Yanvarın 31-də Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat və Ümid partiyalarının Naxçıvan Muxtar Respublika Təşkilatlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd olunub.

Tədbirdə ziyalılar, gənclər və yerli müxalifət fəalları iştirak ediblər. VHP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Fərid Əsgərli, Ümid partiyasının təşkilat sədri Faiq Əliyev, Müsavat Partiyasının muxtar respublika təşkilatının sədri Sabir Vəliyev və AXCP  yerli təşkilat sədri Yaşar Bağırsoy, tarixçi Əgər Qəliloğlu çıxış edərək, Rəsulzadə barədə danışıblar.

Toplantıda Rəsulzadənin həyat və yaradıcılığı, Azərbaycan Xalq Cümhuriyyəti, Rəsulzadənin mühacirətdəki fəaliyyəti, Rəsulzadənin Azərbaycan milli dövlətçiliyinin təşkilindəki rolu barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın tanınmış dövlət xadimi olan M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb.

Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankara şəhərində vəfat edib.

Comments are closed.