Bu gün Qubadlı rayonunun Ermənistan tərəfindən işğal olunmasının 20-ci ildönümü tamam olur. Azərbaycanın bu tarixi ərazisi 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

 

Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi. İşğal nəticəsində rayonunun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib. Qeyd edək ki, Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları məhz bu rayon ərazisindən keçir. Qubadlı rayonunda tarixi abidələr, habelə 21 orta, 26 natamam orta, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır və 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi. Qubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvarı qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir. 
Qubadlının işğalı nəticəsində rayonun 31 nəfərdən yuxarı əhalisi məcburi köçkün düşüb. Qubadlı əhalisi rayonun işğalından sonra Sumqayıt şəhərində və ölkənin 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Qeyd edək ki, Qubadlı milli qəhrəmanlarının sayına Azərbaycan rayonları arasında birinci yeri tutur.
Bu gün Sumqayıtda və Bakıda şəhidlər xiyabanında Qubadlının işğalı anım mərasimləri ilə qeyd ediləcək.

Comments are closed.