“Azərbaycan Türkiyə Evi” (ATEV) türk dünyasının bilriyi yönündə daha bir ilkə imza atdı. May ayının 2-də Opera və Balet Teatrının səhnəsində türk dünyasını təmsil edən sənətçilərin çıxışları dinlənildi.

 

Buna qədərsə…

 

Buna qədərsə düşüncələr vardı. Bu tədbirə qədər keçirilən tədbirlər türk dünyası kişilərinin sözünün tədbiri idi. Görünür, təkcə söz türk vəhdətini ortaya qoymaqda yetərli olmur. Daha bir məqam gəldi. Artıq sözün yox, səsin məqamı başladı. Artıq dil, düşüncə yox, ruh özü danışmağa başladı.

Bu səs məqamı bir az anlaşılmaz idi. Amma tamamilə unudulmuş da deyildi. Tarixin o başından gəlirdi bu səslər. Altaylarda, Tanrı dağlarında, Xakasiyada, Saxada, Türküstan və Uyğurstanda idi bu səslər. Elə oralarda qalmışdılar. Atillanı, Mete xaqanı, Bilge xaqanı, Oğuz oğullarını düşmən qılınc və oxlarından, uğuruszluqlardan qorudu bu səslər. Türk şamanlarının səsləri (duaları) ilə. Qapının Tanrıya açıq vaxtında, hələ Tanrı ilə insan arasına vasitəçilər gəlməmiş. Şaman səslə, sözlə ağrıları, əzabları, bəlaları öz üzərinə çəkdi. Tanrı yanında məqamına görə dözümü adi insanlarla müqayisədə ölçüyə gəlməz idi. İnsanların gözündə adidən adi, sadədən sadə olan bu kimsələr türklüyün mühafizləri idilər. Əsrar sahibi olanlar məqam sahibi olmasa olmaz. Bu tarixə qədərki tarixdir.

Hamıya elə gəldi ki, türk bunları unutdu və xəzinələrini itirdi. Amma xəzinələr şəhərlərdə olmaz, abad yerlərdə olmaz, xəzinələr elə əlçatmaz, ün yetməz, ağılkəsməz yerlərdə olar. Ona görə də türkün ruhu olan səsi dağlarda, qurşların, qurdların səslərində, bəşər sivilizasiyasından uzaq məkanlarda qaldı. Yaxşı ki, oralarda qaldı. Elə qaldı ki, Tanrı verən kimi. Bəşər onun harada saxlandığını bilmədiyi üçün də ona əl gəzdirə bilmədi. Tanrıdan necə bakirə gəlmişdisə elə bakirə də qaldı. 

 

Qərib səslər…

 

Bu səslərə Azərbaycan türkləri bir az qərib, bir az da qəribə yanaşdı. Bu səslər ona yad deyildi, amma yadırğadığı idi. Elə yadırğadığına ğörə də yad idi, qərib idi bu səslər. Səs onu tanıyırdı, o səsin sahibi də onu tanıyırdı. Amma yadırğayan türk onu qərib bilirdi. Bu ritm, bu ahəng onun bu günkü ritmilə uzlaşmırdı. Yox muğam deyildi, mahnı deyildi, heç bir janra uyğun gəlmirdi.

Eyni zamanda əldə tutulan qopuz onun idi. Bu qopuzun müşayətilə ərsəyə gəlirdi bu səslər. Qopuzu tanıdı, amma bu qopuz onun bu gün əlində olan saz da deyildi.

 Tanrıdan gələnə bəşər əlavələr etməmişdi, necə var elə qalmışdı. Qopuz səsə yox, səs qopuza uyğunlaşmışdı. Bu bakirə səslərdə son akkord səsin, ifanın başa çatması yox, ömrün başa çatması kimi, son nəfəsi kimi tamamlanırdı.

Bu qərib səslər ifa sənəti deyildi, şamanların duaları idi. Görəsən, sahibləri bunun fərqində idilərmi? Göz yumulmayana qədər ruh özü belə onun ahənginə uyuşmurdu dəcəl uşaq kimi. Amma elə ki, gözlər yumuldu, ruh özü onu axtardı, o zaman için ah çəkməsi başlar.

“Harada idin? Bəs sən harada idin? Hara qoyub getdiz bizi? Nədən bir dəfə belə arxaya baxaraq nəyi qoyub getdiynizin fərqində olmadınız? Özünüz bizləri unutdunuz, nəsilləriniz isə bizləri və ruhları”. Belə bir təqribi dialoq yaşandı.

Bu qərib səslər dinlənildikcə doğmalaşdı. Elə doğmalaşdı ki, olmayan kimi. Munislik yaşandı. Boz qurdlar gəldilər səhnəyə ulartıları ilə, şamanlar gəldilər könül duaları ilə. Qopuz özü kimi kökləndi və bizləri özünə köklədi.

  Sən demə, dinlədildikcə, qəriblik aradan qalxırmış. Ruhlar qəriblik sərhədlərindən doğmalıq sərhədlərinə keçirmiş. Bu qəriblik sərhədləri dağıldı həmin gün Opera Balet Teatrının səhnəsində.

Tamaşaçıların öncə sakit-sakit, bir qədər də müəmmalı dinlədikləri ritmlərə bir qədər sonra çoşqu ilə yanaşması, onu hərarətlə alqışlması artıq ruhi bağlantının yarandığını göstərdi.

 Gəncəbay qopuzu mizrabla yox, birbaşa əlllərinin təması ilə dilləndirdi. Qopuz barmaqlardakı hikməti alaraq dilləndi. Amma qopuzu Gəncəbayın barmaqları yox,  ruhu çaldı, həm də öz isətdiyi kimi.

 

 Ruhun meydan oxuması

 

Həmin gün türk ruhu meydan oxudu. Sadə, adi və elə sadə, adi olduğu qədər də əzəməti, səmimiyyəti, möhtəşəmliyi ilə. Bu səhnəyə türkün təbiətin bir hissəsi olduğu çağların ruhu hakim kəsildi. Sanki divarlar uçuldu, otaq ölçüləri aradan qalxdı, sanki hamı güllü-çiçəkli, dağlı-daşlı məkanlarda, uçanlardan gəzənlərə qədərki varlıqlar arasında idilər. Şəlalələr də, qar altındakı zirvələr də, yamyaşıl yamaclar da, ormanlar da burada idilər.

Yuliyananın,  (Gülyana) Marinanın (Möminay), İrinanın (Solunay), Çıltısın, Fatmanın (Batma) Sultanın, Saaran Irıanın ifasında bunu təkcə iss etmədik, həm də yaşadıq. O doğma qərib səslər, o adi və möhtəşəm türk ruhu bizləri ora apardı və qaytardı. Türkün bir qədər unudulan övladları o səhnədə idilər. Rus imperiyasının aşağılayıcı adlarla damğaladağı, gözdən salmağa çalışdığı, böyük mədəniyyət sahibi ikən mədəniyyətdən uzaq göstərmək istədiyi türk ölavladları burada idi. Bax, o gözdən-könüldən uzaq qalan türk övladları doğmalıq, əqrəbalıq ortamı yaratdılar. Adı mahnılarla yox, hər gün eşitdiyimiz ritmlərlə yox, məhz həmin doğma qərib səslərlə bu ortamı yaratdılar.

Ruh özü meydan oxudu, türk ruhu altaylardan, Tanrı dağlarından, aşaraq Bakıya gəldi. Özü də necə?

  Ahmet Şafak bəstələrində bu ruhun dinamikliyini yaşatdı. Bu coşdurucu hal və həzz bütün məkana təsirini göstərdi. Gənclərin öz növbəsində A.Şafakı coşdirmağa çalışmaları vu buna nail olmaları bu coşğunun yaşanmaq isətnilməsi məqamı idi və tərəflər bundan imtina etmədilər.

 

Nə qədər doğmayıq?

 

Biz bir-birimizin türk soy-kökündən olduğunu bildik. Amma biz bir-birimizə münasibətdə nə qədər türk ola bildik, günün sualı budur. Lap sadə şəkildə türk olaraq bir-birimizə nə qədər canıyananlıq göstərə bildik? Nə qədər dərdlərimizə şərik olduq? Yəni, bu sualları istənilən qədər uzatmaq olar.

Doğmalaşmanın yolu demə səhnələrdən, keçmirmiş. Əkisnə, həmin səhnəyə gətirilən ruha dönməkdən keçirmiş. Gələnlər o ruhdan ayrılmayıblar, buradakılar o ruhdan uzaq düşüblər. Doğmalıq sərhədi itib. İndi o ruha dönmədən necə doğmalaşaq? Bu da bir sual. Həm də indi ən əsas sual. Görəsən o gələnlər, o ruhu gətirənlər qərib idilər, yoxsa, o ruhdan uzaq düşən bizlər? Kim idi  qərib?

Dünyanın bu başından o başına məkan sahibi olan türkün bütpərəsti də, xristianı da, müsəlmanı da, yəhudisi də var. Deməli, dini-ruhani müstəvi türk üçün birlik müstəvisi deyil. Yalnız öz soykökündə, türklüyündə birlik mümkündür. Bir də Turançılığında. Bəlkə buna görə idi ki, Şəmistan Əlizamanlının az qala  Turançılığın himni kimi səslənən bas-bariton səslə ifa etdiyi “Turan ellər var olsun” bəstəsi hamının diqqətini özünə çəkdi. Bəlkə, bu təmas nöqtəsi elə həmin doğmalıq nöqtəsidir. Bəlkə, elə bundan başlamaq lazmdır türkün birliyi naminə.

Amma bu hipotezlər də yenə “necə” cavabı istər. O doğmalıq, o əzizlik düsturunu tapmaq üçün. Yəqin ki, türk böyüklərimiz “türkləşmək, müasirləşmək və islamlaşmaq” devizində ilk yerə türkləşməyi əsassız qoymayıblar. Ola bilər ki, türkləşmənin zaman-zaman aktual olacağı işarələrini veriblər. Zamanın inkişaf istiqamətlərini görən o türk böyükləri işğalı da, parçalanmaları da, əsarəti də, milli mənəvi dəyərlərdən uzaq salınacağımızı da gördülər. Buna görə də bunun yeganə çarə olan türkçülüyü başa çəkdilər.

Tarixin var olmaq sınağından türklər üzüağ çıxdılar. Tarixin yollarında “batıb” qalmadılar. Zaman onlara, onlar da zamana şahid oldular və zaman şəhidi oldular.

 

  Orda bir yol var uzaqda

 

  Türklərin birliyi də hələ gedilməmiş yoldur. O cığırları da ot basıb. Hələ “el, elat” yoluna dönməyib. Arabir o yolda kimsələrsə görünür, sonra qar yağan kimi əlaqə kəsilən dağ kəndinə dönür və yazın açılması, qarların əriməsi gözlənilir.

Türklük hələ ki, könül istisinə qızınır. Düşüncənin məhsulu olan bir şey ortaya qoyulmayıb. Daha doğrusu ideya ortada var, həmin ideyanı gerçəyə çevirəcək strateji və taktiki gedişlər hazırlanmayıb.

Hələ türk dövlətləri bu yöndə nəzərə çarpacaq addım atmayıb. Türk böyüklərindən İsmayıl Kasıralı demişkən “düçüncə birliyi, dil birliyi, əməl birliyi” yaratmayıblar. Görünür, türk dövlətləri rəhbərlərinin hakimiyyət sevgisi vətən, millət, irq sevgisindən qat-qat üstündür.

Əgər elə olmasaydı, türklər arasında bu qədər qəriblik, bu qədər ayırlıq yaşanmazdı. Türk xalqları arasında mehribanlıq ortamı yaradılması üçün hansısa konkret sistemi hazırlardılar.  Amma təəssüf…. bunların heç biri olmadı.

 

 Hələ görüşəcəyik

 

Hələ görüşəcəyik, hələ bir-birimizi tanıyacağıq. Tanımadan mərifət olmaz ki? Tanımaqsa asan məsələ deyil. Bir-birimizi tanıyanda, məhz bir-birimizi tanıyanda türklüyün həsrəti bitəcək. Tanıyanda! Tanımaqsa bir-birini simaca, vücud olaraq görmək deyil.

Tanımaq daha çətindir. Sənlik, mənlik, bilzik ruhları gəlməyincə, eşqin özü gəlməyincə. Görüşəcəyik, tanımağa isə hələ var.

“Bir ömür sevdaya getdi, mali-səf yol bitmədi” deyirdi böyük Nəsimi. Amma sonuna gəlinəcək… 

Tofiq Türkel

Comments are closed.