“Azərbaycan tarixində 5 dahi varsa, onun biri Rəsulzadə, bir dənə dahi varsa, o da bu kişidir”

 

Yanvarın 24-də ADP qərargahında Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 131 illik yubleyi ilə bağlı tədbir keçirilib. Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin tanınmış siyasətçiləri, tarixçi alimlər və Rəsulzadə sevərlər iştirak ediblər.
Toplantı Azərbaycanın dövlət himninin oxunması və şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etmə ilə başlayıb. Tədbiri giriş sözü ilə BAO başqanı Zakir Əlisoy açıb. O,  yubiley tədbirində iştirak edən hər kəsə təşəkkürünü bildirib: “Rəsulzadə hamımızın qəlbində elə bir taxt qurub ki, min illər keçsə də, silinməyəcək. Liderin həyatı da öz millətinin həyatı kimi olmalıdır. Rəsulzadənin həyatı millətinin həyatı ilə eynilik təşkil edir. O, elə bir güclü tarixi şəxsiyyətdir ki, türk dünyasının böyük dövlət xadimi Atatürk onu özünə örnək bilmişdir. Bunu öz yazılarında qeyd etmişdir. Xiyabanı, Pişəvəri və ən nəhayət Elçibəy məhz Rəsulzadənin apardığı islahatları həyata keçirməyə çalışmışdılar. Arzu edirəm ki, tezliklə paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyası gerçəkləşsin. Hər birinizə tədbirimizdə iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm”.

VHP sədri Sabir Rüstəmxanlı Rəsulzadə haqqında bunları deyib: “Rəsulzadə bəlkə də tariximizdə dərindən dərk edilməyən yeganə şəxsiyyətdir. Onun haqqında düşünəndə yalnız bir cümlə ağlıma gəlir. Əgər Azərbaycan tarixində 5 dahi varsa, onun biri Rəsulzadədir. Bir dənə dahi varsa, o da bu kişidir. Çünki bu adamn bir ideya qurdu. Dövrün bütün çətinliklərindən həqiqəti kəşf edənə qədər keçdi. O, həqiqəti reallaşdırdı. Bu gün əgər Rusiyadan 5 dövlət ayrılıbsa, bunun təməl daşını Rəsulzadə qoyub. Bu gün Rusiyanın tərkibində 17 türk muxtariyyatı varsa, bunun da təməl daşını qoyan Rəsulzadədir. O, Azərbaycanın müstəqilliyi uğrunda sona qədər mübarizə aparmışdır. Dahidir ona görə ki, ədəbiyyatımızda kimsənin yaza bilmədiyi Nizami monoqrafiyasını yazıb. BAO-ya bu cür tədbirə görə təşəkkür edirəm”.

Tarixçi alim Faiq Ələkbərov: “Azərbaycan bir ideyadır. XX əsrin əvvəllərində Cümhuriyyətimizin qurulması xalqımıza yeni bir ruh verdi. Tariximizi bilməliyik. Hər şeyin dünən yarandığını demək bizim üçün bir faciədir. Tarixi şəxsiyyətlərimizin üzərində oyun oynamamalıyıq. 100 il öncə heç birimizin ağlına gəlməzdi ki, müstəqil dövlətimiz yaranacaq. Hər şey bitdi deməməliyik. Rəsulzadənin yaratdığı ideyaları daim davam etdirməliyik. Bu yolda hər birimizə uğurlar”.

Araşdırmaçı alim Yasəmən Mahmudova Rəsulzadənin keçdiyi həyat yolu, gördüyü işlər və Azərbaycan uğrunda apardığı mübarizədən danışıb: “Rəsulzadə ömrü boyu Azərbaycan, Türküstan və Şərqin müstəqilliyi uğrunda çarpışmışdı. O, həm çar, həm də bolşevizm Rusiyasına qarşı mübarizə aparmışdır. Eyni zamanda faşizm, kommunizm və liberalizmə qarşı olmuşdur. Müsavat Partiyası liberalizm yolunu seçəndə bütün günü ağlamışdım ki, görün müsavatçılar hansı yolu gedir. Hamımız müsavatçıyıq. Müsavatçı olmaq partiya üzvü olmaq deyil. Çıxışımı Stalinin Rəsulzadə haqqında dediyi bu sözlərlə bitirirəm: “Siz Azərbaycan milli hökumətinin vicdanı idiniz. Siz Azərbaycan xalqının qəlbində elə bir toxum əkmisiniz ki, bu toxumu silmək üçün uzun illər mübarizə aparacağıq”.
Müsavat Partiyasının başqanı Arif Hacılı: “AXC-nin qurulması romantik bir ideya kimi görünürdü. Rəsulzadənin böyüklüyü onun ideoloq, ədəbiyyat alimi, ziyalı olmasında deyildi. Onun qurduğu sistem indi də davam edir. Rəsulzadə Azərbaycan tarixinin ən möhtəşəm partiyalarından biri olan Müsavatın, müsavatçılıq ideologiyasının qurucusudur. Bu günün prizmasından baxanda Rəsulzadənin gördüyü işlər asan görünə bilər. İkinci dünya müharibəsindən sonra böyük dövlətlərin toqquşmaları fonunda AXC-nin qurulması, neft şəhərlərindən biri olan  Bakının paytaxt olması qazanılan inanılmaz uğurlar idi. Burada qələbə və məğlubiyyətlərdən danışıldı. Təbii ki, biz bu gün qalib durumda deyilik. Tarixi ərazilərimin 10%-ində dövlətimiz mövcuddur. Biz toparlanmalıyıq. Başqa ideya axtarmaq lazım deyil. Müsavatçılıq ideologiyamız var. Burada Müsavatın liberal partiya olduğu qeyd olundu. Amma Müsavat müsavatçı partiyadır. Müsavatçılıq ümumi bir sistemdir”.

Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə tədbirin təşkilatçılarına, çıxışçılar və iştirakçılara öz təşəkkürünü bildirib: “Bu gün ki tədbir tam yerində idi. Faiq müəllimə gözəl çıxışına görə minnətdaram. Arzu edirəm cəmiyyətimizdə birlik olsun. Hamı bir mövqedən-Azərbaycan mövqeyindən çıxış etsin. Hamınıza uğurlar arzulayıram”.
Toplantının sonunda tarixçi Dilavər Əzimli çıxış edib: “Rəsulzadə XVI-XX əsrin arasındakı ən böyük tarixi şəxsiyyətdir. O, Babəkin dövründə yaşasaydı, onun kimi qanını üzünə sürtüb, saraldığını göstərməzdi. Xətanin dövründə olsa, onu təkrar edərdi. Atatürk və Rəsulzadə arasında böyük fərq var. İmperiya dağılsa da, hər şey qalmışdı. Yəni Atatürkün hər şeyi var idi. Amma Rəsulzadə heç nəyin olmadığı yerdə dövlət qurdu. O, dünyada ilk beşlikdə olan şəxsiyyətdir. Təəssüf ki, ona bu qiymət hələ də verilmir. Türkiyədə bir tədbirə gedəndə Rəsulzadənin qəbrinə baş çəkdim. Elə vəziyyət yarandı ki, gül ala bilmədik. Ziyarət zamanı mühafizəçilər gəldi. Sanki onlar bizi anladılar. Bizə dedilər ki, biz onun üstünə hər gün gül qoyuruq. O, sizin deyil, bizimdir. Birlikdə hamımızındır. Mən kövrəldim və fikirləşdim ki, Rəsulzadə elə Türkiyədə yatsa, yaxşıdır. Çünki orada daha böyük qiymət var”.
Cavanşir ABBASLI

Comments are closed.