Martın 24-də narkotik vasitə saxlama ittihamı ilə həbs olunmuş gənc fəal Ömər Məmmədovun həbs olunmasının 2 ayı tamam olur.

Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür. Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hazırda Şüvəlan təcridxanasında saxlanır.

Gənc fəalın şərlənərək həbs olunması ilə əlaqədar Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayaraq bu həbsin gənclərə göstərilən əsassız təzyiqlərin tərkib hissəsi olduğunu bildirmiş, hakim rejimi qanunsuz addımların qarşısını almağa çağırmış və həbsdə olan gənclərin azadlığa buraxılmasını tələb etmişdir.

“Hakimiyyət onun kimi gənclərin ağlından, savadından, dünya görüşündən istifadə etmək əvəzinə, onları həbs edir”

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Ömər Məmmədovun həbsini siyasi sifariş hesab edir: “Ömər Məmmədovun həbsi tamamilə siyasi sifarişdir. Hakimiyyət onu sosial şəbəkələrdəki fəallığına və aktiv siyasi fəaliyyətinə görə həbs edib. Ö.Məmmədovun həbsi gənclərə qarşı başlanan təzyiq və təqibin tərkib hissəsidir. Bunlar hesab edirdilər ki, fəal gəncləri həbs etməklə gənclər hərəkatının qarşısını alıb, başlanan prosesi beşikdə boğacaqlar. Amma yanıldılar. Hərəkat daha da böyüdü ve müsbət istiqamətdə vüsət aldı. NİDA-çıların və müxalifətçi səhifələrin adminlərinin həbsi həmin prosesi zəiflətmədi. Prosesə və siyasətə qoşulanlar daha da çoxaldı. Ömər Məmmədova qəzet verilməsinin qarşısı alınır. Onun kimi savadlı gəncləri bu yollarla yıxa bilməzlər. Ömər Məmmədov çox istedadlı və fəal gəncdir. Hakimiyyət Ömər Məmmədov kimi gənclərin ağlından, savadından, dünya görüşündən istifadə etmək əvəzinə, onları həbs edir. Cünki bunlara ağıllı ve savadlı gənclik yox, kölə və yaltaq gənclik lazımdır. Prosesi də ona doğru aparmaq istəyirlər. Amma bunu bacarmırlar və bacara da bilməyəcəklər. Cünki prosesin önündə Rəşadət, Rəşad, Zaur, Üzeyir, Ömər, Məhəmməd kimi gənclər varsa, mütləq bu ölkədə ədalət zəfər çalacaq”.

“Mən hər kəsdən xahiş edirəm ki, siyasi məhbusları, vicdan məhbuslarını unutmasınlar”

Ömər Məmmədovun atası Elyar Məmmədov oğlunun haqsız yerə həbsdə yatdığını deyir: “Mənim oğlumun heç bir şeyə ehtiyyacı olmayıb. Öz şəxsi mülkimi satıb, onun təhsil haqqını ödəmişəm. Gələcəyi üçün hər bir şeyi həll etmişəm. O, nə edibsə, bu xalq üçün edib. Özü üçün nəsə qazanmağa çalışmayıb. Mənim oğlum haqsız yerə həbsdə yatır. Mən hər kəsdən, əsasən də jurnalistlərdən xahiş edirəm ki, siyasi məhbusları, vicdan məhbuslarını unutmasınlar. Dövlət başçısı da bunlara nəzarət etməlidir. Bu qanunsuzluqların qarşısını almalıdır. Ömərin məhkəmələrində iştirak edə bilməmişəm. Çünki qapalı keçirilib. Bizi içəri buraxmayıblar. Amma oğlumla başqa vaxtlarda görüşmüşəm. Əsasən təhsili ilə bağlı danışmışıq. Mən onun oxuduğu universitetə məktub göndərmişəm ki, təhsilini dondursunlar. Məhkəmə prosesləri hələ də davam edir. Bizim məhkəmələrdən bir şey gözləmirəm. Ümidim Avropa təşkilatlarınadır. Bəlkə onların sayəsində Ömər azad oluna bilər. Çünki onun həbsi sırf siyasi sifarişdir”.

“Ömər Məmmədovun həbsi sırf onun siyasi fəallığı ilə bağlıdır”

Ömər Məmmədovun vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, istintaq yekunlaşmağa doğru gedir: “Nərimanov rayon məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə verdiyimiz vəsatətlər təmin edilməyib. Aydın məsələdir ki, belə də olmalı idi. Çünki bu, siyasi sifarişdir. Ömər Məmmədovun həbsi sırf onun siyasi fəallığı ilə bağlıdır. Bu gündən etibarən biz istintaqın yekunlaşması ilə bağlı vəsatətlər verəcəyik. Mən özüm Ömərlə görüşmüşəm. Onun vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss edir. Artıq özünün sifarişli həbsinə alışıb. Mərd və möhkəmdir. Ümid edirik ki, növbəti proseslərdə hakimlər ədalətli qərar verəcək və Ömər Məmmədov azad ediləcək. Çünki onun heç bir günahı yoxdur”.

Comments are closed.