“Mənim həyatım ziddiyyətlərin qovşağıdır, ömrüm bir-birindən uzaq görünən qütblər arasında keçib”

Bu ikilik təbii qəbul olunmalıdır. Ona görə ki, insan yerin övladı olduğu kimi, göyün də övladıdır. Qədim türklər özlərini göydən gəlmiş sayırdılar. İsa Muğanna – kökünü qədim sivilizasiyanın son daşıyıcılarında, maraqlarda axtarmaq və bu yolla insanla Tanrı arasındakı vəhdəti yazmaq istəyirdisə, kim buna qarşı çıxa bilər? İsa göydən ün eşitdiyini və bu ünlərlə yazdığını deyirdi. Bunun həqiqət olub-olmadığını dəqiqləşdirmək imkanımız yoxdur, lakin içimizdə peyğəmbərin meracına, yaxud ona göydən vəhy gəlməsinə şübhə yoxdursa, bir istedadlı yazıçının vəhylə yazmasına niyə dodaq büzməliyik? Vəhy də ilhamdır!

Peyğəmbərin özü də Allahın qulu idi, insan idi, amma seçilmiş insan idi. Bir böyük insana vəhy gələ bilirsə, başqasına da ün gələ bilər. İsa Muğannanın yaradıcılığı ədəbiyyat tariximizdə əbədiyyət ömrü qazanmaqdır.

– Türk dünyasının böyük şairlərindən biri olan Mehmet Akif dədəmizdən bir dəfə soruşublar ki, ustad, “İstiqlal marşı”nı yenidən, ikinci dəfə yazmalı olsanız, nələrdən bəhs edərdiniz? Cavabında deyib: “Allah ikinci dəfə bizə o günü göstərməsin”. Yəni biz artıq müstəqilik, müstəqilliyimizin marşı əbədiyyətə hesablanıb və onun bir daha yenidən yazılmasına ehtiyac yoxdu. Bu mənada, əgər siz xalqımızın milli-azadlıq mücadiləsində, necə deyərlər bir ordunun işini görmüş “Ömür kitabı”nıza yenidən qayıtmış olsanız, o kitaba nələri əlavə edərdiniz, nələri yazmaq istərdiniz?

– Mən “Ömür kitabı”nın birincisini yazdım. İkincisi Güney Azərbaycanı haqqında olacaqdı; İrana gedə və bütün güneyi gəzə bilsəm tamamlanardı. İndi onu yazmaq imkanım yoxdur. Ancaq, əslində sonra yazdığım bəzi kitablar da “Ömür kitabı”nın davamıdır.

“Xətai yurdu” – 1988-1991 – Milli azadlıq hərəkatı və onun nəticələri; ötən ilin sonunda nəşr olunan “Dərdə əyilmə” isə son iyirmi beş ildə keçdiyimiz yollar, faciələrimiz, itirilmiş imkanlar və sarsılan ümidlər haqqındadır. Burda romantikadan acı realizmə doğru bir yol var.

İmkanım olsa, bu hərəkatı geriyə çevirərdim, ümidlərimi qıran səhvlərimizdən – qanadlarıma güc verən, keçmişə və gələcəyə bağlı ümidlərin romantikasına doğru. İsa Muğanna xoşbəxt adam idi. Bütün əvvəlki əsərlərinə yenidən əl gəzdirmək imkanı var idi. Mənim o imkanım yoxdur, hətta şeirlərimi də yenidən redaktə eləmirəm. Bu günümü keçmişimə niyə calaq eləyim, o vaxt necə düşünüb yazmışamsa, qoy elə də qalsın. O vaxtkı şəraitlə, nəşr və senzor şərtləri ilə bağlı ixtisarlarım varsa, başqa məsələ, onları bərpa etmək olar…

– Böyük Əli bəy Hüseynzadə “Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəlim, nə kəsdilər dilimi” ağrısıyla yaşayırdı. Düşünürəm ki, bir vətəndaş və sənətkar olaraq bu ağrını siz öz ömürlüyünüzdə sistemli şəkildə dəf edə bilibsiniz, yəni həqiqətin böyüyünü nə qədər ağır olsa da, demək cəsarəti həmişə halal haqqınız olub. Təbii ki, buna gərgin dirəniş, toparlanma, qəlbə düşən çatlar, saça ələnən dən hesabına nail olubsunuz. Belə deyək ki, mən sizə həm də tariximizin önəmli bir parçası kimi baxıram. Eyni zamanda, baxışlarınızın dibində dalğın bir təəssüfün, nisgilin ömür etdiyi də gözdən yayınmır… Bu təəssüfün, nisgilin dillə ifadə edilə biləcək gerçək adı nə?

– Maraqlı sualdır. Mən bu sualın cavabını heç bir maneəsiz, nəticələrini nəzərə almadan verə bilsəydim, gözümə çökmüş o kədər silinərdi. “Qaragilə” adlı şerimdə belə bir misra var: “Döyüş mahnımız da gözləri yaşlı”… Kədər xalqımızın alın yazısı olmaqla yanaşı, geniş düşünəndə, insanlığın əsas ruh halıdır. fəlsəfi baxımından insan bütün ömrünü suallar içində keçirir və heç vaxt da bu sualların hamısını cavablandıra və ya cavablarını dilə gətirə bilmir. Kainatın özü əbədi və cavabsız bir sualdır. Ömür elədir ki, ən böyük sevinclər də kədərlə bitir. Çoxlu suallar doğur burdan və gündəlik həyatından, cəmiyyətlə münasibətlərindən, xalqının taleyindən asılı olduğundan onları dilə gətirə bilmirsən. Bunu deyəndə təkcə siyasi senzoranı və şəraiti nəzərdə tutmuram. İnsanın öz daxili senzorları da var.

Adət-ənənə, əxlaq, din və xurafat senzorları, Allah xofu, düzgün anlaşılmamaq, yaxınlarını zərbə altında qoymaq qorxusu və s. Əslində yazıçılıq, şairlik əvvəldən-axıra müsaidə edilməyən sözün deyilməsi, sirrini hamıyla paylaşmaq, görünən və görünməyən qadağaları yıxmaq sənətidir. Qəzetlərin birində çıxan ilk silsiləmdə “Gözəl” adlı bir şeir də vardı. Qonşu kənddən bir ağsaqqalla atam rastlaşanda “oğlunun şeirlərini gördüm qəzetdə, ciddi oğlandır, de ki, qoy şit şeylər yazmasın, gözəl-mözəl kimi!” Bizim mühitdə öz eşqinin, vurğunluğunun sözlə aşkara çıxarılmasına qeyri-ciddi bir iş kimi baxanlar da vardı. Halbuki o şeirdə qızların yox, ellərin, təbiətin gözəlliyindən söhbət gedirdi. Cəmiyyətə, içində yaşadığın topluma məhkumsan. Avropada normal qəbul edilən və açıq etiraf edilən münasibətlər bizdə başqa cürdür.

Kəndlərimizdə bu günün özündə belə bir-birini sevən iki gəncin bağda-bağatda üz-üzə dayanıb söhbət eləməsi söz-söhbətə səbəb olar. Təsadüfi görüş və mərasimləri nəzərə almasaq, kəndlərimizin mədəni həyatı çox zəifdir. Yasaq, sərhəd – bütün xalqlarda və cəmiyyətlərdə var. Ancaq bizdə vəziyyət daha ağırdır. Özümüz öz həyatımızı zindana çeviririk. Mənasız qadağalar, dedi-qodu, dargözlük, paxıllıq, məsələlərə feodal qafası ilə qiymət vermək – insanımızın gününü qara edən cəhətlərdəndir. Bu, bizim rəsmi qurumlara da aiddir. İdarələr arasında insanların ömrü çürüyür. Məmur nə qədər savadsız, cahil, təsadüfən irəli çəkilmiş birisidirsə, o qədər də kobud, süründürməçi, qanunlara etinasız, insanlıqdan kənar olur. Ona görə də aşağı səviyyəli idarələr millətimizin stress mənbəyinə, dövlətə etimadsızlıq yaradan mühitə çevrilmişdir.

Milli taleyimizlə bağlı çoxlu məsələlər var ki, məhz cahillik nəticəsində yaranıb və cahillik üzündən həll olunmur. Niyə beləyik? Anlamaq çətindir və həyatımızın buna bənzər sualları bizi həmişə düşündürür. Sanki sevgimiz, səmimiyyətimiz zəifləyib. Bütün bunlar milli birliyə və müqavimət gücümüzə də təsir göstərir. Sanki bütövlükdə immunitet çatışmazlığı xəstəliyinə tutulmuşuq. faciələri görə-görə durumu dəyişə, onu aradan qaldıra bilmirik. Ağrının bir kökü budur və görünür dərman hələ uzun müddət tapılmayacaq. Sualın ikinci tərəfi hələ siyasi xarakterlidir. Qarabağ savaşında dünyanın ədalətsizliyi və tarixi gücümüzü itirməyimiz. Azərbaycanın param-parça edilməsi və əlli milyonluq xalqın əlli min dərdi! Kimlərsə bu problemə özünə aid olmayan iş kimi baxa bilər, ancaq normal vətəndaş bu ağrıları hər gün yaşamalıdır.

Sözümlə, əməlimlə, bütün ömrüm boyu Azərbaycanın müstəqilliyi, bütövlüyü, mənəvi yüksəlişi uğrunda mübarizə apardım. Lakin müstəqillik beləmi olmalıydı? Ciddi suallardır! Demək və məsələnin kökünə enmək asan deyil. Mənim həyatım ziddiyyətlərin qovşağıdır, ömrüm bir-birindən uzaq görünən qütblər arasında keçib. Yolun əvvəlində dağlar arasında unudulmuş bir kənd… Bugünkü sivilizasiyanın əlamətləri tənbəl-tənbəl, gözümüzün qabağında gəlib o kəndə, radio, traktor, maşın, poçt, telefon, xeyli sonra işıq, televiziya… hərəsi kənd üçün bir inqilab idi. Amma məhrumiyyətlər, kasıblıq məni sındıra bilməyib, mənən özümü güclü, dövlətli saymışam və kənardan da çox vaxt belə görünmüşdür.

İndi də yolumun bir başında o kənddir, digər başında isə dünyanın bütün qitələri, bütün böyük şəhərləri, zəngin sarayları və hər yerdə dilimin ucunda millətimizin taleyi… Heç nədə güzəşt, yardım görməmişəm: fəhləlikdən başlayıb nazirliyə qədər, kimsənin tanımadığı kənd uşağından – kifayət qədər tanınan bir şöhrət sahibi olmağa qədər – nə qazanmışamsa alnımın təri, əlimin zəhməti, üzümün ağıyla qazanmışam. Taleyimiz iş deyib işə, savaş deyib savaşa getmişəm. Riskli, qılıncın tiyəsində yeridiyim günlər olub.

Amma həmin günləri toy-bayram kimi yaşamışam. Bütün bunların bəhrəsini də görmüşəm. Şükür! İndi daha Moskvanın Ədəbiyyat fondu yoxdur, planlı şəkildə hər respublikanın Yazıçılar İttifaqının təqdim etdiyi kitabları xarici dillərə tərcümə etdirsin, arada vasitəçi olsun. Amma yenə kitablarımız özü yol açır özünə. 20-dən çox kitabım çıxıb xarici dillərdə. Hələ onlarla qəzet-jurnal yazılarını, saysız konfrans materiallarını demirəm. Bunlar da işdir. Havaya sovrulmur ki? Hərdən fikirləşirəm, insan bundan artıq neyləməlidir ki, öz yurdunda rahat, sürprizlər, ədalətsizliklər gözləmədən yaşaya bilsin! Deyə bilmədiyimiz və deyəndə də cavabını ala bilmədiyimiz suallardan biri budur!

– Sizi tez-tez ədəbi gəncliyin arasında görürük. Tövsiyələrinizi dinləmək xoşdu. Belə məqamlarda böyük yazıçımız Mirzə Cəlilin Tiflisdə Əli bəy Hüseynzadə ilə son görüşləri yadıma düşür. Cəlil Məmmədquluzadə o görüşü xatırlayır ki, möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bu sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək”. Necə bilirsiniz, ədəbi mühitimizdə gənc ədəbi qüvvələrin ustada qarşı Mirzə Cəlil sayğısı yetərlidimi?

– Bizi qırx yaşımıza qədər gənc sayırdılar. Bundan gözəl nə ola bilər? Gənc sayıla-sayıla elə gənc də qaldıq. Ruhumuz gəncdir və bu mənada ədəbi gəncliklə arada maneə görmürəm. 21 yaşımdan indi sənin işlədiyin qəzetdə işə götürdülər məni. Düşdüm qocamanların arasına. Heç gənclərlə oturub-durmaq imkanım olmadı. Tez böyüdüm. Onun əvəzini indi çıxıram. “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi-tənqid şöbəsinin müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor olanda zəif yazılara, kitablara yolları qapatmışam. Bunun əzablarını da çəkmişəm, iki dəfə işdən çıxarılmış, sonra haqlı olduğumu sübut edib bərpa olunmuşam. İstedadlı gənclərə qapım həmişə açıq olub. Təkcə gənclərə yox, yaşlı yazıçıların da mübahisəli kitablarının plana salınmasında, nəşrində çox zəhmətim olub.

1985-ci ildən yazıçı dostlarıma elan elədim ki, arxivinizdə nə var, gətirin nəşr edək. Çağdaş yazıçıların arxivindən bir şey çıxmadı. Amma Ordubadinin sovet dövründə nəşr edilməmiş “Qanlı sənələr” əsərini buraxdıq. Xəlil Rza Ulutürk bu təklifimə inanmadı. Mən bir şerinə də toxunulmayacaq, necə istəyirsən düz gətir, dedim və sözümə də əməl elədim. O kitab çıxanda Xəlil xoşbəxt idi və Türkanda dostlarına böyük bir qonaqlıq verdi. İsa Muğannanın “İdeal” romanı da belə nəşr edilmişdir. Asif Atanın bir kitabını ləğv edib, korrekturasını arxivə atmışdılar. Ordan tapıb bərpa etmişəm. Onun da bu barədə mənə minnətdarlıq məktubları var. Gənc şair, nasir və tənqidçilər üçün ilk kitab serialı mənim layihəm idi və bu gün söz sahibi olan bir çox müəllifin ilk kitablarını, neçəsini şəxsən tanımadan, görmədən yalnız əsərləri layiq olduğuna görə nəşr eləmişdik. Bu məsələdə baş redaktor olaraq sərbəst idim.

Nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayevlə dost idik, bir-birimizi yaxşı başa düşürdük və yaradıcılıq işini mənim öhdəmə buraxmışdı. İndi istedadlı qələm sahiblərinə qayğı ənənəsini qardaşım Şahbaz Xuduoğlu davam etdirir və bu baxımdan ondan razıyam. Hamını oxumaq, tanımaq imkanı yoxdur, amma nəşriyyatda bütün qovluqları oxuyurdum. Bir dəfə qapım ehtiyatla döyüldü, gənc müəllif ikiqat əyilə-əyilə “gəlmək olar?” – deyə soruşdu. “Olmaz, – dedim, – çıx, qapını şax, əyilmədən aç gəl! Yazıların yaxşıdırsa, nəşr ediləcək, pisdirsə, yüz dəfə də əyilsən xeyri yoxdur! Qələminə, sözünə güvənən adam əyilməz!” Bu, mənim prinsipimdir. Gənclərə münasibətim o vaxt da beləydi, indi də belədir. Özünə güvənən, qürurlu, qapıları istedadıyla açan gəncləri sevirəm.

Mən çoxuşaqlı ailədə, gur mühitdə, böyük-kiçiyin yerinin bilindiyi möhkəm əxlaq, ancaq fərqli düşüncələr mühitində, belə demək mümkünsə, əsl demokratiya şəraitində böyümüşəm. Millətimizə də böyük bir ailə və gənclərimizə o ailənin övladları kimi baxıram. Sevgi olan yerdə ittiham olmaz; tənqid olar, səhvlərə görə təəssüf olar, amma inkar olmaz! Hətta səhvlər olsa da, məsuliyyətini biz daşımalıyıq. Çünki bizim ardımızca gəlirlər və bizim mühitdə yetişiblər. Gənclərin bizə qarşı sayğısı yetərlidir-yetərsizdir; bu ayrı məsələdir. Bir milyon qaçqınımız var. O ailələrdə doğulan, böyüyən uşaqların aqressiv və qəzəbli olmasını başa düşmək lazımdır; məğlubiyyətlərimizin və faciələrimizin bir səbəbini də yaşlı nəsildə görürlər və müəyyən qədər də haqları var. Onların digər yaşıdları da gözlərini açanda Azərbaycan bir gərginlik içində idi. Bütün bunlar xarakterə də, yazıya da təsirsiz qalmır. Bir vaxtlar biz özümüz də psixoloji burulğandan keçmişik. Buna görə gənclərimizə savaş açmaq yox, qucaq açmaq lazımdır.

Mən bunu həmişə demişəm və yazmışam. Səmimi dialoq olsa, gənclərimiz də bizim durumumuzu anlarlar, hansı işin məsuliyyəti bizim boynumuzdadır, hansı sorunlar bizdən asılı deyil, bunu daha yaxşı başa düşərlər. Zatən vaxt gələcək, özləri də övladları qarşısında cavab verməli olacaqlar. Düzünə qalsa, ədəbi gəncliklə təmasım qəzet və dərgilərdə, Yazıçılar Birliyində, yaxud ali məktəblərdə olduğu qədər geniş deyil. Əlimə düşən və ya bağışlanan kitabları oxuyur və bəzi saytlara baxıram. Elektron şəbəkədə gənclər fəaldır və hadisələri düzgün qiymətləndirirlər. İstedadlı gənclər daha çox bitərəf və müxalifət mətbuata can atırlar, çətinliklərlə üzləşəcəklərini bilsələr də. Səbəbi bəllidir! Gənc yazarların son oxuduğum kitablarından biri Zümrüd Yağmurun “Yağış qadın” romanıdır; üç dəfə soyqırıma məruz qalmış, qırılmış, köçüb getmiş, yenidən geri dönmüş xocalılar haqqında təsirli bir əsərdir. Bir ailənin bir neçə nəsil qadınlarının yaşadığı dəhşətli faciələri qələmə almaq qadın müəllif üçün çətin işdir. Amansızlığı ilə qələmi donduran hadisələrdir; hər adam girişə bilməz bu mövzuya, ancaq həmin faciələrin içindən çıxmış nəsil yazmasa, kim yazacaq Qarabağın romanlarını? Tanıdığım gənclərin çoxu 30-u adlayıblar. Məncə, ədəbi xarakter və yol 30-a qədər müəyyənləşməlidir. Buna görə özünü gənc sayanlarla yox, əsl gənclərə qayğı göstərmək lazımdır.

Bir şeyə əminəm ki, Azərbaycan ədəbiyyatı qısır və ya varissiz qalmayacaq. İstedadlı gənclərimiz var və həmişə olacaq. Sadəcə onların peşəkarlıq məktəbi olmalıdır. Bakı Slavyan Universitetində olan kimi, bu məktəbi nə qədər gənc yaşlarında keçsələr, o qədər yaxşı olar. Bəzi gənc yazarların, ağına-bozuna baxmadan, onların özlərini yox, dədələrinin də müəllimi olmuş yaşlı yazıçılarımıza tərbiyəsiz yanaşmalarını da qəbul etmirəm. Sonra öz qarşılarına çıxar.

– Sabir bəy, sizin örnək ola biləsi ömür yolunuzdan və yaradıcılığınızdan bəhs edən kitabım “Vaxtla zaman arasında” adlanır. O kitabın yazıldığı vaxtdan xeyli zaman keçib. Bu müddət ərzində “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Difahi fədailəri” kimi çox maraqlı romanlarınız, şeir kitablarınız işıq üzü görüb. İctimai-siyasi həyatımızda yetərli fəaliyyətinizi izləmişəm. Və hər dəfə mənə qəribə gəlib ki, vaxtla zamanı gündəlik həyatınızın bu qədər geniş əhatəli fəaliyyət proqramı arasında necə uzlaşdıra, bölüşə bilirsiniz?

– Bu fürsətdən istifadə edərək sənə o kitaba görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Böyük sevgi və ədəbi səriştə ilə yazılmış kitab idi. Sualınıza cavab olaraq bildirim ki, mənim, sənin dediyin kimi, “geniş fəaliyyətimdə” bir neçə zəif nöqtə var. Onlardan biri yazdıqlarımın təbliğidir. Bu işlə heç vaxt məşğul olmamışam, buna vaxtım çatmır. Kitablarım çap olunandan sonra yığılıb qalır, onları, hətta dostlara, ədəbiyyat adamlarına belə çatdıra bilmirəm, kim yanıma gəlirsə, ona bağışlayıram. Amma nə yaxşı ki, sənin kimi dostlar məndən xəbərsiz belə araşdırma aparır, haqqımda kitablar yazırlar: İsa Həbibbəyli, Hüseyn Adıgözəl (Türkiyə), Elşad Səfərli, İbrahim Quliyev, Nəsimi Şərəfxanlı, Sərvaz Hüseynoğlu, Cavanşir Yusifli, Sabir Bəşirov, Qənirə Bəyzadə (2 cildli) üstəgəl Azərbaycanda və Türkiyədə bir neçə dissertasiya işi. Az-az yazıçı haqqında bu qədər yazılıb.

Dostlar sağ olsunlar. Yazdıqları kitablar onların istəyindən doğulub, demək olar ki, hamısı məndən xəbərsiz. Yəni bu sahədəki tənbəlliyimin yerini dostlar doldurur. Ancaq mən dərsliklərdə, ədəbiyyat tarixlərində, bir sıra ədəbi icmallarda ədalətsizliklər də görürəm. Mümkün qədər unutdurmaq, görməzliyə vurmaq!.. “Ömür kitabı”nın o vaxtkı gəncliyimizə təsirini sən də bilirsən! Onda dərsliklərə bu qədər vecsiz yazı salındığı halda, gənclərin yurdsevərlik duyğusunu gücləndirən, qan yaddaşını dirildən o kitabın əlavə oxu siyahısından da çıxarılması anlaşılmaz münasibətdir. Uşaqlarımıza öyrədilənin bir qismi yenə də sosialist dövrünün ədəbiyyatıdır. Milli özünüdərkə xidmət edən əsərlər əvəzinə məqsədi bəlli olmayan ədəbiyyat yer tutur bəzi dərsliklərimizdə. Amma bu soyuq münasibətlər əlimizi işdən soyuda bilməz.

– Ənənəvi sual: “Hansı yaradıcılıq planlarınız var”? Yaradıcılığın plana hesablanmadığını bilsəm də belə, soruşuram…

– Partiya, Milli Məclis, Dünya Azərbaycanlıları Konqresi, səfərlər, görüşlər, millət vəkili qayğıları… Amma hamısının başı üstündə bir yazı masası var. Son illərdə yollarda əlim kağıza çatmayanda telefonuma onlarla şeir yazmışam. Bu da yaradıcılığın yeni bir imkanıdır. Texniki işlərimizə əl yetirən olsa, əlimdə bu qədər yarımçıq yazı qalmazdı. Mən narahat adamam və hər işi özüm görməyi xoşlayıram. İndi hiss edirəm ki, bütün bunlar kənddən gətirdiyimiz sağlamlığın hesabınadır. Onun da axırına çıxırıq… Sənin yuxarıda dediyin siyahını tamamlamaq istəyirəm. Son illərdə “Sunami” adlı fantastik romanım, “Əbədi sevda” şeirlər və “Dərdə əyilmə” adlı publisistika kitablarım nəşr olunub.

“Ömür kitabı” İngiltərədə ingiliscə, “Göy Tanrı”nın birinci hissəsi Almaniyada almanca, “Göy Tanrı” İranda, Özbəkistanda, 3 dəfə Türkiyədə nəşr edilmişdir. Bu yaxınlarda İstanbulun Kültür Sənət yayın evində “Difai fədailəri” romanı çıxdı və iki universitetdə təqdimatı keçirildi. “Ölüm zirvəsi” rusca nəşr edildi. Yəni boş qalmırıq. Yazmaq birinə zülümdür, birinə ləzzət – qanad açmaq, yüksəliş. Mən dünyanın dərdlərindən yazı masasında xilas olur, burda dincəlirəm. Yaradıcılıq planları Koroğlunun Qıratı kimidir, adətən gün işığı görən kimi qanadları qırılır. Ancaq mən nə yazdığımı gizlətmirəm. Qələm dostlarım haqqında yazdığım ədəbi portret tipli yazılarımı və ədəbiyyatşünaslıq silsiləsindən olan məqalələrimi topladığım kitabları çapa hazırlayıram. Çətin yazılan bir roman üstündə işləyirəm. Başqa yarımçıq yazılarım da var.

– Hansısa bir möcüzəylə gənclik illərinizə qayıtmaq mümkün olsaydı, hansı dostlarla, kimlərlə bir arada olmaq istərdiniz?

– Dostlar da tale qismətidir. Ömrüm boyu çox adamla oturub-durmuşam. Daha nə dəyişmək, nə artırmaq, nə də azaltmaq olar. Arası kəsilməyən iş, məşğulluq üzündən dostlarımın sayı o qədər də çox deyil. Zamanı geri qaytarmaq olsaydı, uşaqlarıma, ata-anama daha çox vaxt ayırardım; yayda dağlardan enməzdim.

– Bu an, bax elə bu dəqiqənin özündə hansı şeri oxumaq keçir könlünüzdən?

– Bəzi TV-lərdə hələ də Sovet dövründəki al bayrağa yazılmış şeirlər səsləndirilir. Sizə milli bayrağımız haqqında şerimi təqdim edirəm:

Bayrağım
Başımızın üstündə dalğalan, dev bayrağım,
Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, dostların ürəklənsin!
Bu məğrur ucalıqda tarixin əsintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər,
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əkizləyənlər
Dərindən nəfəs alıb, dincəlsinlər süsündən!
Sənə əyri baxanlar dağlansınlar gözündən!
Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq saçsın yurdun hər bulağına!
Mavi – türklük şərəfim, varlığımız əbədi!
Yaşıl – dinim, imanım! Sevgimizin məbədi!
Qırmızı da al qanım – axdı Vətən yolunda
Əsarət zəncirini qırmaq üçün qolumdan!

Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

Dünən səni cıraraq ayaqlara atanlar,
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq, Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
Sən günəşə qalxsan da bu torpaqdı beşiyin,
Daha sənə əl çatmaz, dursalar da qəsdində!
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

Sərvaz HÜSEYNOĞLU
“Ədəbiyyat qəzeti”

Comments are closed.