Dilqəm Əhməd

Sabir Rüstəmxanlı haqqında ilk dəfədir ki, yazı yazıram.

Şairi ilk dəfə ötən ilin iyulunda Bəzz yürüşündə daha yaxından tanımışdım.

Dünən isə 65 yaşı ilə bağlı keçirilən yaradıcılıq gecəsində onun haqqında yazmağın vacibliyini qərara aldım.

Qızı Aydan tədbirdə gözəl bir cümlə söylədi: Sabir Rüstəmxanlı kiminə görə millət vəkili, kiminə görə xalq şairi, kiminə görə sadəcə dost, mənə görə isə dünyanın ən gözəl atasıdır.

Doğrudur, Sabir bəyin hər kəsdə fərqli bir önəmi vardır.

Çox insan kimi mən də onu “Ömür kitabı” ilə tanımışam.

Türk dünyasının, Azərbaycanın keçdiyi ömür yolunun kitabı.

Həmin ömür yolu ki, Sabir bəyi də azadlıq mücadiləsinin tam ortasına sürükləyirdi.

Azadlıq mücadiləsinə qoşulmaq onun yaradıcılığının təbii axarı idi.

Bu mübarizə ikinci cumhuriyyətin qurulması ilə sonuclandı.

Ömür yolu yeni dönəmə qədəm basmışdı.

Mücadilə sonucunda müxtəlif dəyərlərin, fikirlərin qarşıdurmasında onları həmrəyliyə dəvət edəcək bir yol.

Şəxsi olaraq mən heç birinə üzv olmadığımdan siyasi partiyaların tədbirlərində iştirak etmirəm.

Səbəbləri kifayət qədərdir.

Amma VHP-nin və ya DAK-ın tədbirlərində imkan daxilində iştirak etməyə çalışıram.

Sabir bəyin gənclərlə görüşündə hər zaman sağlam bir mühit olur.

Fərqli cəbhələrin üzvləri olsa da, Sabir bəy öz ruhuna uyğun ortamı yarada bilir.

Yaradıcılıq gecəsindən öncə təşkil edilən gənclərlə görüşündə Sabir bəyin böyüklüyünü  bir daha anladım.

Sabir bəy, həbs olunan fəalları müdafiəsindən, partiya funksionerlərinə olan münasibətindən, Güney Azərbaycan üçün görülən çalışmalarından, Ramil Səfərovla görüşündən, bütün toplantılarda Azərbaycanın doğru olan səsinin eşidilməsinə çalışmasından danışdıqca sadəcə ömür yolunun bu çağında bunları etməsi insanı dəhşətə salır.

Gəlin etiraf edək. Biz eləyikmi?

İlk uğursuzluqdaca ümidsizliyə qapılır, pillə-pillə görməli olduğumuz işlərin bir anda həyata keçməsi iddiasına qapılır, alınmadıqda suçlamağa bir subyekt tapa bilirik.

Halbuki, dünən tədbirdə maraqlı bir hadisə danışıldı.

Sovet dönəmində Sabir bəyin bir küçənin adınını dəyişdirilməsi üçün göstərdiyi cəhdlər sadalandı.

Dilin saflığının qorunması üçün bir küçənin adınını dəyişdirilməsi həmin çağ üçün mümkün idi, az bir müddətdə bir vətənin dəyişdirilməsi, azadlığı mümkün olmuşdu.

Düşünürəm ki, Sabir bəyin timsalında qarşıdakı hədəflərə çatmanın keçdiyi pillələri öyrənmək gərəklidir.

Ömür yolundan-ölüm zirvəsinə ucalan yolu.

Doğum günün qutlu olsun, şair.

Comments are closed.