VHP bu münasibətlə tanınmış siyasi xadim və görkəmli alim Hacıbaba Əzimova təbrik məktubu imzalamışdır 

      Azərbaycan tarixşünaslıq elmində öz imzasını qoyan görkəmli alim, milli mənlik şüurunun formalaşmasında xüsusi rolu olan böyük ziyalı, xalqın birliyi, müstəqilliyi uğrunda ilk gündən savaşa qatılan əsl vətəndaş, Azərbaycanın Müstəqillik Aktının əsas  müəlliflərindən biri və bu gün də cəmiyyətimizdə demokratik dəyərlərin bərqərar olması yolunda yorulmadan çalışan taınmış siyasi xadim Hacıbaba Əzimovun keçdiyi həyat yolu bugünkü gənclik üçün əsl nümunə sayıla bilər. O, ustad pedaqoq kimi Azərbaycanın böyük maarifçilik ənənələrini davam etdirərək hələ sovet dövrü gəncliyinin qəlbində azadlıq, müstəqillik, bütövlük rüşeyimlərini əkən əsl xalq maarifçi ziyalılarından biridir. Onun mühazirələrini dinləyərək auditoriyalardan həyata atılan bütöv bir nəsil bu gün ölkəmizin işıqlı sabahı uğrunda gedən mübarizənin ön cərgələrində addımlayır. Onun tərcümeyi-halı bu günkü gənclik üçün də bir məktəb sayılmalıdır.

Professor H.Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuş, 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Elmi fəaliyyətinə AMEA Tarix İnstitunda başlamış (1960-1969-cu illər), sonra Pedaqoji Universitetdə baş elmi işçi-doktorant, dosent, professor, Siyasi Tarix Kafedrasının müdiri-professoru (1985-1991-ci illər) vəzifələrində çalışmışdır. 1966-cı ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 

       Prof.H.Əzimov 1991-1992-ci illərdə Bakı Dövlət Universiteti Lənkəran filialının təşkilatçısı və direktoru, 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin (LDU-nun) qurucusu və ilk rektoru olmuşdur. Onun fədakar əməyi və yüksək təşkilatçılıgı sayəsində çox qısa bir vaxt ərzində Lənkəran Dövlət Universiteti  respublikada ən nümunəvi ali tədris mərkəzlərindən birinə çevrilmiş, LDU-da həyata keçirilən düzgün kadr siyasəti, yaranmış saf rəhbərlik-müəllim-tələbə münasibətləri, yüksək səviyyədə keçirilən elmi-mədəni tədbirlər sayəsində o zaman Lənkəranda və bütün bölgədə çox müsbət milli-mənəvi, ictimai-siyasi mühit bərqərar olmuşdur.

Bu illərdə böyük təşkilatçılıq işi ilə yanaşı, H.Əzimov məhsuldar elmi fəaliyyətini də uğurla davam etdirmişdir. O, respublikada və xarici ölkələrdə çap edilmiş 10-dan artıq kitabın, 100-dən çox digər samballı əsərlərin müəllifidir. O, beynəlxalq və respublika əhəmiyyətli bir sıra fundamental tədqiqatların, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tarix bölməsinin, bir sıra tədris vəsaitlərinin müəlliflərindən biridir.  Onun elmi əsərləri beynəlxalq və respublika elmi mərkəzləri tərəfindən dəfələrlə yüksək dəyərləndirilib, 1982, 1984, 1987-ci illərdə çap edilmiş kitabları tarix elminin ən mühüm nailiyyətləri hesab edilir. Elmi əsərlərində Rusiyadakı inqilablar dövründə Azərbaycan xalqının demokratik və milli-azadlıq hərakatı tarixinin bir sıra mürəkkəb problemləri ilk dəfə olaraq dərindən və hərtərəfli araşdırılıb ictimaiyyətə çatdırılmışdır.

        Prof. H.Əzimovun “Azərbaycan tarixində “ag ləkələr” (1989) adlı əsəri Azərbaycan xalqının ictimai-siyasi və istiqlal mübarizəsi tarixinin düzgün və yeni konsepsiyada işıqlandırıldıgı ilk nümunələrdəndir. O, 1990-ci ilin “20  yanvar” faciəsindən dərhal sonra, mətbuatda sərt hərbi senzura tətbiq edilməsinə baxmayaraq, yanvarın 31-də “Bakinskiy Raboçiy” qəzetində çap etdirdiyi “Azərbaycan tarixi.1918-1920-ci illər. Yeni təfəkkür aynasında “ag ləkələr” adlı iri həcmli məqaləsində vaxtilə Androniklərin, Şaumyanların Türkiyə və Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri amansız qətliamları dürüst faktlarla göstərməklə və xalqımıza qarşı bu genosid siyasətin SSRİ rəhbərliyi tərəfindən yanvarın 20-də Bakıda və bir sıra rayonlarda təkrarən həyata keçirildiyini, lakin bütün bunların Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyəcəyini bəyan etməklə əil ziyalı qeyrəti və  vətəndaşlıq mövqeyi nümayiş etdirmiş və bununla da o vaxt dərin kədər və hüzn içərisində olan xalqımıza böyük mənəvi dəstək olmuşdur.

        Prof.H.Əzimov uzun illər ərzində bir sıra beynəlxalq və respublika Elmi Şuralarının, ixtisaslaşdırılmış dissertasiya Müdafiə Şuralarının üzvü, LDU yanında ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri olaraq ölkəmizdə gənc alimlərin hazırlanmasına böyük töhfələr vermiş, 50 nəfərdən artıq şəxs onun elmi rəhbərliyi, rəyi və elmi məsləhətçiliyi ilə doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir.

        Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xalq arasında böyük nüfuzuna görə  H.Əzimov 1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı, 1991-ci ildə isə cəmi 51 nəfərdən ibarət ilk professional parlamentin – Milli Məclisin üzvü seçilmişdir. O, Azərbaycanın dövlət müstəqilliyi naminə fədakarcasına mücadilə aparan Müstəqil Azərbaycan Deputat Blokunun (“Demblok”un) üzvü olmuş, gözlənilən hər cür təqib və repressiyalara baxmayaraq, hələ 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə baglı respublikada referendum keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş cəmi 43 nəfər istiqlalçı deputatdan biri, 1991- ci il oktyabrın 18-də Ali Sovetdə qəbul edilən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazılayan deputat komissiyasının sədri, Konstitusiya Aktının əsas müəllifi və məruzəçisi olmuş, Azərbaycan Respublikasının ilk Milli Məclisinin deputatı oldugu müddətdə (1991-1995-ci illər) ölkənin dövlət müstəqilliyinin möhkəmlənməsində, dövlət atributlarının və qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində fəal iştirak etmişdir.

        O, 1992-ci ildən Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri olaraq respublikamızın ərazi bütövlüyünü, xalqımızın milli birliyini qorumaq və etnik separatçılıq meyillərinin qarşısını almaq sahəsində böyük işlər görmüş və onun rəhbərlik etdiyi VAMBP  1993-cü ilin iyun- avqust aylarında  Lənkəranda Ə.Hümbətov başda olmaqla “Talış Muğan Respublikası” adlı qondarma qurum elan etmiş separatçı dəstənin ifşa və darmadağın edilməsində  mühüm rol oynamışdır.

        Prof. H.Əzimov son 15 il ərzində fəaliyyət göstərmiş Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkatın, Demokratiya Uğrunda Hərəkatın, Konstitusion Seçki Blokunun, Demokratik Azərbaycan Blokunun Sədrlər Şurasının üzvü, Milli Müqavimət Hərəkatının və Ziyalılar Məclisinin İdarə Heyətinin üzvü, 28 siyası partiyanı özündə birləşdirən Birləşmiş Müxalifət Hərəkatının koordinatoru və təşkilat komissiyasının sədri, Azərbaycan Naminə Hərəkatın (ANH) İdarə Heyətinin sədri, son vaxtlarda isə İstiqlalçı Deputatlar Məclisinin və Demokratik Qüvvələrin Milli Şurasının təsisçilərindən biri olaraq ölkədə milli demokratik qüvvələrin konsolidasiyası, cəmiyyətin demokratikləşməsi, ölkədə xalqımızın ali mənafeyinə  müvafiq  demokratik islahatlar aparılması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər yolu ilə legitim hakimiyyətin formalaşması uğrunda aparılan mücadilədə fəal iştirak etmiş və etməkdədir. O, həm ümumdemokratik hərəkatların təsisçilərindən biri, həm də VAMBP-nin sədri olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan – Azərbaycan münaqişəsinin ədalətli həlli ilə bağlı ümummilli proqram xarakterli sənədlər paketi hazırlayıb respublika rəhbərliyinə, beynəlxalq təşkilatlara, siyasi və ictimai qurumlara təqdim etmiş, dəfələrlə ermənipərəst mövqedən çıxış edən xarici dairələrin Qarabağ problemi ilə bağlı saxta və qərəzli təkliflərinin təslimçi mahiyyəti haqqında bəyanatlar vermişdir.

         Prof. H.Əzimov gördüyü dəyərli işlərlə,  Vətənə təmənnasız xidmətləri ilə xalqımızın böyük hörmət və etimadını qazanmışdır. Onun keçdiyi mənalı həyat yolu və fəaliyyəti  həmişə öz əqidədaşları,  yetirmələri olan çoxsaylı alimlər, müəllimlər və gənclər üçün örnək olmuş və olmaqdadır. Görkəmli alimi, tanınmış siysi xadimi anadan olmasının 75 illiyi münasibətilə səmimi- qəlbdən təbrik edir, ona uğrunda mübarizə apardığı böyük ideallara çatmasını arzu edirik.

Hörmətlə:

Sabir Rüstəmxanlı və

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası  

Comments are closed.