Sabir Rüstəmxanlı: “Hətta İrandan gəlib Azərbaycan vətəndaşı ilə ailə quranların da burada yaşamasına maneələr yaradılır

İrandakı təqiblərdən can qurtarmaq üçün Azərbaycan Respublikasına üz tutan güneylilər burada da çox duruş gətirmirlər. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Bakıda Güney Azərbaycanla bağlı bir neçə təşkilat fəaliyyət göstərirdi. İndi belə təşkilatlar, demək olar, yoxdur. Təşkilatları yaradanlar isə Güney Azərbaycandan olduğu kimi Quzey Azərbaycandan da mühacirət edib Avropa ölkələrinə, ABŞ-a, Kanadaya sığınıblar. Avqustun 2-də iki güneyli mühacir – Ağrı Qaradağlı və Rəhim Cavadbəyli Azərbaycan sərhədini qanunsuz keçərək Gürcüstana sığınıblar. Güneylilər quzeydən niyə qaçırlar?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Media forum” saytına açıqlamasında deyib ki, Güney Azərbaycandan qaçıb Azərbaycan Respublikasında sığınacaq tapan insanların buradan getməsi İranın təzyiqlərinin nəticəsidir: “İran davamlı olaraq bu məsələdə Azərbaycan Respublikasına təzyiq göstərir, mühacirətə, öz bacı-qardaşlarının, qohumlarının evinə gələn güneyli soydaşlarımızın geri qaytarılmasını tələb edir. Molla rejimi müxtəlif vasitələrlə, hədə-qorxu ilə mühacirət edən həmin adamların Azərbaycanda rahat yaşamasına imkan vermir. Bir ölkəyə gedib oranın vətəndaşı ilə ailə qurub yaşamaq dünyada qəbul olunan haldır. Hətta İrandan gəlib Azərbaycan vətəndaşı ilə ailə quranların da burada yaşamasına maneələr yaradılır”.

Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan Respublikası güneylilərlə bağlı daha ardıcıl mövqe tutmalı və beynəlxalq hüquq çərçivəsində problemlə daha ciddi məşğul olmalıdır. Onun fikrincə, əgər həmin şəxslər öz ölkələrindən çıxıb Azərbaycan Respublikasına üz tutublarsa və burada yaşamaq istəyirlərsə, heç bir halda geri qaytarılmamalıdır.

Sabir Rüstəmxanlı vurğulayıb ki, İrana qaytarılan şəxsləri ağır tale gözləyir. DAK həmsədri problemin həlli üçün təklif irəli sürür: “Güney azərbaycanlılara sığınacaq verməliyik və onlar Azərbaycan Respublikasında qalmalıdırlar. Dünyanın müxtəlif ölkələrindən iş üçün Azərbaycana gəlmiş insanlara iş tapılır, yaşayırlar, onlara ölkədə müvəqqəti yaşamaq haqqı verilir, bəzən də uzun müddət qalırlar, amma Güney Azərbaycandan gələn soydaşlarımıza qardaşlıq edə bilmirik. Müstəqil Azərbaycanın əsas insan qaynaqlarından, işçi qüvvəsindən birincisi güney azərbaycanlılar olmalıdır. Biz onlara qayğı göstərməliyik, onlara bütün şərait yaradılmalıdır. İran rejiminin zülmündən qaçan soydaşlarımıza sığınacaq vermək, təhsil almalarına şərait yaratmaq bizim həm vətəndaş kimi borcumuzdur, həm də beynəlxalq öhdəliyimizdir”.

Güney azərbaycanlıların üzləşdiyi problemləri bir neçə dəfə Milli Məclisdə qaldırdığını xatırladan Sabir Rüstəmxanlı qeyd edib: “Niyə onlara sahiblik etmirik, təhsil almalarına şərait yaratmırıq, qanunda xaricdəki soydaşlarımız üçün güzəştlər nəzərdə tutulduğu halda niyə praktikada bu, həyata keçirilmir? Bu barədə danışmışam, məktublar yazmışam. Amma nəticəsi olmayıb. BMT-nin Qaçqınlar üzrə Komissarlığı da güney azərbaycanlılara ədalətli yanaşmır. Həmin komissarlığın Bakıdakı nümayəndəsi ilə görüşmüşəm. Beynəlxalq aləmdə İrana münasibət çox pisdir. Oradan qaçan güney azərbaycanlılar da bunun zülmünü, əzabını çəkirlər. BMT-nin bu işlə məşğul olan qurumları da başqa xalqların nümayəndələri müraciət edəndə onlara daha asan şərait yaradırlar. Amma güney azərbaycanlılar Azərbaycan Respublikasında illərlə gözləyirlər ki, nə vaxt onlara başqa ölkədə sığınacaq veriləcək. Nə özümüz sığınacaq veririk, nə də BMT onlara sahiblik edir. Beləliklə, gözümüzün önündə bir millət məhv olur, qapılarda qalır”.

 

Comments are closed.