Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qazax rayon təşkilatının sədri Qoca Qocayevin 55 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Əziz Qoca bəy!

Səni 55 illik yubileyin münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.

55 yaş böyük zaman üçün çox qısa bir dövr olsa da, insan ömrünün böyük kəsimini əhatə edir. Bu yaşda insan gələcək arzularını yaşadığı həyatda topladığı təcrübə ilə uyğunlaşdırır, əlçatmaz illüzuyalardan uzaqlaşır, daha praqmatik və realist olur. Xoş o insanın halına ki, öz-özünə yaşadığı illərin hesabatını verərkən illərini ailə-məişət qayğılarında əritmədiyini, ən azı düşüncə etibarilə millətinin və xalqının taleyinə biganə olmadığını görür. Özünü millətinin taleyi ilə bir bütöv olaraq təsəvvür etmək – təkcə xalqın, dövlətin yox, insanın özünün də ömrünə zənginlik qatır, onun həyat missiyasını müəyyənləşdirir.

Sən yaşadığın ömürlə, seçiminlə öz yolunu müəyyənləşdirən və taleyini xalqına bağlayan şəxslərdənsən. Bəlkə də bu tale səni müəyyən maddi qayğılarla yükləyib, ancaq əvəzində bir sosial varlıq, kimlik, sözün böyük mənasında vətəndaşlıq vəsiqəsi verib.

Əslində, bu taleyin müəyyənləşməsində də İlahi bir hikmət var. Qoca adını daşımaq yeniyetmə və gənc üçün olduqca çətindir. Çünki Qoca – ta qədimdən dini status olmaqla, xalqın alt şüurunda məsləhət verən, uzaqgörən, böyük, rəhbər anlamında yaşayır. Ona görə də istər-istəməz bu adı daşıyan şəxsin gəncliyində belə müdriklik, yaşından daha yetkin görünmək missiyasını sanki tale özü müəyyənləşdirir.

Sən uzun illər ərzində öz həyatınla, yaşam tərzin və prinsiplərinlə bu ada doğru gəlmisən. Nümunəvi ailə başçısı, el-obanın harayına tələsən insan və güvənc, məsləhət yeri kimi qazandıqların səni bizim VHP ailəsinin də əzizinə çevirib.

Cəmiyyətimizə çox gərəkli olan vətəndaş həmrəyliyi ideologiyası sənin adınıza və xarakterinə də uyğundur: çünki hər zaman, bütün dövrlərdə bizim nicatımız, millətin yolu həmrəylikdən, milli birlikdən, bir-birinə qarşı kin və nifrətdən uzaq, anlayışlı münasibətdən keçir.

Əziz Qoca bəy!

Bir daha səni ad günün münasibəti ilə təbrik edirəm və sənə ailən, millətin və dövlətinlə bağlı işıqlı ideallarının çiçəkləbdiyi günü görməyini arzulayıram.

 

Xoş arzularla,

Sabir Rüstəmxanlı    

Comments are closed.