Xalq şairi Sabir Rüstəmxanlını deyirik. Sabiq mətbuat və informasiya naziri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, DAK-ın həmsədri kimi xeyli taleyüklü vəzifələr daşıyan Sabir bəy Azərbaycanın müstəqillik qazanmasında müstəsna xidmətləri olan şəxslərdəndir. 1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının təşkilatçılarından və liderlərindən biri kimi dövlətçilik tariximizdə öz möhürünü vuran Sabir bəy müstəqilliyin bərpası üçün ideoloji savaş aparan tək-tük ziyalılardandır. 1989-cu ildə o, Azərbaycanın ilk müstəqil və demokratik qəzeti olan “Azərbaycan”ı yaradıb, klassik jurnalist ənənələrini qoruyub saxlayıb, ona istiqlal arzularını pərçimləyib: “Sevinirəm ki, Azərbaycanın müstəqillik qazanmasında iştirak etmişəm. Sevinirəm ki, Azərbaycanın müstəqillik aktına imza atanlardan biriyəm. Tarix boyu arzuladığımız, hətta o vaxt fantaziya kimi görünən bir işin iştirakçısı olmuşuq. 3 rəngli bayrağımız qayıdıb, dövlət müstəqilliyimiz bərpa olunub. Məncə, bundan böyük xoşbəxtlik olmaz”.
    
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub.
   
1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
   
Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-cı ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib.
   
Bu sırada elmi işlə də məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.
   
   1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilib. 1967-1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.
   
   İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülüb, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırıb. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şeir kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı” “Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.
   
     
   * * * * * * *
     
   1946-cı il mayın 20-si. Bu gün türk kökənli Rüstəmxanlı ailəsində böyük sevinc yaşanır. Nəslin davamçısı, ilk nəvəsi dünyaya gəlib. O nəvə ki, sonradan qol-budaq atıb, ölkənin ən tanınmış adamlarından, milli azadlıq hərəkatının liderlərindən biri olacaq.
   
   …Müharibədən bir əli yaralı qayıdan Xudu kişinin ailəsində bu övlad sevinci daha 13 dəfə yaşanacaq. Balaca Sabir özünün ardınca daha 13 bacı-qardaş gətirəcək. 9 qardaş, 5 bacı. Elə sonradan özü kimi, qardaşları da nəinki Yardımlıda, ölkədə çox populyar olacaqlar.
   
   Uşaqlığını “Lent.az”ın əməkdaşına Sabir Rüstəmxanlı bu cür, xoş ovqatda danışır.
   
   “…Uşaqlığım Yardımlı rayonun Hamarkənd kəndində keçib. Qəribə bir yerdir. Ətraf hamısı dağlardan ibarətdir. Kəndimizdə bir neçə sülalə məskunlaşmışdı. Onlardan da biri bizim Rüstəmxanlılar tayfası idi. Kəndimizin 30-cu illərdə tikilmiş gözəl bir məktəbi var idi. Ağ bina idi. Haradan baxsan, gözə ən birinci çarpan tikili idi. İki ailənin də ilk nəvəsi olmağım mənim böyük bir sevgi mühitində böyüməyimə səbəb olub. Uşaq vaxtı hər kəsin sevimlisi olmuşam. Yayda yaylaqda, qışda qışlaqda yaşamışıq. O yaylaq yollarının uşaqlıq xatirələrimdə xüsusi yeri var. O zamanlar içimə doya-doya çəkdiyim hava indinin özündə də yadımdadır”.
   
   “…Atam müharibədən gələndən sonra ona hərbi hazırlıq müəllimi olmaq təklif eləmişdilər. Hətta o zamanlar kənddə rusca bilən az olduğu, atam da əsgərlikdə rusca öyrəndiyi üçün ona kənd məktəbində rus dili müəllimi işləmək belə təklif edilmişdi. Ancaq təsərrüfatımız böyük olduğuna görə, babam buna icazə verməmişdi. Ata babam ta qədimdən xeyli imkanlı olub. Hətta o zamanlar “kulak” sayılan şəxslər arasında olub. Ancaq deyim ki, uşaqlığım ehtiyac içində keçib. Çünki demək olar ki, bütün nəsil atamın öhdəsinə qalmışdı. Atam son dərəcə güclü adam idi. Həm ruhən, həm fiziki cəhətdən. Gecə-gündüz bizim üçün çalışırdı. O qədər qayğısı var idi, ancaq mən onun bir dəfə fikirdən alnını qırışan görməmişdim”.
   
   “…Uşaq vaxtı kənd yerində ən çox oynadığımız oyun voleybol idi. Uşaqlıqda mənim konstruktorluğa da böyük həvəsim var idi. Məsələn, gəmi düzəldirdim, normal üzürdü. Təyyarə düzəldirdim uçurdu. Bunları o vaxtlar kitablarda göstərilən təlimatlara əsasən hazırlayırdım və alınırdı. Uşaqlıqda nədənsə dəstələrə qoşulan olmamışam. Vaxtımın çoxunu kitab evdə kitab oxumaqla keçirirdim. Hətta anam arada dalaşırdı ki, oxumaqdan gözün kor olacaq, dur, çıx çöldə gəz. Uşaq vaxtından şeirlərim çap olunurdu deyə, kənddə tanıyırdılar məni. Yadımdadır, ilk şeirim kənd yolu haqqında idi”.
   
   …Evin ilk oxuyan uşağı Sabir olub. Deyir, ondan sonra bir yol açıldı deyə, bacı və qardaşları da oxudu. Bacılarının da oxuyub, təhsil almaları üçün evdə çox ciddi inadkarlıq göstərib. Özündən sonrakı 13 uşağın hamısı təhsil alıb. Uşaq vaxtı onun tayları qız ardınca düşdüyü vaxtlarda, o kitab oxuyar, şeir yazarmış. Deyir, mənim hədəflərim böyük idi deyə, qız barədə düşünmürdüm. Ən böyük əyləncəsi ədəbiyyat imiş.
   
   …Babasının evi onun üçün bir universitet olub. Belə deyir. O evdə bütün nəsil yığışar, hər cür mövzuda söhbət edərmiş. Deyir, babamın kefi kök olanda bizə tütək çalardı. Sonradan həmin mənzərəylə bağlı şeir də yazıb.
   
   “…Uşaq vaxtı özümlə bağlı ciddi kompleksim var idi. Mənə elə gəlirdi ki, məni heç kim bəyənməz, heç kim mənə baxmaz. Nə vaxtsa evlənə biləcəyim, çox ağır bir problem kimi görünürdü. Ta ki ilk sevgiyə qədər bu kompleks mənimlə yanaşı olub. O dövrə qədər elə bilirdim ki, mən heç kimə lazım deyiləm”.
   
   
   “Bir dövr oldu, sanki, ilk eşqin pozulmasının intiqamını alırcasına, çılğınlıq elədim”
   
    
   …İlk dəfə 16 yaşında sevib. Onuncu sinifdə oxuyanda. İlk sevgisi çoxlarında olduğu kimi, nakam sonluqla yekunlaşıb. Deyir, o vaxtı düşünürdüm ki, bundan o yanda dünya yoxdur, onu əvəz edə biləcək biri ola bilməz və o olmasa, mən bir daha başqasını sevə bilmərəm. Yaşa dolduqca isə anlayıb ki, həmin fikirlərin hamısı çox sadəlövh yanaşmalar imiş. Həyatın çətinliklərini görməyən gəncin düşüncələri imiş. Şairlərin adətən şorgöz olmaları ilə bağlı deyilən fikirlərin doğru olmadığını deyir və…
   
   “…Həyatımın müəyyən dövründə belə bir çılğın, ipə-sapa satmayan vaxtlar da olub, onda da sən deyən kimi şorgözlük-filan olmayıb məndə. Sadəcə, bir dövr oldu, sanki, ilk eşqin pozulmasının intiqamını alırcasına, çılğınlıq elədim. Tələbə vaxtımda qrup yoldaşlarım həmişə mənə hörmətlə yanaşırdılar. Sonradan bildilər ki, rayonda istədiyim qız var və biz bir-birimizi neçə ildir istəyirik”.
   
     
   Davamçıları Sabir Rüstəmxanlı haqqında
   
   Rasim Qaraca:
  
   
    Sabir Rüstəmxanlı bənzərsiz şair, cəsarətli tribun, çevik diplomatdır. O, bu gün Azərbaycanın gənc qələm sahiblərinə xüsusi diqqət yetirən az-az ziyalılardandır. Özü də bu qayğı təkcə Azərbaycan Respublikasının ərazisi ilə bitmir, onun qapısı Güney Azərbaycandan və eləcə də dünyanın müxtəlif yerlərindən gələn millətin övladları üçün daim açıqdır. Dəfələrlə onun gənclərin qabağına düşüb, müxtəlif instansiyalarda onların problemlərini həll etmək üçün əlindən gələni etdiyinin şahidi olmuşam. Sabir müəllim bu gün Güney-Qüzey ziyalıları arasında körpü olan şəxsdir. Hələ mən onun Türk dünyası ölkələri arasında münasibətlərin dərinləşməsi sahəsində gördüyü işlərə toxunmuram. Əlbəttə, Milli Məclisdə Sabir müəllim kimi ziyalılarımız olmalıdır.
    
   
   Kənan Hacı (şair-nasir):
   
    
    Sabir müəllim yaxşı ədəbiyyat yaratmaqla bərabər, həm də ədəbiyyatın ən yüksək amallarını həyata keçirən bir şəxsiyyətdir. Onun yazdıqları ilə əməlləri, fəaliyyəti bir-birini tamalayır. Bir tərəfdən, o, millətin “Ömür kitabı”nı yazıbsa, digər tərəfdən də o ömrün azadlığı və müstəqilliyi uğrunda mübarizənin əsas liderlərindən olub.
   
   Son illərdə Sabir müəllim xalqımızın qəhrəmanlıq salnamələrini yaratmış şəxsiyyətlərin həyatını, mübarizəsini əks etdirən romanlar yazır. Ədəbiyyatın nə qədər əhəmiyyətli tərbiyəvi rola malik olduğunu nəzərə alsaq, bu kitabların hər birinin millətin övladları üçün məktəb olacağına inanmalıyıq. Biz hamımız belə bir ziyalı ilə fəxr etməliyik.
     
   
   Ad günüm
   
     
   Bəlkə min il yaşlı, on min il yaşlı
   
   Sirli bir mahnının ardınca bu gün.
   
   Dağlara gəlmişəm yalqız, kimsəsiz
   
   Öz doğum günümü qutlamaq üçün!
   
   
   
   Ürək oxuyanın işləri müşkül,
   
   Gözlərdə göz alan dərinlik qalmır
   
   Onsuz da seyrəlir dost məclisləri,
   
   Sözlərdə əvvəlki şirinlik qalmır.
   
   
   
   Tənha zirvələrlə verim baş-başa,
   
   Məni onlar atdı burdan həyata.
   
   Görüm ucaların halı necədi,
   
   Dözə bilirlərmi bu gedişata!..
   
   
   
   Adımı köksünə həkk eləmişdim,
   
   Bilmirəm ağrısı dərindədirmi?
   
   Salam, çinar qardaş, nəğməm darıxır,
   
   Sənin mahnıların yerindədirmi?
   
   
   
   Əgər yerindəsə bir ağız oxu,
   
   Ya da sağlıq söylə köklər eşqinə,
   
   Sən də badəyə dön, ay əlçim bulud,
   
   Qaldırım başıma göylər eşqinə!
   
   
   
   O göl qədəhini qaldır, qoca dağ,
   
   Nuş elə, lap nəfəs kəsəsi olsun.
   
   Mən ömrüm uzunu səni öymüşəm,
   
   Sən də bir ağız de, əvəzi olsun!
   
   
   
   Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
   
   Köhnə dostlarımdı məclisimdə cəm.
   
   Şəhərin səhəri ayıltdı məni
   
   Şəkər bulaqlardan keflənəcəyəm!
   
   
   
   Elə sehr var ki, bu ucalıqda
   
   Ürəyi dəyişir, vaxtı çaşdırır.
   
   Dağlar ad günümə hədiyyə kimi
   
   Ruhumu yenidən cavanlaşdırır.
  

Comments are closed.