Bu gün “Qafqazinfo” saytına biabırçı xaker hücumu baş verib. Qısa müddətdə böyük populyarlıq qazanmış saytın rəhbərliyi bu sayaq hücumların mütəmadi xarakter daşıdığını nəzərə alaraq dövlət rəsmilərinə müraciət edib.

Xəbər portalının rəhbəri Elbrus Ərudun (Seyfullayev) dövlət başçısı İlham Əliyevə, m milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanladığı müraciətdə bildirilir:

“Rəhbəri olduğum www.qafqazinfo.az saytı son iki ayda müxtəlif formalı hakker hücumlarına məruz qalır. Bu hücumlar bu ilin aprelin 2-də, 6-da, 17-də, 22-də, sonuncu dəfə isə mayın 21-də baş verib. Hücumlar zamanı saytın bazası silinib, giriş məhdudlaşdırılıb. Biz bu işdə heç kəsi günahlandırmadan portalın fəaliyyətini yenidən bərpa etmişik. Sonuncu hücumlardan sonra pornoqrafik saytlara keçid qoyulub”.

Bu kimi hücumların təsadüfü olmadığı sayan “Qafqazinfo” rəhbərliyi qeyd edir ki, portal Azərbaycanda müstəqil xəbər xidməti göstərən az saylı nüfuzlu saytlardan biridir: “Bu portal “Azərbaycanda söz və mətbuat azadlığı yoxdur”-deyən beynəlxalq ictimaiyyətin qarşısında fakt kimi qoyula biləcək az saylı media orqanlarındandır”.

Sayt rəhbərliyinin fikrincə, www.qafqazinfo.az saytına hücum edənlər təkcə onu yox, bütövlükdə Azərbaycan mətbuatını gözdən salmaq niyyəti güdürlər.

Müraciətdə bildirilir: “Nəzərə alsaq ki, saytın dağıdılması bir neçə dəfə İctimai Palatanın apreldə mitinq keçirdiyi günlərə təsadüf edib, o zaman portala təzyiqlərin adi bir haker hücumu yox, başqa məqsədlər daşıdığı, bəzi təxribatçı qruplar tərəfindən məhz Azərbaycanda  mətbuatın imicinə zərbə vurmaq məqsədi güddüyünü söyləmək olar”.

Sonda “Qafqazinfo” rəhbərliyi dövlət adamlarının problemin həll olunmasına dəstək vermələrini, portala hücumları təşkil edənlərin tapılıb cəzalandırılmalarına kömək göstərmələrini xahiş edir.

Comments are closed.