“Binəqədi rayonunun 16 sakininin adından prezidentə, fövqəladə hallar nazirinə, ”Azəristiliktəchizat”a, Bakı və Binəqədi icra hakimiyyətlərinə Hafiz Hacıyevdən şikayət məktubu göndərilən məktubda mənim də imzam var. Şikayətin hazırlanmasında iştirak etmişəm. Hafiz Hacıyevin “Yeni Müsavat”a açıqlamasında nişan verdiyi professor mənəm”.

Bu açıqlama ilə Vətəndaş Partiyası Siyasi Şurasının üzvü, tanınmış professor Bəhmən Sultanlı dünən redaksiyamıza gələrək çıxış etdi. Bəhmən Sultanlı bildirdi ki, Hafiz Hacıyev Azadlıq prospekti – 189 ünvanında yaşayan sakinlər və qanun qarşısında cavab vermək əvəzinə yalan danışmaq və ona böhtan atmaqla məşğuldur: “O, sizin qəzetin 7 iyun tarixli sayında bizim yaşadığımız binanı istiliksiz qoyduğunu və çökmək təhlükəsi ilə ilə üz-üzə qoyduğunu etiraf etmək əvəzinə, hüququnun pozulmasına qarşı çıxan sakinlərə, o cümlədən mənə guya kimlərinsə sifarişi ilə hərəkət etdiyimizi deməklə həqarət edib. Hafiz Hacıyevin şikayətin təşkilatçısı adlandırdığı professor mənəm. Hüququnu müdafiə etmək nə vaxtdan sifarişlə işləmək sayılır? Mən ömür boyu da heç kimin sifarişi ilə oturub-duran olmamışam. Ömrüm boyu haqqımın tapdanmasına qarşı mübarizə aparan şəxs olmuşam. Hafiz Hacıyev özü həmişə başqalarının sifarişi ilə hərəkət etdiyi üçün elə bilir hamı onun kimidir. İkincisi, Hafiz Hacıyev deyib ki, həmin professor-yəni mən hakimiyyətə yaxın partiyanın üzvüyəm. Vətəndaş Həmrəyliyi Partiyası hakimiyyətə yaxın partiya deyil. Bunda da Hafiz Hacıyev öz təşkilatı ilə VHP-ni qarışdırır. VHP müxalifətdə olan partiyadır. Hazırda mən də daxil olmaqla, VHP-nin 10-a yaxın funksioneri İctimai Palatada təmsil olunuruq”.
B.Sultanlı qeyd etdi ki, sakinlərin şikayətindəki bütün deyilənlər yüz faiz həqiqətdir: “Hafiz Hacıyevin partiyası bizim binanının birinci mərtəbəsinə 2010-cu ildə köçüb. Onlar ora yerləşən zaman mənzillərə gələn istilik sistemləri Hafiz Hacıiyevin göstərişi ilə kəsilib. Hafiz Hacıyev qəzetə deyib ki, guya həmin yer uçuq-sökük, üfunətli, zirzəmisi su ilə dolu olan yararsız yer olub. Tamamilə yalan deyir. Onlardan bir müddət əvvəl orada sosial təminat şöbəsi yerləşirdi. Tər-təmiz, normal vəziyyətdə yer idi. Hafiz Hacıyev ofisində ürəyi istədiyi formada təmir işlərini aparmaq üçün binanın altından torpağı daşıtdırıb, istilik sistemi xətlərini kəsdirib. Binanın özülünü elə günə qoyub ki, 2-3 bal zəlzələ olsa çökəcək. Ağsaqqallar, o cümlədən mən bir neçə dəfə onun yanına gedib demişik ki, prezidentin də sərəncamı var, binaya istilik sistemi çəkilməlidir, özü də ilkin layihə əsasında çəkilməlidir. Lakin o, boruların ofisin ərazisindən çəkilməsinə imkan verməyib”.
Professor onu da bildirdi ki, H.Hacıyevin məhkəməyə verib 5200 manat cərimələtdiyi bina sakini, müəllimə İradə Əfəndiyeva bu hadisədən sonra xəstəxanaya düşüb, hazırda xəstəxanadadır: “Hafiz Hacıyev qəzetə deyib ki, müəllimədən pul almayıb, ona güzəşt edib. İradə müəllimə apelyasiya şikayəti hazırlayırdı, məsələni böyütmək istəyirdi. Hafiz Hacıyev bundan sonra nümayəndəsini İradə Əfəndiyevagilə göndərib və deyib ki, 1000 manat verin cərimənin qalanını istəmirəm, ancaq apelyasiya şikayəti verməyin. İradə xanımgil varlı deyillər. Çətinliklə 1000 manatı veriblər və razılaşıblar. Hafiz Hacıyev 1000 manat aldığını təsdiqləyən qəbzi də onlara verib. İradə Əfəndiyeva Hafizin bu addımından sonra sarsıntı keçirib və xəstəxanaya düşüb. Faktiki olaraq müəllimənin xəstəxanaya düşməsinə səbəb olub”.

Etibar SEYİDAĞA

Yeni Müsavat

Comments are closed.