Vəkil Əlayif Həsənov martın 18-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında məhbus bloqçu Ömər Məmmədovla görüşüb.

“Media forum” saytına danışan vəkil deyib ki, abunə olduğu qəzetlər bloqçuya çatmır: “Səhhətində heç bir problem yoxdur. Saxlanma şəraitindən narazılığı yoxdur. Amma abunə olduğu qəzetlər ona çatmır. Bu səbəbdən istintaq təcridxanasının rəisi ilə görüşdüm. Rəis qəzetlərin təcridxanaya daxil olmadığını bildirdi. Halbuki “Azərpoçt”  qəzetlərin təcridxanaya göndərildiyini iddia edir”.

Vəkili sözlərinə görə, Ömərin istintaqı yekunlaşıb: “Bir yerdə sənədlərlə tanış olduq. Digər vəkillər də sənədlərlə tanış olduqdan sonra yekun rəy hazırlayıb istintaqa etiraz təqdim edəcəyik. Araşdırılmalı məqamlar var. Həbsdən əvvəl Ömərin atasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması, özündən izahat alınması, noutbukuna baxış keçirilməsi, ondan “Nida” Vətəndaş Hərəkatı ilə əlaqəni kəsməyin, bloqçu kimi fəaliyyətini dayandırmağın tələb olunması qanun pozuntusudur və həbsin siyasi sifariş olduğuna bir işarədir.

Bununla bağlı istintaq araşdırması yoxdur. İnsanları siyasi əqidəsinə görə təqib etmək qanunla qadağan edilmiş bir işdir, cinayətdir. Bu məsələlərlə bağlı vəsatətlərimiz olacaq. Bizim vəsatətlərimizə müsbət cavab verilsə, yəqin ki, istintaq müddəti artırılar və sadaladığım nöqsanlar araşdırılar”.

Ömər Məmmədov yanvarın 24-ü Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb.

1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Əvvəllər “Nida”nın üzvü olub. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib.

Comments are closed.