İbrahim Quliyev

Dövlət əsasən varlı, imkanlı adamların dəfn xərcini çəkir,  kasıblara isə uzun get-gəldən sonra cəmi 300 manat verilir
Son statistik məlumata görə, Azərbaycanda hər il orta hesabla 50 min adam dünyasını dəyişir. Allah hamısına rəhmət eləsin!  Bu, həm də 50 min nəfərin  ailə büdcəsinin silkələnməsi deməkdir. Təbii ki, “dəfn xərcləri”  hər bir ailənin və onun çevrəsinin durumuna uyğun olur. Yəni kasıbı kasıb kimi, varlını da varlı kimi bu dünyadan yola salırlar. Hələ üstəlik, qəbristanlıqlarda da təbəqələr var. (Bir də deyirlər ki, o dünyada hamı bərabər olur). 
Nə isə…  Beləcə, dünyaya gələn hərbir kəs köçüb gedir… Varlının köçməsində çatmayan təkcə 100 qram olur. Banan, portağal, apelsin, anonas və s. öz yerində. Vay o gündən ki, kasıb ölə. Problem şeyxin idarəsində növbə gözləyən mollalardan başlayır. 
Nəsə, qoy bir az “akkuratnı” danışım. Sratistikaya görə,  bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır.  Dövlət Sosial Müdafiə Fondu isə  mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 isə manat müavinət ödənir. Düzdür, bunun bir «əmması» da var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir. Bu arayış haradan alınmalıdır, onu bilən yoxdur.
Halbuki ölü yiyəsi ən adi yas mərasiminin elə ilk günündə 1000-1200 manat xərcləməli olur. Ən ucuz qəbrıstanlıqda qəbir yeri  isə 300 manat, qəbrin qazılması 100 manat, maşın, ölü yumaq, tabut  təxminən 120 və s. Üstəlik, mağar, çayçı, qadın mollası, kişi mollası. Bir sözlə, hamısı puldur.  Bu halda dövlətin verdiyi  300 manat nəyə yarayır? Heç nəyə….  İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Həsənovun fikrincə, sosial-sığorta üzrə ödəmələrin bir növü kimi müəyyənləşdirilən dəfn xərci reallıqla qətiyyən ayaqlaşmır. O deyir: «Düzdür, hökumət borclu deyil ki, təmtəraqlı yas mərasimi keçirən şəxsin xərclərini ödəsin, amma hökumət aztəminatlı ailələrin bu «yükünü»  azaltmalıdır. Ən yoxsul vətəndaş üçün bu məbləğ 1500-2000  manata başa gəlir. Bunun qarşılığında ödənilən birdəfəlik müavinət bundan 7-8 dəfə azdır».
Rəşad Həsənov düşünür ki, dəfn xərclərinin önlənməsi üçün ölkədə ölüm sığortası proqramları işləməlidir. (Yəni, 20 ildən bəri süründürülə-süründürülə qalan səhiyyə sığortasının o biri variantı) Yalnız bu sığorta növü ilə insanları «dəfn xərci» adı altında  borcla yükləyən  ölüm dəllallarının əlindən qurtarmaq olar.
Qonşu Türkiyədə də yas mərasimi adət-ənənə üzündən ucuz başa gəlmir. Bu ölkədə dəfn xərclərinə bələdiyyə əl uzadır. Məsələn, İstanbulda ölü yiyəsi ancaq bələdiyyəyə yalnız torpaq üçün pul ödəyir. Bələdiyyə cənazə maşınını, mollanı verir, məzarı hazırlayır. Bunlar pulsuzdur. Onu da qeyd edək ki, Türkiyədə yalnız böyük şəhərlərdə torpaq üçün bələdiyyəyə pul ödənir, qalan yerdə bunlar hamısı pulsuzdur. Ancaq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Bakıda qəbir yerləri üçün dövlət rüsumunun Azərbaycan vətəndaşı üçün  63 manat olduğunu desə də,  əslində bu, reallığı əks etdirmir. Ən azı 300 manatdan aşağı qəbir yeri tapmaq mümkün deyil.  Yəni dirilərin olduğu kimi, ölülərin də öz rüşvət borcları var. Dövlət isə əsasən varlı, imkanlı məmurların dəfn xərclərini öz üzərinə götürür, kasıbınkını yox!

Comments are closed.