Xocalı soyqırımı günü Ömərin ad günüdür. Biz ailəsi olaraq, heç vaxt həmin gün qeyd etməmişik. Hər il fərqli günlərdə qeyd etmişik.

İndi Ömərin 20 yaşı tamam olur. 2-ci doğum günüdür ki, həbsdə qeyd edir. 18 yaşı var idi tutulanda. Bu yolu tutanda isə 15 yaşı var idi. Heç vaxt küyə düşmədən, ağılla, öz dərrakəsi ilə nə etdiyini bilirdi. Ona görə də hədələnəndə də ölkəyə qayıtdı. Xaricdəki təhsilinin yarımçıq qala, gənc həyatının azadlıqdan məhrum vəziyyətdə keçə bilməsini gözə aldı və qayıtdı. Həbs olundu, şərləndi, amma heç vaxt sınmadı, həmişə başı dik, alnı açıq oldu. Bizim ona verdiyimiz tərbiyəyə layiq oldu.

Anasının oğluna nə arzuları ola bilər ki?! Tezliklə sağ-salamat azad olsun, yarımçıq qalan təhsilini davam etdirsin, atası ağır xəstədir, bu günlərində onun yanında olsun, qardaşına dayaq olsun.

Xalqına, millətinə layiqli bir vətəndaş olsun. Haqq, ədalət, inşallah, öz yerini tapar. Mənim oğlum 18 yaşında narkotika ittihamı ilə həbs olunub. Gecə-gündüz əlindən kitab düşməyən, ölkəsi uğrunda özünü qurban verə bilən, hələ uşaq yaşlarından maarifçi mübarizə aparan bir gəncin narkotika ittihamı gülüncdür. Narkotiklə tutulan adamın yaxınları utana bilər, amma hazırkı ən gənc siyasi məhbus mənim oğlumdur və bununla yalnız fəxr etmək olar.

Və mən bir ana olaraq, günahsız balama azadlıq arzulayıram. Və onu azadlıqda təbrik etmək istəyirəm.

Müəllif: Təranə Məmmədova

Comments are closed.