Sabir Rüstəmxanlı: “Ayaz Mütəllibov cəfəngiyyat danışır”

“Biz seçkilərdə iştirak etməyəcəyik. Şəxsən mənim prezidentliyə namizəd olmaq fikrim yoxdur. VHP-nin seçkilərlə bağlı son qərarını bu yaxınlarda müzakirə edəcəyik”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı özünün seçkilərdə iştirakını şərh edərkən deyib.
Rüstəmxanlı VHP-nin müxalifətin vahid namizədi qismində ortaya atılan Rüstəm İbrahimbəyovu müdafiə etməsi məsələsinə də aydınlıq gətirib: “Hələlik VHP hansı namizədi müdafiə edəcəyini dəqiqləşdirməyib və partiyanın rəsmi qərarı yoxdur. Bu gün Milli Şuranın vahid namizədini müdafiə edən VHP üzvlərinin sayı altı nəfərdir. Bu şəxslər İctimai Palatanın üzvü olublar və oradan Milli Şuraya gəliblər. İndi onlar prosesdə iştirak edirlər, amma partiyamızın bu məsələ ilə bağlı qərarı yoxdur”.
Rüstəmxanlı əlavə edib ki, adətən, VHP özü seçkilərdə iştirak etməyi məqbul sayıb: “İndi vəziyyət dəyişib, durum bir qədər başqa cürdür. Ortada olan namizədlərə, onların seçki platformasına diqqət edəcəyik. Partiyanın maraqlarına uyğun gələn bir namizədi müdafiə etmək olar. Onu da deyim ki, VHP olaraq real nəticələr uğrunda mübarizə aparırıq. Bu olmayanda isə seçkilərə qatılmaq istəmirik”.
“YAP-dan sonra Milli Məclisdə ən çox deputatı olan VHP-nin seçkilərdə öz namizədi ilə iştirak etməməsi ciddi qüsur deyilmi” sualına gəldikdə, Sabir Rüstəmxanlı bir daha qeyd edib ki, seçki ilə bağlı vəziyyət tam aydınlaşmayıb: “Müxalifətdə olan partiyaların namizədləri ortada yoxdur. Ona görə də biz hazırda vəziyyəti izləyirik”.
Rüstəmxanlı sabiq prezident Ayaz Mütəllibovun AXC-ni DTK tərəfindən yaradıldığı haqqında bəyanatına ciddi reaksiya verib: “Ayaz Mütəllibov cəfəngiyyat danışır. Mənim bildiyim, millətin tanıdığı AXC-nin yaradılması ideyası meydanda ortaya çıxıb. Hətta bunun meydanda yaradılması təşəbbüsləri də var idi. Amma sonradan təşkilatlanma işi daha möhkəm qurulsun və təsadüfi adamlar olmasın deyə hazırlıq işləri görüldü. Həmin dövrdə komendant şəraiti olsa da, biz evlərə toplaşmışıq, proqram hazırlamışıq, müzakirələr aparmışıq. AXC-nin yaranması üçün altı ay iş aparılıb. Ona görə də AXC-nin yaradılması ssenarisinin DTK tərəfindən həyata keçirilməsini iddia eləmək cəfəngiyyatdır. Ola bilsin ki, DTK nəsə hazırlayıb, hansısa hərəkətlər etmək istəyib. Ancaq AXC-nin yaradılması meydandan başlayıb”.
Sonda xalq şairi deyib ki, ölkənin sabiq prezidenti Mütəllibovun AXC-yə və meydan hərəkatına qarşı belə aqressiv olmasının səbəbləri ona aydındır: “Ayaz Mütəllibovu hakimiyyətdən salan, onu istefa verməyə məcbur edən, təkrar hakimiyyətə gəlişinə əngəl törədən AXC və xalq hərəkatı idi”.

Teleqraf.com

Comments are closed.