“Seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz”. Bu sözləri “Axar.az”a millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir: 

“Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb. Seçicilərin cəmi 46 faizini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz. Böyük ehtimalla növbəti parlament seçkilərində də AKP bu rəqəmlərə uyğun nəticə göstərəcək”.   

Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə kütləvi iğtişaşlarla hazırlaşacaq: “Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək”. 

S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: “Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir”.   

Deputat deyir ki, son dövrlər Türkiyədə baş verən olaylar, nurçulara qarşı təzyiqlər, qarşılıqlı ittihamlar seçki kampaniyası idi: “Bütün bunlar AKP-nin səs çoxluğuna hesablanmış addımlar idi. Seçkiöncəsi baş verən bu hadisələrin nəticələrə çox böyük təsiri oldu”.   

Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir.

Comments are closed.