KXCP-dən verilən məlumata görə, toplantıda ilk olaraq dünyasını dəyişmiş istiqlalçı deputatlar sayğı duruşu ilə yad olunub. Bundan sonra toplantının təşkilatçısı Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu çıxış edib və bildirib ki, tədbir iştirakçıları mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq, bu problemi müzakirə edəcəklər.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, istiqlalçı deputat Sabir Rüstəmxanlı da PKK probleminin Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıdığını deyib: “Bu məsələnin həlli Türkiyənin gələcəyi, Atatürkün qurduğu ulusun qorunması naminə çox əhəmiyyətlidir, ona görə də Türkiyə bu sahədə qəti və sərt addımlar atmalıdır”. Azərbaycan dövlətinin də PKK-ya ciddi yanaşmalı olduğunu deyən VHP sədri bildirib ki, bu barədə açıq-aydın danışıldığı halda, dövlət PKK-ya etinasız yanaşır: “Bu haqda danışanda da deyirlər ki, erməni məsələsi var, kürdü başımıza bəla etməyin. Başımıza bəla etməyin deyə-deyə, görəcəksiniz ki, başınız yoxdur, üzüblər”.

İstiqlalçı deputat, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxışında bildirib ki, PKK-dan həmişə Türkiyənin əleyhinə, onun inkişafını ləngitmək üçün istifadə olunub, bu, indi də davam edir. Azərbaycanın bu məsələdə mövqeyinə gəlincə isə İsa Qəmbər bildirib ki, Əliyev hakimiyyəti PKK probleminin həlli istiqamətində heç bir addım atmayıb: “İlham Əliyev bu yaxınlarda PKK-nı terror təşkilatı kimi tanıdığı haqda bəyanat versə də, bu, kifayət deyil. Bununla bağlı rəsmi sənəd hazırlanmalıdır”.

İstiqlalçı deputat Firudin Cəlilov isə çıxışında ilk olaraq vurğulayıb ki, parlament PKK-nı terrorçu təşkilat kimi qəbul etməlidir: “Bundan sonra Mili Təhlükəsizlik Nazirliyi Azərbaycanda PKK-ya bağlı mərkəzləri aşkara çıxarıb, sərhəddən uzaqlaşdırmalıdır”. Tədbirin sonunda növbəti toplantıda istiqlalçı deputatların qurumunun yaradılması barədə qərar qəbul olunub.

Digər istiqlalçı deputatlardan Hacıbaba Əzimov isə çıxışında Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbu orqanın PKK-ya xidmət etdiyini deyib: “Hamıya məlumdur ki, ”Diplomat” qəzeti PKK-ya xidmət edir. Lakin “Həftə içi” qəzeti də onların maraqlarına uyğun dərc olunmuş yazılara təkzib vermir. Mən bununla bağlı bir neçə dəfə zəng edib etiraz etsəm də, nəzərə alınmayıb”.

Comments are closed.