Hər həftə fərqli yazarların, şairlərin xasiyyətnaməsini təqdim edən rubrikamızın növbəti qonağı tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrasının professoru Cəmil Həsənlidir. O, dostu, Azərbaycanın xalq yazıçısı, ictimai-siyasi xadimi və millət vəkili Sabir Rüstəmxanlını yazar, dost və insan kimi xarakterizə etdi. 

“Sabir Rüstəmxanlının əsərləri milli ədəbiyyatdır”

Mən Sabir Rüstəmxanlın gənclik illərindən tanıyıram. O zaman hələ tələbə idik və universitetin yataqxanasında qalırdıq. Sabir bəy daim öz dostları – Nüsrət Kəsəmənli, Malik Fərrux, Çingiz Əlioğlu və başqaları ilə yataqxanaya gəlib gözəl şeirlər oxuyurdular. O zaman bir ədəbi mühit var idi və onlar da bu ədəbi mühitin içində idilər. 

Sabir Rüstəmxanlının əsərləri milli yaddaş üzərində köklənib. Milli yaddaşın oyanmasında, hərəkətə gətirilməsində Sabir Rüstəmxanlının böyük xidmətləri, onun əsərlərinin müstəsna rolu var. Xüsusilə Sabir bəyin “Ömür kitabı” Azərbaycanda milli özünüdərk prosesinin yekunu kimi qiymətləndirilə bilər. Təsəvvür edin ki, ötən əsrin 80-cı illərinin axırlarında bu kitab bir milyon tirajla çap olundu və son dərəcə geniş yayıldı. Bu da milli prosesdə, milli-demokratik hərəkatda ədəbiyyatın rolunun necə böyük əhəmiyyətə malik olduğunun əyani təsdiqi oldu. Sabir bəyin onlarla başqa əsərləri var. Məsələn, “Xətai yurdu” adlı bir publisistik kitabı, “Cavad xan” əsəri, “Göy Tanrı” kitablarını qeyd edə bilərəm. Sabir bəyin əsərləri daha çox tarixi mövzulara həsr olunub. Bu tarixi mövzular fonunda vətən, millət, yurd sevgisi öz əksini tapır. Bu baxımdan Sabir Rüstəmxanlının əsərləri sözün tam mənasında milli ədəbiyyatdır. Müxtəlif, fərqli sistemlərdə yaranmalarına baxmayaraq, o əsərlərin hamısı bu gün əhəmiyyətlidir. Sabirin elə bir əsəri yoxdur ki, deyəsən, onu bu gün çap etmək olmaz!


“Xalqın qayğıları ilə yoğrulmuş bir insandır”

Sabir bəy həm də son dərəcə xeyirxah bir insandır. O, istər “Ədəbiyyat” qəzetində ədəbi işçi və şöbə müdiri olan zaman, istər Nəşriyyat rəhbəri işlədiyi, istər nazir olduğu, istərsə də Milli Məclisin deputatı olduğu dövrlərdə elə həmin Sabir bəydir. Onun xarakterində heç bir dəyişiklik yoxdur. Həmin sadəlik indi də özünü göstərir. Sabir bəy ətrafında olan dostlara qarşı çox həssas, son dərəcə diqqətlidir. Bütövlükdə onu daim millətimizin problemləri qayğılandırır. Dəfələrlə mən onun əhalinin vəziyyəti, ədalətsizliyə münasibəti ilə bağlı son dərəcə çılğın çıxışlarını görmüşəm. Bu baxımdan Sabir bəy xalqın içərisindən çıxmış, onun problemləri ilə və qayğıları ilə yoğrulmuş bir insandır. Ədəbiyyatda nə qədər yüksək zirvədə dayanırsa, insani münasibətlərə görə də Sabir bəy bu yüksəkliyi öz fəaliyyətində əks etdirən bir insandır. 

“Çox yaxşı yol yoldaşlığı var”

Şübhəsiz ki, Sabir bəy yaxşı dostdur. Onun dosta qayğısı və sabitqədəm olması, dostluqdan nə maddi, nə də mənəvi təmənna ummaması artıq zəmanənin sınağından çıxmış məsələdir. Biz Sabir bəylə demək olar ki, Yardımlının bütün dağlarında, dərələrin qoynunda olan bütün kəndlərində olmuşuq. Onun çox yaxşı yol yoldaşlığı var. Sabir bəylə harasa səfər edəndə insan özünü çox arxalı hiss edir. Bu baxımdan Sabir bəy əvəzsiz bir dostdur. Onun üçün “dost” məfhumunun arxasında çox böyük məna dayanır. O çalışır ki, bu mənanı doldursun. Həmişə də buna müvəffəq olmağa çalışır. Sabir bəyin çoxlu dostları var. Dostlarının çox olması onun dosta qayğısı və münasibətindən qaynaqlanır. Sabir bəyin yaradıcılığı, həyat fəaliyyəti ilə dostluğu bir-birini tamamlayır.

Comments are closed.