“Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 2013-cü ildən parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Təbii ki, vəsait əldə edən partiyalar da öz növbələrində pulu hara xərclədikləri ilə bağlı illik hesabat hazırlayıb dövlət qurumlarına təqdim edirlər. Bildiyimiz kimi, bu ilin fevral ayında Nazirlər Kabineti “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydası”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən siyasi partiyalar illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə deyil, auditor rəyi ilə birlikdə hər ilin aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməli və həmin hesabat media orqanında dərc edilməlidir. Vaxt azaldığı üçün əksər partiyalar hesabatlarını təqdim ediblər. Hətta Ümid Partiyası illik maliyyə hesabatını hazırlayaraq, “Yeni Müsavat” qəzetində dərc etdirib. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də deyib ki, təmsil etdiyi partiya illik hesabatını təqdim edib və bu barədə partiyanın İdarə Heyətinin yanvarın 29-da keçirdiyi iclas zamanı ətraflı məlumat verilib: “İclasda 2014-cü ilə dair illik hesabat, həmin ilin statistik hesabatları və s. məsələlər haqqında danışılıb. Məlumdur ki, ötən il bələdiyyə seçkiləri keçirildi və partiyamız seçkidə yaxından iştirak etdi. Sevindirici haldır ki, YAP mandatların çoxunu qazandı. Təbii ki, bunun üçün xeyli işlər görüldü və güclü təbliğat-təşviqat işləri aparıldı”.

Vətəndaş Həmrəyliyi Partiyasının icra aparatının rəhbəri Samir Əsədli deyib ki, siyasi partiyalar illik hesabatlarını müvafiq quruma verməzdən qabaq onu mətbuatda dərc etdirməlidir. Bu, qanunvericilikdə öz əksini tapıb: “VHP-nin illik maliyyə hesabatı da “Olaylar” qəzetinin bugünkü (dünənki) sayında dərc olunub. Hesabatların sənədləri tam hazır edildikdən sonra yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da 2014-cü il üçün maliyyə hesabatını açıqlayıb. BAXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ildə partiyaya 108 min manat pul vəsaiti daxil olub. Bu vəsaitin 106 min manatı parlamentdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait qismində

BAXCP-nin hesabına köçürülüb, 1650 manat isə hesabat dövründə ianələr formasında daxil olub. Siyasi partiyalar haqqında qanunvericiliyə uyğun olaraq hesabata sərbəst auditorun rəyi də əlavə edilib.

Parlamentdə təmsil olunmayan siyasi qurumlar da hesabatlarını veriblər. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açıqlamasında ADP-nin maliyyə hesabatını təqdim etdiyini söyləyib. Lakin S.Cəlaloğlu partiyanın həm maliyyə, həm də təşkilati işləri barədə hesabatların ictimaiyyətə təqdim edilməsini məqsədəuyğun saymır: “Bu məsələləri ictimaiyyətə açıqlamaq düzgün deyil. Ona görə ki, partiyanın rəqibləri onun strategiyasını, taktikasını bilər, ondan istifadə edə bilər. Bu baxımdan hesabatların açıqlanmasını qəbul olunmuş norma hesab etmirəm. Müvafiq qurumlar da verilən hesabatları gizli saxlamalıdır”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi partiyanın lazımi hesabatları müvafiq dövlət qurumlarına təqdim etdiyini bildirib. O hesab edir ki, bu hesabatların cəmiyyətə açılıb-açıqlanmaması partiyaların özlərindən asılıdır: “Elə partiya ola bilər ki, onun maddi durumu yaxşıdır və bunu cəmiyyətə açıqlaya bilər. Elə partiya da ola bilər ki, maliyyə durumu yaxşı deyil və bunun ictimaiyyət tərəfindən bilinməsini istəmir”.

İsmayıl

Comments are closed.