Sabir Rüstəmxanldı: «Güneyin, İraq türkmanlarının, Borçalının, Dərbədin, səsini eşitmədik, Ukraynadan gələnlərə isə söz verilmədi»

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, deputat Sabir Rüstəmxanlı «Bizim Yol»a müsahibəsində Dünya Azərbaycanlılarının qurutlayı ilə bağlı fikirlərini açıqlayıb. DAK sədri təşkilatçıları kəskin təqdid edərək ali tədbiri bərbad vəziyyətdə keçirməkdə ittiham edib. Müsahibəni təqdim edirik.

– Sabir bəy, günün siyasi-ictimai müzakirələri sırasında Dünya Azərbaycanlılarının III qurultayı özünəməxsus yer tutur. Qurultay iştirakçısı kimi tədbiri necə qiymətləndirirsiniz?

– Tədbirdən sonra ParkİNN Hotelində nümayəndələrin bir hissəsinin və hökumətin bir neçə nazirinin iştirakı ilə keçirilən toplantıda mən öz mövqeyimi bildirdim. Küll halında, hətta heç bir qərar qəbul olunmasa, yekun sənəd ortalıqda olmasa belə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Bakıda bir araya gəlməsi, ünsiyyət mühitinin yaranması özlüyündə bir bayramdır. Bu danılmazdır və yalnız Azərbaycanın müstəqillik əldə etməsindən sonra mümkün olub. Bunları bir kənara qoysaq, qurultayda ən yaxşı çıxış ölkə başçısının idi və o, bir sıra məsələlərə səmimi münasibətini də bildirdi.

– İradlarınız nədən ibarətdir?

– Əvvəla, qurultay üçün 1 gün azdır. Azərbaycanın dostları çoxdur, müxtəlif ölkələrdən gələn, o cümlədən xarici ölkələrdə yaşayan millət vəkilləri, Milli Məclisimizdəki komitələrlə dostluq qruplarının başçıları və iş adamları var. Deyək ki, birinci gün bayram ovqatı üstündə qonaqların çıxışları oldu, amma azərbaycanlıların ağrılarını yaşayan, millətin 200 ildən bəri çəkdiyi acıları öz üstündə hiss edən adamlara yer qalmadı. Təsəvvür edin ki, qurultayda 35 milyonluq güney azərbaycanlılarının səsini eşitmədik. Bir güneyliyə söz verilmədi. Əgər tədbir Dünya Azərbaycanlılarının qurultayı adlanırsa, biz niyə onların səsini eşitməyək?

– Belə izah olunur ki, güneylilər dəvət olunsayda Bakı-Tehran münasibətləri gərginləşə bilərdi. Siz bu fikirlə razısınızmı?

– Onsuz da nə qədər yumşaq olsan da, İran daha kəskin bəyanat verir. İran rejimi həmin adamlara zülm edibsə və onlar Güneydə yox, Avropa və Amerikada yaşayırlarsa, bu adamlar niyə qurultayda öz dərdini söyləməsin? Onsuz İranda yaşayanlara qurultaya gəlmək üçün imkan vermirlər. Təsəvvür edin ki, İranın içində söz deməyə imkan yoxdur, o cümlədən xaricdə də. Belə olanda Dünya Azərbaycanlılarının ali tədbiri olan qurultaydadamı söz vermək olmaz, yaxud dəvət edilməməlidirlər? Onda gözləməliyik ki, bunlar bütün millətimizi əridib yox etsinlər, bununla da hər şey bitsin?! İndi biz nəyin Tehranın xoşuna gəlib-gəlmədiyini bilməliyik? Axı İranın əyaləti deyilik ki, müstəqil dövlətik. Yaxud İraqda olan azərbaycanlıların səsini eşitmədik, İraq türkmanlarından da heç kim dəvət edilməmişdi. O cümlədən, Borçalının, Dərbəndin səsini eşitmədik. Bundan başqa 500 min azərbaycanlının yaşadığı Ukrayna diaspor təşkilatlarından kiməsə çıxış üçün imkan vermədilər. Elə ölkə var, 5-6 azərbaycanlı yaşayır, onların adından kimsə danışır, amma yarım milyon azərbaycanlının yaşadığı Ukraynadan bir nəfər də çıxış edə bilmədi. Biz bir neçə dəfə Dünya Azərbaycanlıları Konqresi adından Diaspora Komitəsinə müraciət edib çıxış istədik. Amma heç bir reaksiya olmadı. Necə izah edilə bilər ki, İdarə Heyətinin üzvlərinə dəvətnamə verilməyib. Baxmayaraq ki, siyahını təqdim etmişdik. Amma mən qurultayda elə adamlar gördüm ki, onların bu tədbirə heç bir aidiyyatı yoxdur. Məsələn, bütün millət vəkilləri dəvət olunmuşdu, çox yaxşı, təsəvvür edin ki, prezidentin çıxışından sonra 90 faizi çıxıb getdi. Əgər tədbir bunların maraq dairəsində deyilsə, niyə çağırılır?! Bir sıra diaspora ilə məşğul olan adamlar var ki, illərdir bu işlə məşğul olsalar da, kənarda qalırlar. Bunun əvəzinə dost-tanış, məmur… Nə bilim, elə bil ki, növbəti yığıncaq keçirilir, o adamlar da gəlib oturur, sonra iclasın yarısından çıxıb gedirlər, zalın yarısı boş qalır. Görünür, çıxışlar da əvvəlcədən hazırlanmışdı, çünki prezident yox idi, ancaq salona “hörmətli prezident” deyə müraciətlə başlanılırdı. Bir sözlə, səliqəsizlik vardı və iclas pərdə arxasından idarə olunurdu, qurultayın gedişində bir adamın söz demək imkanı yox idi. Mənim ürəyimdən söz demək keçirdi, kimə müraciət etməliydim? Sanki qeybdən bir səs gəlirdi ki, söz verilir filankəsə, bir sözlə canlı ünsiyyət yox idi. Hesab edirəm ki, növbəti dəfə belə qurultay keçirilsə, dəvət olunanların çoxunun da gəlmək həvəsi qalmayacaq.

– Siz bu barədə iradlarınızı komitə sədri Nazim İbrahimova bildirdinizmi?

– Mən iradlarımı Nazim İbrahimova yox, ParkİNN hotelindəki çıxışımda dedim. Düzdür, həmin görüşdə təhsil, iqtisadi inkişaf, mədəniyyət və turizm, idman nazirliklərinin və Dini İşlər üzrə Komitənin rəsmiləri olsa da, XİN, Miqrasiya Komitəsindən heç kim yox idi. Çünki Azərbaycanın xarici ölkələrdəki konsul və səfirlikləri ilə bağlı deyiləsi sözlər var idi. Təsəvvür edin ki, Təbrizdən gəlmək istəyənlər var idi, günlərlə konsulluqda gözlətdiklərindən gələ bilməmişdilər. Əgər hava limanında gəlib viza ala bilirlərsə, niyə Tiflisdən gələnləri Qazax sərhədində geri qaytarmışdılar? Qurultaya gələnlər bu problemləri qaldırmaq istəyirdilər, amma adlarını çəkdiyim dövlət orqanlarından heç kim gəlmədiyindən dərdlərini bizə deyirdilər.

– Əgər söylədikləriniz dəqiqdirsə, bu tədbiri necə qurultay adlandırmaq olar?

– Qurultay bir araya gəlməyin sevincini ifadə etdi, amma problemləri dinləmək və onların həlli istiqamətində addımlar atılması unuduldu. Başqa bir inciklik, ParkİNN hotelinə gələnlər yer azlığından görüşə daxil ola bilmədilər. Tutaq ki, mənim çıxışımda kimsə gizli “barmaq işarəsi” ilə mətbuatı zaldan çıxartdırdı. Mən Azərbaycanın millət vəkili, xalq şairiyəm, nədən danışacaqdım ki, bunları narahat etdi?! Əgər mən də iradlarımı söyləməsəydim, Avropadan gələnlər çox narazı gedəcəkdi, amma onların dərdlərini dilə gətirəndən sonra onlarla adam yaxınlaşıb təşəkkür etdi. Onsuz da İran rejimi dözülməz şərait yaratdığından güneylillər Avropaya mühacir ediblər, amma gəlib öz dövlətində yurdunda çıxış edə bilmirsə, bizim Tehran rejimindən nə fərqimiz olur?

– Komitə qurultayı niyə bu səviyyədə hazırlamışdı? Versiyanız varmı?

– Mətbuatda yalan məlumatların yayıldığı məqamda bütün günahı Nazim İbrahimovun üzərinə atmaq istəmirəm. Onunla normal münasibətlərimiz var. Amma ümumiyyətlə, milli ideologiyanın konturlarının dəqiq müəyyənləşməsi, bu istiqamətdə ardıcıl və səmərəli iş Azərbaycan bir nömrəli problemdir. Bölgədə 15 il sonra hansı vəziyyət yaranacaq, ümumi strateji xəttimiz necə olacaq, İran azərbaycanlıları ilə bağlı elmi-araşdırma institutu yaratmaq vacib deyilmi? Dost-tanışı ətrafına yığıb diaspor yaratmaq olmaz, diaspor Azərbaycanın bütün təbəqələrini əhatə edib insanları bir araya toplayıb fikirlərini dinləməkdir. Hakimiyyətdən narazı olanlar da var, ancaq onlar dövlətin zəifləməsini istəməzlər. Buna görə diasporaya ehtiyatla yanaşmaq da doğru deyil. Təəssüf ki, Azərbaycan sevdası ilə yaşayanların bir hissəsini qurultayda görmədim.

– Ümumiyyətlə, qurultaya bəzi müstəqil mətbuat orqanlarının və müxalifətin dəvət olunmaması necə qiymətləndirirsiniz?

– Qurultaya hamı dəvət olunmalı idi. Əslində bu milli qurultaydır, belə olanda bütün qeydiyyatdan keçmiş partiyaların nümayəndələri və azad mətbuat da dəvət edilməliydi.

Natiq CAVADLI

Comments are closed.