Sabir Rüstəmxanlı Yaşar Nurinin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirdi

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktryoru , xalq artisti Yaşar Nuri vəfat edib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu ölümün Azərbaycan mədənəyyəti üçün ağır itki olduğunu bildirməklə bərabər, mərhumun yaxınlarına və doğmalarına başsağlığı vermişdir. Başsağlığında deyilir: “Yaşar Nurinin ölümü xalqımız üçün böyük itkidir. O, bütün şüurlu həyatını Azərbaycan kinosunun və teatrının inkişafına sərf edən, ölkəmizi xaricdə ustalıqla tanıdan ən istedadlı aktyorlardın idi… Sənətkar ailəsində dünyaya gələn Yaşar lap uşaq yaşlarından özünü televiziyaya, kinoya, teatra həsr etmişdi. Səhnəyə ilk dəfə on bir yaşında çıxan Yaşar ilk gündən tamaşaçıların sevimlisinə çevrilmişdi. Elə həmin yaşda o, dövlət televiziyasında “Yelkən” verilişinin aparıcılarından oldu. Bundan başqa  “Buratino”, “Qaranquş”, “Pioner” kimi uşaq veriliş və teatrlarında da müntəzəm iştirak etdi.

Yaşar aktyorluq sənətini atası, böyük sənətkarımız Məmmədsadıq Nuriyevdən, institut illərində isə tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan öyrənmişdi. O, ustadlarına layiq sənətkar oldu.

Teatr aktyoru olan Yaşar bu illər ərzində əlliyə yaxın bədii filmə çəkilib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur və bundan sonra da qorunacaq.

Yaşar səhnədə həmişə canlı, təravətli idi.  Ötən il onun 60 illik yubileyi qeyd olunarkən mən Yaşarın məhsuldarlığına heyran qaldım. O, eyni vaxtda neçə obraz, neçə tamam fərqli xarakter üzərində işləyib. Yaşar Azərbaycan teatrına onlarla, yüzlərlə əvəzsiz obrazlar bəxş edib. İnanıram ki, onlar bu böyük sənətkarı tamaşaçılarının qəlbində daim yaşadacaqlar. Bir daha Yaşar Nurinin ölümündən kədərləndiyimi bildirir, onun bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”

 

Sabir Rüstəmxanlı

VHP sədri, millət vəkili 

Comments are closed.