

Comments are closed.